Avropa Məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib 

Gültəkin Hacıbəyli – Foto: Şəxsi “Facebook” səhifəsindən

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylinin xarici diplomatlarla söhbətinin dinlənilməsi, həmçinin telefon danışıqlarının televiziyada yayılması ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib. 

Sorğuda Hacıbəylinin şəxsi həyatının toxunulmazlığı, məhkəmələrə çatımlılığından bəhs edilən suallar ünvanlanıb.

Bu barədə AzadlıqRadiosu məlumat yayıb.

Gültəkin Hacıbəyli Avropa Məhkəməsinə təqdim etdiyi ərizədə bildirib ki, onun Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi və ailə həyatına hörmət), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqların siyasi və ya gizli məqsədlərlə məhdudlaşdırılmasının qadağan olunması) maddələri ilə qorunan hüquqları pozulub.

O, müraciətində qeyd edib ki, 2019-cu il oktyabrın 8-də beynəlxalq təşkilatlardan birinin əməkdaşı ilə restoranda keçirdiyi görüş zamanı aparılan söhbət, həmçinin oktyabrın 19-da Azərbaycandakı səfirlik əməkdaşı ilə telefon danışığı gizli şəkildə qeydə alınıb və bu səs yazıları oktyabrın 20-də televiziya efirində yayımlanıb. Hacıbəyli vurğulayıb ki, qanunsuz izləmə, dinləmə və materialların yayılması ilə bağlı məsul şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə Baş Prokurorluğa müraciət etsə də, bu addım hər hansı nəticə verməyib.

Hacıbəyli ölkədaxili məhkəmə mərhələlərini başa vurduqdan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub. AİHM-nə təqdim etdiyi şikayətdə o, dövlət qurumlarının danışıqlarını qanunsuz dinlədiyini, gizli şəkildə qeydə aldığını və bu materialları jurnalist Mirşahin Ağayevə ötürdüyünü irəli sürür. 

2019-cu il oktyabrın 20-də “Real TV” kanalında G.Hacıbəylinin ABŞ səfirliyi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin diplomatları ilə telefon danışığını və görüşünün səs yazıları yayımlanıb. Bu kanala istinad edən bir çox başqa media orqanları da həmin səs yazılarını tirajlayıb. Bir müddət sonra “Real TV” səs yazıları yayılan verilişi “Youtube” platformasından silib. Həmin verilişdə M.Ağayev ABŞ-ni Azərbaycanın daxili işlərinə qarışmaqda suçlamış, G.Hacıbəylini “casus” adlandırmışdı.

Ardından ABŞ səfirliyi bəyanat yayaraq Azərbaycanda sabitliyi pozmaqda maraqlı olması haqda ittihamların yalan və absurd olduğunu bəyan etmişdi. 

Ana səhifəSiyasətAvropa Məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib