Azərbaycanda son vaxtlar siyasi motivli hesab olunan cinayət işlərində diqqət çəkən məqamlardan biri tələb olunan və çıxarılan həbs cəzalarının müddətidir. Son bir il ərzində siyasətçilər, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti nümayəndələri ilə bağlı işlərdə 12 ildən 18 ilədək həbs cəzaları verilib və ya tələb olunub.
Ötən il iyunun 23-də Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov dövlətə xəyanət ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edildi. Bundan bir ay əvvəl – mayın 20-də etnik tədqiqatçı və “Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru İqbal Əbilov da dövlətə xəyanət və digər ittihamlarla 18 il həbs cəzası almışdı.
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı isə hədə-qorxu ilə tələb etmə ittihamı ilə bu il martın 11-də 12 il azadlıqdan məhrum edilib.
Bu arada “Toplum TV işi” üzrə təqsirləndirilən şəxslərə qarşı da uzunmüddətli həbs cəzaları tələb olunub. Dövlət ittihamçısı Akif Qurbanov və Ruslan İzzətliyə 16 il, Ələsgər Məmmədli və Əli Zeynalova 15 il, digər təqsirləndirilən şəxslərə isə 13-14 il həbs cəzası verilməsini istəyib.
Son illərdə siyasi motivli hesab olunan işlərdə bu qədər uzunmüddətli həbs cəzalarının verilməsi və ya tələb olunması diqqəti cəlb edir. Hüquq müdafiəçiləri və müşahidəçilər hesab edirlər ki, söhbət ayrı-ayrı işlərdən deyil, cəza siyasətində müşahidə olunan daha geniş tendensiyadan gedə bilər.
Bəs Azərbaycanda siyasi motivli hesab olunan işlər üzrə cəza siyasəti doğrudanmı dəyişib? Əgər dəyişibsə, bu dəyişiklik nədə özünü göstərir və niyə məhz indi baş verir?
Ən ağır cəzalar: dövlət çevrilişi və silahlı qruplarla bağlı işlər
Yaxın tarixə nəzər salsaq görərik ki, Azərbaycanın müasir tarixində siyasi motivli hesab olunan işlər üzrə ən ağır cəzalar adətən hakimiyyətin dövlət təhlükəsizliyinə birbaşa təhdid kimi təqdim etdiyi işlərdə verilib.
Belə işlərdən biri 1995-ci ilin mart hadisələrindən sonra OMON üzvlərinə qarşı açılmış cinayət işləri olub. Həmin ilin martında hökumətlə Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) arasında silahlı qarşıdurma baş verib. Rəsmi məlumatlara görə, hadisələr zamanı onlarla insan həlak olub və yüzdən çox şəxs yaralanıb. OMON rəhbəri Rövşən Cavadov aldığı yaralardan sonra vəfat edib, dəstənin çoxsaylı üzvü isə həbs olunub. OMON-un Qazax bölməsinin keçmiş komandiri Elçin Əmiraslanov, eləcə də Səfa Poladov və Arif Kazımov ömürlük azadlıqdan məhrum ediliblər.
Daha sonrakı illərdə uzunmüddətli həbs cəzaları ilə yadda qalan işlərdən biri də Səid Dadaşbəyli və onunla birlikdə mühakimə olunan şəxslərin işi olub. 2007-ci ildə Səid Dadaşbəyli və daha 14 nəfər cinayətkar birlik yaratma, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə hazırlıq, qanunsuz silah saxlama və digər ağır maddələrlə təqsirli bilinərək 8 ildən 14 ilədək azadlıqdan məhrum ediliblər. Həmin iş üzrə əməliyyatı o vaxtkı Milli Təhlükəsizlik Nazirliyi keçirmişdi.
Misal kimi göstərdiyimiz həm “OMON işi”, həm də “Səid Dadaşbəyli işi” hakimiyyət tərəfindən dövlət təhlükəsizliyi, silahlı fəaliyyət və hakimiyyətin zorla ələ keçirilməsi ilə əlaqələndirilən işlər kimi təqdim olunurdu. Məhz bu səbəbdən həmin işlərdə çıxarılan ömürlük və ya 10 ildən artıq həbs cəzaları istisna hallar kimi qiymətləndirilə bilər.
2010–2020-ci illər: siyasi məhbus kimi tanınan şəxslərə qarşı ittihamlar və cəzalar
2010-cu illərdə Azərbaycanda siyasi motivli hesab olunan cinayət işlərində əsas tendensiya fərqli idi. Bu dövrdə həbslər daha çox dövlət çevrilişi və ya silahlı qruplar ittihamı ilə deyil, ümumi cinayət maddələri ilə aparılırdı. Hüquq müdafiəçiləri bu işləri siyasi motivli hesab etsə də, rəsmi ittihamlar əsasən iqtisadi cinayətlər, narkotik və qanunsuz fəaliyyətlə bağlı olurdu.
Misal üçün, 2014-cü ildə QHT-lərə qarşı cinayət işi çərçivəsində həbs olunan hüquq müdafiəçisi Rəsul Cəfərov 6 il 6 ay azadlıqdan məhrum edilmişdi. Daha sonra 2016-cı ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Həmin il həbs olunan digər hüquq müdafiəçisi İntiqam Əliyev isə mənimsəmə və vergidən yayınma ittihamları ilə 7 il 6 ay həbs cəzası almışdı. 2016-cı ilin martında Ali Məhkəmə onun cəzasını şərti cəza ilə əvəz edərək azadlığa buraxılmasına qərar verib.
2013-cü ildə həbs olunan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə 5 il 6 ay azadlıqdan məhrum edilmişdi. O da 2016-cı ildə əfv sərəncamı ilə azadlığa çıxmışdı.
2015-ci ildə jurnalist Xədicə İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilmişdi. O, mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli bilinmişdi. Daha sonra Ali Məhkəmə bəzi ittihamlara xitam verərək cəzanı 3 il 6 ay şərti həbsə endirib. 2021-ci ildə sınaq müddətinin başa çatması ilə iş üzrə cəza qüvvədən düşüb.
Bu dövrdə siyasi motivli hesab olunan digər işlərdə də oxşar yanaşma müşahidə olunurdu. Müxalif fəallar, jurnalistlər və hüquq müdafiəçiləri əsasən narkotik saxlama, xuliqanlıq, qanunsuz sahibkarlıq və vergidən yayınma kimi maddələrlə ittiham edilirdi. Xüsusilə bəzi dini və siyasi fəalların işlərində də narkotiklərlə əlaqəli cinayət ittihamları geniş tətbiq olunurdu.
Ümumilikdə, 2010–2020-ci illər arasında siyasi motivli hesab olunan işlərdə cəzalar əsasən 5 ildən 9 ilədək dəyişirdi. Uzunmüddətli, 10 ildən yuxarı həbs cəzaları isə nadir istisna hallarda müşahidə olunurdu.
Siyasi işlərdə cəza siyasətində dəyişiklik
Son illərdə məhkəmə praktikası təkcə siyasi motivli hesab olunan işlərdə deyil, korrupsiya, rüşvət, mənimsəmə və vəzifə cinayətləri üzrə də diqqət çəkir. Bu kateqoriyadan olan işlərdə də bəzən ağır ittihamlar irəli sürülür və uzunmüddətli həbs cəzaları verilir.
Ancaq bu işlərə baxdıqda maraqlı bir mənzərə ortaya çıxır. Bir sıra hallarda vəzifəli şəxslər əvvəlcə 8-11 il arası həbs cəzası alsalar da, sonradan Apellyasiya və ya Ali Məhkəmə mərhələsində bu cəzalar əhəmiyyətli dərəcədə azaldılır. Bəzi hallarda isə təqsirləndirilən şəxslər vaxtından əvvəl azadlığa buraxılır.
Bu fonda siyasi motivli hesab olunan işlər üzrə tələb olunan və ya çıxarılan cəzalar diqqət çəkir. Çünki son illərdə jurnalistlərə, siyasətçilərə, ictimai fəallara və tədqiqatçılara qarşı işlərdə 12 ildən 18 ilədək həbs cəzaları verilir və ya tələb olunur. Bu isə bəzi hallarda milyonlarla manatlıq korrupsiya və mənimsəmə işlərində verilən cəzalardan daha ağır görünür.
Beləliklə, son illərin məhkəmə təcrübəsi siyasi motivli hesab olunan işlərdə cəza müddətlərinin nəzərəçarpacaq dərəcədə artdığını göstərir. Bu tendensiyanın ümumi cəza siyasətinin dəyişməsi ilə bağlı olub-olmaması isə ayrıca müzakirə mövzusudur.
Korrupsiya və vəzifə cinayətlərində cəza praktikası
Son illərdə Azərbaycanda korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işləri həm həbs qətimkan tədbirlərinin seçilməsi, həm də yekun məhkəmə qərarları baxımından geniş spektri əhatə edir. Bu işlərdə həm ağır ittihamlar, həm də sonradan dəyişən və yumşaldılan cəza qərarları paralel şəkildə müşahidə olunur.
Məsələn, 5 milyon manatdan artıq dəyərdə siqaret qaçaqmalçılığı işi üzrə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov əvvəlcə həbs edilib, daha sonra Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxıldı. İttihama görə, 5,4 milyon manatdan artıq dəyərdə aksiz markasız tütün məhsulları Birləşmiş Ərəb Əmirlikləri və İrandan ölkəyə gətirilib və istintaq bu əməliyyatlara bir neçə vəzifəli şəxsin də cəlb olunduğunu bildirir.
Həmçinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması kimi ağır maddələrlə cinayət işinin açılıbd və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Korrupsiya və vəzifə cinayətləri üzrə məhkəmə təcrübəsi göstərir ki, ilkin instansiya qərarları ilə sonrakı məhkəmə mərhələləri arasında cəza siyasətində əhəmiyyətli dəyişikliklər baş verə bilir. Məsələn, Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərov 8 il 6 ay azadlıqdan məhrum edilsə də, apellyasiya və kassasiya instansiyalarında cəza 4 il 6 aya qədər endirilmişdi.
Eyni tendensiya Ağstafa və Goranboy rayonlarının keçmiş icra başçısı Nizaməddin Quliyev və onunla birlikdə mühakimə olunan şəxslərin işində də müşahidə olunub. Onun müavini Ramiz Tatarovun cəzası 8 il 3 aydan 6 ilə endirilib, daha sonra vaxtından əvvəl şərti azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxslərin cəzalarında da oxşar azalmalar qeydə alınıb.
2006–2020-ci illərdə Astara və Biləsuvar rayonlarının icra başçısı olmuş Mahir Quliyev 11 il azadlıqdan məhrum edilsə də, Ali Məhkəmə qərarı ilə cəza 8 il 3 aya qədər azaldılıb. O, xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi maddələrlə təqsirli bilinmişdi.
Bu cür nümunələri həddindən artıq çoxdur. Bu işlərin ümumi mənzərəsi ondan ibarətdir ki, korrupsiya və vəzifə cinayətləri üzrə işlərdə həm ittihamların ağırlığı, həm də məhkəmə instansiyaları üzrə cəzaların dəyişdirilməsi geniş diapazonda baş verir. Bir sıra hallarda birinci instansiya məhkəməsinin çıxardığı ağır hökmlər sonrakı mərhələlərdə əhəmiyyətli dərəcədə yüngülləşdirilir.
Siyasi motivli hesab olunan işlərlə müqayisədə isə eyni hüquqi sistem daxilində cəza siyasətinin fərqli kateqoriyalar üzrə fərqli intensivlik göstərdiyi müşahidə olunur — xüsusilə cəza müddətlərinin sərtləşməsi və yumşaldılması arasında paralel dinamika diqqət çəkir.
Beynəlxalq reaksiyanın dəyişməsi və siyasi gündəmin zəifləməsi
Son illərdə Azərbaycanda siyasi motivli hesab olunan işlər üzrə çıxarılan və ya tələb olunan cəzalarla bağlı beynəlxalq reaksiyanın da xarakterində dəyişiklik müşahidə olunur. Əvvəlki dövrlərlə müqayisədə bu məsələnin beynəlxalq siyasi gündəmdə intensivliyi azalıb və daha çox qeyri-hökumət təşkilatlarının bəyanatları ilə məhdudlaşdığı qeyd edilir.
2010-cu illərdə siyasi məhbus hesab olunan şəxslərin həbsləri və məhkəmə qərarları Avropa Şurasında, Avropa İttifaqı institutlarında, Avropa Parlamenti iclaslarında və ABŞ Dövlət Departamentinin hesabatlarında mütəmadi şəkildə qaldırılırdı. Bu dövrdə siyasi işlər həm beynəlxalq təşkilatların sənədlərində, həm də Qərb rəsmilərinin siyasi çıxışlarında ayrıca mövzu kimi yer alırdı.
Həmin mərhələdə ABŞ Dövlət Departamenti mütəmadi bəyanatlarla Azərbaycan hökumətini insan hüquqları pozuntuları, ədalətsiz məhkəmə prosesləri və jurnalistlərin həbsi ilə bağlı tənqid edirdi. ABŞ senatorları və Konqres üzvləri tərəfindən qəbul edilən qətnamələrdə də siyasi məhbusların azad olunması çağırışları səsləndirilir, bəzi hallarda isə hədəfli sanksiya mexanizmlərinin tətbiqi məsələsi gündəmə gətirilirdi.
Eyni zamanda, Avropa Parlamenti və AŞPA çərçivəsində qəbul edilən qətnamələrdə Azərbaycanla bağlı insan hüquqları pozuntuları, ifadə azadlığının məhdudlaşdırılması və siyasi motivli həbslər ardıcıl şəkildə tənqid edilirdi. Bu dövrdə siyasi məhbusların azadlığa buraxılması məsələsi bir sıra hallarda həm siyasi təzyiq, həm də beynəlxalq gündəmin davamlılığı fonunda sürətlənirdi.
Lakin son illərdə bu məsələlərin beynəlxalq dövlətlərarası platformalarda əvvəlki qədər sistemli və davamlı şəkildə gündəmdə saxlanılmaması müşahidə olunur. Siyasi məhbuslar və insan hüquqları pozuntuları ilə bağlı əsas reaksiyalar daha çox beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatları və bəyanatları ilə məhdudlaşır.
Bu dəyişiklik qlobal siyasi prioritetlərin transformasiyası ilə paralel gedir. Xüsusilə Rusiya–Ukrayna müharibəsi, Avropanın enerji təhlükəsizliyi, Orta Dəhliz və regional geosiyasi balans kimi məsələlər Cənubi Qafqazda insan hüquqları gündəliyinin intensivliyini azaldan əsas faktorlar kimi qiymətləndirilir.
Eyni zamanda, Azərbaycanın regional enerji və tranzit sistemində artan rolu fonunda Qərbin siyasi gündəliyində insan hüquqları məsələsinin əvvəlki illərlə müqayisədə daha az mərkəzi yer tutduğu barədə yanaşmalar mövcuddur.
Bunun nəticəsində, siyasi motivli hesab olunan işlər üzrə qərarların beynəlxalq siyasi təzyiq mexanizmləri ilə birbaşa əlaqəsinin əvvəlki dövrlərlə müqayisədə zəiflədiyi barədə qiymətləndirmələr ortaya çıxır. Buna baxmayaraq, AŞPA, Avropa Parlamenti və ABŞ Konqresi səviyyəsində ayrı-ayrı təşəbbüslər, tənqidlər və sanksiya çağırışları tamamilə dayanmayıb, lakin onların intensivliyi və davamlılığı əvvəlki illərlə müqayisədə daha az görünür.
Bir sözlə, son illərdə iki paralel proses müşahidə olunur: daxili cəza praktikalarında sərtləşmə meylləri və beynəlxalq siyasi reaksiyanın zəifləməsi. Bu tendensiyaların uzunmüddətli olub-olmayacağı isə açıq sual olaraq qalır.
Beynəlxalq təzyiq və siyasi məhbuslar məsələsinin dəyişən gündəliyi
Keçmiş siyasi məhbus kimi tanınan jurnalist, siyasi şərhçi Rauf Mirqədirov da hesab edir ki, son dövrlərdə Azərbaycanda siyasi motivli hesab olunan həbslər və cəza siyasəti daha sərt xarakter alıb.

“Son dövrlərdə Azərbaycan hakimiyyəti siyasi qruplara, o cümlədən siyasi məhbuslara, ictimai xadimlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı həbslər həyata keçirir. Bu həbslər nəticəsində uzunmüddətli həbs cəzaları verilir. Minimum cəzalar belə 4 il olur və ümumi müddətlər 8–9 ildən 15–16 ilə qədər dəyişir”.
O bildirir ki, “bu, görünməmiş hökmlərdir” və əvvəllər belə praktika mövcud olmayıb.
Ekspert xatırladır ki, əvvəlki dövrlərdə siyasi məhbusların böyük hissəsi daha qısa müddət həbsdə qalırdı. Onun sözlərinə görə, “biz bilirdik ki, bəzi istisnalarla onlar 2 ildən artıq həbsdə qalmırdılar”. Mirqədirov qeyd edir ki, həmin şəxslər çox vaxt “xarici təzyiqlər nəticəsində ya məhkəmə qərarları, ya da daha çox əfv fərmanları ilə azad edilirdilər”.
Ekspertin fikrincə, hazırda xarici təzyiq də aşağı səviyyədədir və bu sahədə real danışıqlar getmir. O deyir ki, “hazırda siyasi məhbuslarla bağlı heç bir real alver prosesi getmir”.
“Bu məsələ Qərblə Azərbaycan arasında əsas müzakirə mövzusu deyil. Hazırda əsas alver predmeti siyasi məhbuslar deyil, başqa geosiyasi məsələlərdir. Bunlara Cənubi Qafqazın Rusiya təsirindən çıxarılması, Orta Dəhliz və təhlükəsizlik məsələləri daxildir”.
O əlavə edir ki, “söhbət yalnız enerji daşıyıcılarından getmir, ümumilikdə inkişaf və geosiyasi layihələrdən gedir.” Mirqədirov qeyd edir ki, Azərbaycan enerji baxımından həlledici ölkə deyil, lakin tranzit baxımından Orta Dəhliz vacib rol oynayır. Onun sözlərinə görə, “Şimal dəhlizlərinin işləməməsi və Orta Dəhlizin potensialı bu marşrutu Qərb üçün çox əhəmiyyətli edir.” Bu səbəbdən onun fikrincə, insan hüquqları məsələləri arxa plana keçib.
Ekspert əlavə edir ki, Qərbdə belə bir yanaşma formalaşıb: Azərbaycan bəzi geosiyasi maraqlara uyğun davranır və bu səbəbdən insan hüquqları məsələsi sərt şəkildə gündəmə gətirilmir.Onun sözlərinə görə, Azərbaycan tərəfi də bunu anlayır və “özünü rahat hiss edir.”
“Azərbaycan hakimiyyəti də anlayır ki, ciddi təzyiq yoxdur və buna görə daxildə daha sərt davranır. Məqsəd həm də cəmiyyətdə qorxu yaratmaqdır”.
O həmçinin bildirir ki, iqtisadi vəziyyət də bu prosesə təsir edir: “iqtisadiyyat monopoliya altındadır və resessiya sosial gərginliyi artırır.”
Ona görə də Mirqədirov hesab edir ki , sosial etirazların siyasi etirazlara çevrilmə ehtimalı var.
“Gələcəkdə, xüsusilə 2028-ci ildə Avropa Siyasi Birliyinin Bakı sammiti ərəfəsində bu məsələ yenidən gündəmə gələ və siyasi məhbuslar məsələsi alver predmetinə çevrilə bilər”.
Keçmiş siyasi məhbus, hüquq müdafiəçisi Arif Yunus hesab edir ki, Azərbaycanda insan hüquqları vəziyyəti birbaşa Qərbin siyasi reaksiyasından asılıdır.Onun sözlərinə görə, “Qərb təzyiq göstərdiyi dövrlərdə hakimiyyət və şəxsən İlham Əliyev buna reaksiya verirdi”.
Ekspert bildirir ki, son illərdə beynəlxalq siyasi prioritetlər dəyişib.

“ABŞ-də və Avropada əsas diqqət Ukrayna müharibəsinə və Rusiya təhlükəsinə yönəlib, buna görə insan hüquqları məsələləri arxa plana keçib”.
Yunus qeyd edir ki, ABŞ-də də insan hüquqları mövzusuna yanaşma dəyişib. Onun sözlərinə görə, “ABŞ-də Dövlət Departamentində insan hüquqları ilə bağlı struktur dəyişikliklər olub və bu, reaksiyalara təsir edib.”
O əlavə edir ki, hazırda ABŞ üçün bu mövzu prioritet deyil.
Arif Yunusun fikrincə, Avropa müəyyən bəyanatlar versə də, əsas diqqət başqa istiqamətlərdədir. O deyir ki, “Avropa Parlamenti və AŞPA Azərbaycandakı siyasi məhbuslarla bağlı sənədlər qəbul edir”. Amma onun sözlərinə görə, “əsas diqqət Ukrayna, Rusiya və enerji məsələlərinə yönəlib.”
Yunus hesab edir ki, Azərbaycanın enerji resursları və geosiyasi mövqeyi Avropa üçün əhəmiyyətlidir və bu səbəbdən sərt təzyiq mexanizmləri zəifləyib.
Onun fikrincə, “Avropa ölkələri müvəqqəti olaraq Azərbaycan hakimiyyətinə dözməyə məcburdur”.
Ekspert bildirir ki, Azərbaycan hakimiyyəti bu vəziyyəti yaxşı anlayır və buna görə daha sərt davranır. O deyir ki, “hakimiyyət düşünür ki, bu vəziyyət uzunmüddətli olacaq və dəyişməyəcək”.
Yunusun fikrincə, bu yanaşma yanlışdır, çünki siyasi vəziyyət dəyişə bilər. Onun sözlərinə görə, “ABŞ-də və Avropada siyasi dəyişikliklər olduqda əvvəlki təzyiq mexanizmləri yenidən işə düşəcək”.
Beləliklə, konkret çəkdiyimiz faktlara və ekspertlərin dediklərinə əsaslansaq, belə nəticəyə gəlmək mümkündür ki, cəza siyasətində müşahidə olunan sərtləşmə, daxili hüquq tətbiqi praktikası və beynəlxalq reaksiyanın zəifləməsi paralel proseslər kimi ortaya çıxır və bu tendensiyaların uzunmüddətli olub-olmayacağı ayrıca müzakirə mövzusu olaraq qalır.