Ursula fon der Leyenin Bakı görüşü: enerji və sülh ön planda, insan haqları məsələsinə toxunulmadı

Foto: president.az

İyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə həm təkbətək, həm də geniş tərkibdə görüşü keçirilib. Görüşlərdən sonra tərəflər mətbuata birgə bəyanatla çıxış ediblər.

Səfər öncəsi insan haqları və siyasi məhbuslar məsələsinin gündəmə gətirilməsi çağırılsa da, İlham Əliyev və Ursula fon der Leyenin mətbuata açıqlamalarında bu mövzulara toxunulmayıb.

İlham Əliyev çıxışında bildirib ki, Avropa İttifaqı üçün Azərbaycan Cənubi Qafqazda əsas ticarət tərəfdaşlarından biridir. Onun sözlərinə görə, ikitərəfli ticarət dövriyyəsinin əsas hissəsi -70 faizi Azərbaycanın payına düşür.

Prezident əlavə edib ki, Avropa İttifaqına üzv olan ölkələrdən 10-u Azərbaycandan təbii qaz alır və bu tədarüklərin genişləndirilməsi üçün potensial mövcuddur.

O qeyd edib ki, Azərbaycan neft və qazın nəqli üçün infrastrukturun inkişafına ciddi siyasi, diplomatik və maliyyə resursları yönəldib. İlham Əliyev çıxışında Ermənistanla münasibətlərin normallaşmasına da toxunub. Onun sözlərinə görə, faktiki olaraq sülhə nail olunub. 

Ursula fon der Leyen də çıxışını əsasən enerji əməkdaşlığı, regional bağlantılar və Azərbaycan-Ermənistan sülh prosesinə həsr edib.

O bildirib ki, Avropa İttifaqı (AI) Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələri üçün 200 milyon avro qrant ayıracaq.

Onun sözlərinə görə, regionda iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə yönələcək.

“Bu, gələcəkdə 2 milyard avroya qədər dövlət və özəl investisiyanı cəlb edə bilər. Buraya Naxçıvan istiqamətində dəmir yolu, digər infrastruktur layihələri və Bakı limanının inkişafı daxildir”.

Fon der Leyen bildirib ki, Cənubi Qafqazın strateji əhəmiyyəti artıb və Azərbaycanın bu prosesdə mühüm rolu var. O, enerji əməkdaşlığına da toxunaraq deyib ki, Rusiya qazının Avropaya tədarükü dayandırıldıqdan sonra Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynayıb.

“Biz daha geniş əməkdaşlıq sazişi üzərində işləri davam etdiririk ki, Azərbaycanla Avropa İttifaqı arasında ticarət əlaqələri daha da genişləndirilsin. Cənub Qaz Dəhlizi enerji əməkdaşlığımızın uğur hekayəsidir”.

Fon der Leyenin sözlərinə görə, Aİ Azərbaycanın bərpaolunan enerji sahəsində layihələrini və enerji sisteminin Avropa şəbəkəsi ilə inteqrasiyasını da dəstəkləyir.

“Azərbaycan öz enerji sistemini Avropa İttifaqı ilə birləşdirəcək. Bu, əlavə qaz həcmlərinin ixracı üçün də imkan yaradacaq. Mən Azərbaycan və Ermənistan arasında elektrik kabelinin çəkilməsi təşəbbüsünü də alqışlayıram”.

Ursula fon der Leyenin Azərbaycana səfəri ərəfəsində bu ölkədə həbsdə olan bir qrup siyasi fəal və jurnalist ona müraciət edib. Avropa Komissiyasının prezidentindən Bakıdakı görüşlərdə insan haqları, siyasi məhbuslar və media azadlığı məsələlərini gündəmə gətirməsini istəyiblər.

Müraciət müəllifləri bildiriblər ki, Avropa İttifaqı ilə enerji və iqtisadi əməkdaşlıq gündəliyi ölkədəki insan haqları vəziyyətinin arxa plana keçməsinə səbəb olmamalıdır. Onlar həmçinin siyasi məhbusların azad olunmasını tələb ediblər.

Bununla belə, Ursula fon der Leyenin Bakıda keçirdiyi görüşlərdə və mətbuat qarşısındakı çıxışında insan haqları və siyasi məhbuslarla bağlı heç bir açıqlama səslənməyib.

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Ana səhifəSiyasətUrsula fon der Leyenin Bakı görüşü: enerji və sülh ön planda, insan haqları məsələsinə toxunulmadı