“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanıldığı Bakı İstintaq Təcridxanasından yazır. Yazını olduğu kimi təqdim edirik:
Avropa Şurasının qitənin 51 həbsxana sistemini əhatə edən 2025-ci il üzrə rəsmi “Space I” hesabatına əsasən, Azərbaycan Avropada məhbus sayına görə ikinci yerdədir. Azərbaycan bu göstərici üzrə həbsxanaları “tam doluluğa yaxın” olan ölkələr sırasında göstərilib.
Həbsxanalarda bir dəfədən artıq həbs edilmiş şəxslərin sayı gözardı edilməyəcək qədər çoxdur. Bu fenomen residivizm adlanır, yəni bir şəxsin cinayət törədib cəzasını çəkdikdən sonra yenidən cinayət törətməsi deməkdir. Lakin bu fenomeni sadəcə fərdin “çürük” olması ilə əsaslandırmaq dövlətin öz öhdəliklərini kənara çəkməsinə yol aça bilər.
“Həbsxana islahat kimi uğurlu modeldirmi”, “dövlət siyasəti bunun qarşısını almaq üçün yetərli addımlar atırmı”, sualları bizi ətrafında düşünməyə vadar edir.
Araşdırmalara görə, residivizmin əsas səbəblərindən biri təhsilsizlik və imkansızlıqdır. Söhbətləşdiyim residivist məhbusların əksəriyyəti də durumu yoxsulluqla əlaqələndirirlər:
“Heç cür iş tapa bilmirdim. Axırda qanunsuz şəkildə xərçəng xəstəliyi olan xəstələrə psixotrop maddələr satmağa başladım və həbs olundum. Bir dəfə bura düşdünsə, qara quyu kimi hər dəfə adamı özünə çəkir.” — İkinci məhkumluğu olan kişi məhbus gileylənir.
Residivizmin digər əsas səbəbi kimi həbsxananın islah deyil, cəza vasitəsi kimi istifadə olunması görünür. Beynəlxalq hesabatlarda da bildirilir ki, Azərbaycan həbsxanaları insanlara fərdi yanaşma qoymur, hər kəsə uyğun islah planlaması yaratmır.
İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (CPT) 2022-ci ildə keçirdiyi monitorinq zamanı bu mexanizmin mövcud olmadığını müəyyən edib. Məsələ burasındadır ki, eyni problem 2020-ci ildə aparılan monitorinqdə də aşkar olunmuşdu.
“Nümayəndə heyəti əvvəlki yoxlamaya bənzər olaraq, məhbuslara yanaşmanın fərdi ehtiyac və risk qiymətləndirilməsi deyil, cəza planları əsasında aparıldığını, azad olunmağa hazırlığın isə demək olar ki, sıfır səviyyəsində olduğunu qeyd etdi”, — CPT hesabatı, Azərbaycan, dekabr 2022.
İstintaq təcridxanalarının daxili intizam qaydalarının 5.10-cu maddəsinə əsasən, həbs edilmiş şəxslər kameralara onların yaşı, cinsi, əvvəlki məhkumluğu və səhhəti nəzərə alınmaqla yerləşdirilir.
Eyni qaydaların 5.11.3-cü maddəsində isə qeyd olunur ki, ilk dəfə cinayət törətmiş şəxslər əvvəllər azadlıqdan məhrumetmə yerlərində cəza çəkmiş şəxslərdən ayrı saxlanılmalıdırlar.
Lakin təcrübədə bu müddəalara əməl olunmur. Daha çox məhbusun iqtisadi göstəricilərinə və saxlanılacağı kamerada digər dustaqların onu qəbul edib-etməyəcəyinə baxılır. Bu da fərdi yanaşmanın olmadığını sübut edir.
Sosial adaptasiya problemləri
Məhbuslar azadlıqda adaptasiya problemləri yaşadıqlarını dilə gətirirlər.
“Bu, üçüncü həbsimdir və həbsxana məni heç islah etməyib. Əksinə, daha da cinayətə meylli edib. Həbsdən çıxandan sonra hər şey mənə çox çətin gəlirdi. Yaxınlarımla dil tapa bilmirdim, əlimi hara qoyanda belə, elə bilirdim səhv qoyuram.” — Kişi məhbus azadlıqdakı çətinliklərdən danışarkən deyir.
Dünya şöhrətli psixoloq, sosial öyrənmə nəzəriyyəsinin banisi Albert Bandura bildirir ki, insan davranışı böyük ölçüdə sosial mühitin təsiri altında formalaşır. Onun konsepsiyasından yola çıxsaq, həbsxanada cinayətkar alt-mədəniyyəti ilə dərin ünsiyyətdə olan şəxs üçün norma anlayışı dəyişir. Azadlığa çıxanda isə o, çox zaman həmin mühitə qayıdır, çünki başqa mühiti yoxdur.
“Azadlıqda kimlə danışsam, özümə uyğun birini tapa bilmirdim. Uzun müddət həbsdə qalmışdım, çıxandan sonra kriminal aləmin qaydaları ilə yaşamağa başladım. Çöldə məni heç kim başa düşmürdü. Həbsdə isə mənim kimilər çox idi. Onlar arasında bir hörmətə sahib idim. Azadlıqda isə özümə yer tapa bilmirəm” — Üçüncü həbsini yaşayan kişi məhbus söyləyir.
İşgəncə və pis rəftarın təsiri
İşgəncə və pis rəftar islahı qeyri-mümkün edən amillərdəndir. Bu davranışa elə tutulduğun gündən, polis müəssisələrində məruz qalırsan, zənciri isə həbsxana tamamlayır. Cəzasızlıq mühiti islah həlqəsini sıradan çıxarmağa yetərli, hətta ən vacib səbəbdir.
İnsan ləyaqətinin davamlı alçaldılması fərddəki dəyişiklik hissini məhv edir.
Hüquqi təminat
“Mən ikinci dəfə tamamilə günahsız olaraq həbs edilmişəm. Amma eyni maddə ilə, eyni cinayətlə bir dəfə qeydiyyata düşdükdə, o ad sanki üstünə yapışır. İkinci dəfə də eyni cinayətlə ittiham ediləndə, günahsız da olsan, heç kimi inandıra bilməzsən. Bunun qarşısını almaq üçün istintaq orqanları ədalətli işləməli, onların fəaliyyətinə nəzarət edilməlidir” — ikinci həbsini yaşayan qadın məhbus bildirir.
Residivistlər arasında “yükləndiyini” iddia edənlər də kifayət qədər çoxluq təşkil edir. Bəziləri əvvəlki cinayətləri törətdiyini desə də, hazırda ittiham olunduğunu qətiyyətlə inkar edirlər. İttiham aktlarına baxdıqda prosessual pozuntuların çoxluğu bu ehtimalın inandırıcılığına işarə edir.
Həbsə düşmüş insanlar təkcə cəmiyyət tərəfindən “damğalanmış” sayılmır, həm də hüquq-mühafizə orqanlarının qara siyahısına düşürlər. Azərbaycanda hüquqi təminatları zəif olan ölkələrdə “günah keçisi” olmaq üçün belə şəxslər ideal namizədə çevrilirlər.
“Tez-tez eşidirdim ki, kimsə polisə düşəndə ‘bizə adam ver’ tələbi ilə qarşılaşır. Adam vermək həmin insanı həbsdən sığortalayırdı. Həmin adam isə imkanlı olmalıdır ki, polislər onu soysunlar. Həyat elə gətirdi ki, mən də həmin insanlardan oldum. Məni ailəmlə təhdid etdilər ki, etiraf videosuna çəkilim. Adam verməyi, kimisə satmağı özümə sığışdırmadım“— Dördüncü həbsini yaşayan kişi məhbus qeyd edir.
Ədalət mühakiməsinin tənəzzülü
Şəxsin təkrar cinayət törətməsi əslində çox da təəccüblü gəlməməlidir. Çünki Azərbaycandakı ədalət sistemi tamamilə məhv edilib. Həbsxanada olduğum müddətdə “günahım yoxdur, məhkəmədə bunu sübut edib bəraət alacağam” yaxud “bir daha bura düşməməyə çalışacağam” kəlməsini heç kimdən eşitməmişəm. Bir ildən çoxdur, həbsxanada ancaq bu sözlərlə qarşılaşıram: “İş danışmaq üçün “makler vəkil” və “yaxşı hakim” lazımdır”.
Makler vəkil – hakimlə müvəkkilin işini danışmaq üçün pul (rüşvət) məsələlərini yoluna qoyan “müdafiəçidir”. “Yaxşı hakim” ifadəsini səhv başa düşməyin, ədalətli qərar verən hakimə deyilmir. Yola yaxın duran, dodaq uçuqlatmayacaq məbləğ deyən hakimə deyilir. Rüşvətlər maddənin ən minimum həddinin verilməsinə, maddənin daha yüngül bəndinə tövsif edilməsinə, şərti cəzaya, ev dustaqlığı kimi imkanlar əldə etmək üçün sərf olunur.
Təcrübədə bəraət hökmlərinin verilməsi az görünən haldır. Çünki avtoritar rejimlərdə hüquq-mühafizə orqanlarının qüsurlarını etiraf etmək “diktatura mükəmməliyyətçiliyini” pozur.
Şəxs cinayət törədirsə, islah olunmaq barədə düşünmür. Bütün ağlı-fikri yana-yaxıla pul tapmaqda, “yaxşı hakim” və makler vəkil axtarışında olur. Maraqlı nüans da budur ki, bu makler vəkillərin nömrəsini hər həbs olunmuş şəxsin telefon kitabçasında tapmaq mümkündür. Dustaqlar onların əlaqə vasitələrini əlbəəl paylaşırlar.
Həbsxananın cinayətdən çəkindirmək üsulu kimi yaxşı vasitə olduğuna inanmıram. İnsanlar təhsilsizlikdən, savadsızlıqdan o qədər kütləşdirilib ki, həbsxanadan içəri girəndə bir libas kimi bütün haqq və hüquqlarını soyunduqlarını düşünürlər və özlərini bu çürük sistemə təslim edirlər.
Azadlıq mərhələsi
“Həbsxanada 8 il 6 ay keçirdikdən sonra azadlığa çıxdım. Hamıya yad hiss edirdim. Ətrafım, yaşıdlarım həyatda nələrəsə nail olmuşdu, mən isə yerimdə sayırdım. Cəmiyyət məni yad bir cisim kimi “qusmağa” çalışırdı. Buna çox dözə bilmədim və yenidən həbsə qayıtdım” — İkinci məhkumluğunu yaşayan kişi məhbus qeyd edir.
Kriminologiyada azad edilmə sonrası ilk 6 ay ən yüksək residivizm riski daşıdığı dövr kimi müəyyənləşdirilir. Bu dövrdə şəxsin qalacaq yerə, işə, sosial dəstəyə, psixoloji yardıma çatımlılığı varsa, cinayətə qayıtma ehtimalı kəskin azalır. Azərbaycanda isə bunun üçün davamlı dövlət dəstəyi yoxdur. Həbsdən çıxmış şəxs taleyin ümidinə buraxılır.
“Çöldə qalmağa bir evim yoxdur, ailəmdən sadəcə qardaşım həyatdadır. Özümü həbsxanada daha rahat hiss edirəm. Çöldə olmaq əziyyətlidir, pul qazanmaq lazımdır, məhkumluğumla isə bu mümkünsüzdür. Həbsdə başımı daha rahat dolandıraram, buranın hər şeyinə bələdəm” — Həyatının 26 ilini həbsdə keçirən 54 yaşlı kişi məhbus bildirir.
Residivizmlə bağlı Azərbaycanda şəffaf statistika mövcud deyil. Dünyada yalnız 33 ölkənin residivizm bazası mövcuddur ki, bunun olmaması da bu fenomenlə mübarizəni mümkünsüz hala gətirir.
Alternativ cəzalandırma formaları
Az ağır cinayətlər üçün həbs əvəzinə cərimə, ictimai iş, şərti cəza, xüsusilə narkotikə görə cinayət törətmiş şəxslərin reabilitasiyası tövsiyə olunur.
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı baxdığı işlərdə (“Fərhad Əliyev Azərbaycana qarşı“, “Allahverdiyev Azərbaycana qarşı” və “Anar Məmmədli” qrupu və s) Azərbaycanda həbs qətimkan tədbirlərinin daha intensiv tətbiq olunduğunu qeyd edir. Məhkəmə daha yüngül qətimkan tədbirlərindən istifadə olunmasını da tövsiyə edir. Çünki həbs ən son çarə olmalıdır.
Norveç, İsveçrə, Finlandiya dünyanın ən aşağı residivizm göstəricisinə malik olan ölkələridir. Bu ölkələrdəki model insan ləyaqətini əsas götürür. Məhkumun azadlığa keçidi üçün hazırlanan kiçik qruplar sistemini tətbiq edir, peşə və sosial bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. Azərbaycanda isə şərti azad etmə, əfv, amnistiya, probasiya sisteminin tətbiqi residivizmlə mübarizə metodu kimi göstərilsə də, bu sahədə beynəlxalq qurumların hesabatları sistemdə ciddi nöqsanların olduğunu aşkara çıxarır.
Ədalətin bərqərarı
Kriminalistlər də qeyd edir ki, cinayətin əsas sualı “cinayətkara nə cəza verilsin?” deyil, “nə pozuldu və onu necə bərpa etmək olar?” olmalıdır. Təəssüf ki, Azərbaycan həbsxanaları nəinki islah edir, yeni cinayətlərin törədilməsinə zəmin yaradır. Çünki ölkədəki həbsxanalar cəzalandırma məntiqinə uyğun qurulub. Bu da islah fəlsəfəsinə yaddır.
Həbsxanadakı müşahidələrimiz göstərir ki, avtoritar dövlət üçün şəxsin islah olunması prioritet deyil. Məhkumluğu olmuş şəxslər artıq cəmiyyət üçün yararsız hesab olunurlar. Avtoritar rejimlərə görə, sındırılmış, mütiləşdirilmiş, şəxsiyyəti yox edilmiş insanları idarə etmək daha asan başa gəlir.