Sinnim vücudumu qüruba aparır. Həyatımı xatırlayıram. Yanlış təsəvvürlərimin, tovlanıb inandığım insanların, puça çıxmış ümidlərimin indi bir o qədər də mənası və vəzni yoxdur. Fəqət bir neçə təməl, sarsılmaz məfhumlar qalıb ki, onlarsız, ümumiyyətlə, yaşamağa dəyməz: şərəf və ləyaqət, Vətənə sevgi, əzizlərimin gələcəyi. Heyrətlə görürəm ki, Azərbaycanda yaranmış gerçəklik bu məfhumlar arasında keçilməsi mümkün olmayan sədlər çəkib.
Əzizlərimdən başlayım. Özüm heç, bayaq ərz etdim ki, ömrümü sürüb quruba yaxınlaşıram. Nə sərvətim var, nə də yadda qalası uğurum. Bircə onunla fəxr edirəm ki, şərəf və ləyaqətimi qoruya bilmişəm, nə zərə, nə zora əyilmişəm. Ölümdən qorxmamışam, nəfsimə daim qalib gəlmişəm. Doğma Vətənimdə qərib kimi yaşamışam. Alçaq ataların rəzil “Palaza bürün, elnən sürün” kimi məsləhətinə heç vaxt uymamışam, vicdanımın səsinə qulaq asmışam. Heç vaxt dikgəzən məməli ikiayaqlılar sürüsünün təsirinə düşməmişəm, əksəriyyətin əyildiyi rəzalətə baş əyməmişəm.
Lakin mənim əzizlərim bu Vətənimdə mənim ümid etdiyim kimi şərəf və ləyaqətlə yaşaya biləcəklərmi? Ümumiyyətlə, bu Vətən yaşamaq üçün münasibdirmi?
Mənim nəslim gələn nəslə hansı Azərbaycanı miras qoyur?
Zahirən baxanda, mənim nəslim öz xələflərinə ərazisi kiçilmiş, Qarabağsız Azərbaycanı qoyur. Niyəsini soruşmaq lazım deyil, səbəb çox aydındır: Vətənin “dilbər guşəsi” Qarabağı hakimiyyətə, neftə, rüşvətə, vəzifələrə dəyişdilər. Kim? Böylə bəsit sualmı verərlər? Son otuz ildə hakimiyyətdə oturmuş insanlar, hakimiyyətdə oturduqları illərin sayına mütənasib payda həmin bu cinayətin məsuliyyətini daşımalıdırlar. Fəqət daşımırlar.
Mənim nəslim öz xələflərinə sənayesi dağılmış, elmi-texniki potensialı əməli olaraq məhv edilmiş Azərbaycan verir. Ermənistanda İT sektorunun artıq yarım milyard dollarlıq dövriyyəni aşdığını xatırlasaq, hakim zümrəmizin fərsizliyinə heç bir əlavə sübut lazım deyil.
Mənim nəslim özündən sonra elmə və ədəbiyyata tam yad bir nəsil tərk edir. Məktəb illərimdə sinif yoldaşlarım kitab oxumaq üçün növbəyə durardı, indi əlli gəncə qiraət barədə sual verirəm, yalnız biri nə isə oxuyub. Əllidən biri! Anlayıram ki, Ramiz Ənvəroviçin memarlığı ilə tikilmiş cəmiyyətimiz öz əzəli məqsədinə çatıb, düşünməyən məxluqların əksəriyyət təşkil etdiyi bir mühit yaranıb. Elə bir mühit ki, qanmaz adam qanan adama qəzəblə bağırır: “sus, ədəbsiz!”
Mənim əzizlərim elə bir cəmiyyətə düşüblər ki, həmin cəmiyyətin gələcəyi yoxdur. Riyakarlıqla “imkanlı” adlanan oğru dəstəsi varını da, övladını da xaricə qaçırır.
Sadə insanlardan əvvəl onlar anlayırlar ki, qurduqları bu dövlətin gələcəyi yoxdur.
Onların ardınca bacaran hər kəs Azərbaycandan qaçır. Müxalifət adı ilə, jurnalist-bloger adı ilə, erməni-yəhudu adı ilə bacaran əkilir bu dövlətdən. Qalanlar isə acizanə fəryad çəkib qansız hakim zümrədən əbəs yerə insaf və mürüvvət diləyirlər. Əbəs yerə!
Azərbaycanın çox pulaparan mücəssimələri var: Yevrovijn, Panavropa idman yarışları, İslamiada və sair EKSPOlar… Onların heç birindən xalqımıza və dövlətimizə nəhəng ziyandan savayı bir qəpiklik xeyir gəlməyib.
Hakim zümrəyə seçki elə aparılır ki, oraya düşən “qazanmaq” sözünü “büdcəni talamaq” kimi anlayır. Bir məşhur “oliqarx”ın mülkiyyətində olan 120 şirkətdən biri də gəlirlə işləmir. Lakin bazar iqtisadiyyatında görünməyən möcüzə baş verir, 25 il ziyanla işləyən holdinq müflis olmur. Niyə? Hansı bank peşəkar müflisə borc verir? Heç bir bank vermir. Bəs pul haradandır? Büdcədən. Mükəmməl rüşvət piramidasından.
Dünyada elə dövlətlər var ki, onların borcu illik gəlirlərindən dəfələrlə çoxdur. Hamıya bəllidir ki, onlar bu borcu heç vaxt qaytara bilməyəcək. Vaxtaşırı sələmçilər toplaşıb bu miskin guya dövlətlərin borclarını silirlər.
Bizim də guya biznesmen ərbabımızın xalqdan borc və ya qənimət kimi çaldıqları pullar müntəzəm silinir, guya mücərrəd “büdcə” hesabına ödənir. “Büdcə”nin əsl adı “xalqın pulu”dur. Hakim zümrəmizin müasir zəmanəyə, elmə və dərrakəyə uyğun gəlməyən bivecliyinin maliyyə itkisini xalq ödəyir. 25 ildir ki, ödəyir.
Bu Vətəndə mənim əzizlərim şərəf və ləyaqətlə yaşaya biləcəklərmi? Çətin. Heç vaxt ağlıma gətirməmişəm ki, Vətənimi tərk edim. Lakin indi qəti əminəm ki, bu Vətəndə şərəf və ləyaqətlə yaşamaq hədsiz müşkül işdir. Düşünürəm ki, əzizlərimdə məndə olan səbat və dözüm yoxdur. Onlara heç çəkdiyim cəfaları çəkməyi arzulamıram da. Odur ki, səlamət və dinc yaşamaq üçün başqa məkan axtarmalı olacaqlar. “Cənnət məkan” Azərbaycanı hakim zümrə viranəyə çevirib.
Qəribə viranədir, deyilmi? Zahirən abad, səliqəli, asfaltlanmış, gül-çiçək əkilmiş, divarları qaşınmış və aqlay yapışdırılmış viranə ölkə. Hər şeyi var, bir azadlıqdan başqa.
Baxırsan möhtəşəm Ali Məhkəmə sarayına, üstündə guya “Ədliyyə” sözü yazılıb, oxuyursan “Zülmiyyə”. Üstü mərmər “Milli Məclis”ə yavuqlaşıb anlayırsan ki, bu adın əvvəlində “Anti” çatışmır. Vergilər Nazirliyi nədir? Total rüşvət və qarət nazirliyi. Gömrük nədir? Dinmə verdir, rəsmi qaçaqmalçılıq komitəsidir. Kənd Təsərrüfatı Nazirliyinuin əsl adı “Kəndistan Məzarlığı” olmalıdır, zira bu idarə kəndimizi otuz ildir məhv edir.
Polis. Şərləmə, böhtan, işgəncə, qorxu və vahimə mənbəyi. Dövlətin məchul və qorxunc əzici aləti. İctimai asayişə heç bir aidiyyatı olmayan bir qurum.
Bələdiyyə? Gülünc və rəzil bir görüntü, demokratiyaya ihanə və kinayə.
TV? Əhalinin manqurtlaşdırılması məktəbi, sənətin qənimi, mərifətin düşməni, büdcə pullarını yuyan maşın.
Mətbuat? Ölü can. İnternet? Bloklanıb. Jurnalistlər? Hakimiyyətdən sədəqə yarışına qoşulan məxluqatdan jurnalist çıxmaz.
Məktəb və müəllimlər? Seçki saxtakarlığının ataları və anaları, müti rəiyyət tərbiyəsinin ocaqları.
Səhiyyə? Naziri canının müalicəsi üçün xaricə gedir, sıravi vətəndaşlar da ona baxıb İrana-Turana üz tutur.
Belə ölkə üçün hansı gələcək arzulamaq olar? Gələcək olanın ardı və inkişafı üzərində qurulur. Hansı müsbət mirasımız var ki, onun üzərində əzizlərimiz üçün rahat və münasib bir ölkə quraq?
Mən görmürəm. Müxalifətdən soruşmayın, orada da savadsızlıq hökm sürür. Vətəndaş cəmiyyəti ömrünü bağışlayıb başda Prezident Aparatı olmaqla Ədiyyə və Maliyyə nazirliklərinə.
Ziyalıdan sormayın, hürküdüb qorxudarsınız…
Hakim zümrə dünyaya müraciət edir ki, “Azərbaycana sərmayə qoyun!”
Ha-ha-ha!!!! On beş yaşlı nəvəm öz əl işlərini İnternetdə yerləşdirib, bir neçə xaricinin xoşuna gəlib, bir rəsmi on dollara almaq istəyiblər. Uşaq razılaşıb. Pul göndərmək istəyirlər. Azərbaycan hökuməti vətəndaşımıza xaricdən on dollar almağı qadağan edir.
Nə rəzil, nə həqir bir dövlət qurduq!
Amma etiraf edim ki, həqiqətən millidir! Millətimizə münasib, mütənasib, əyninə biçilib oturan dövlətdir.
Rusiyanın sabiq baş naziri, rus folkloruna dəyərli töhfələr vermiş mərhum Viktor Çermomırdinin sərrat ifadəsi var: “İstədik daha yaxşı alınsın, həmişəki kimi çıxdı”.
Tək Rusiyaya deyil, həm də bizim vəziyyətimizə uyğun gəlir.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.