Ukraynanın dron hücumundan sonra Moskvanın dörd hava limanı müvəqqəti olaraq bağlanıb, 500-dən çox uçuş ləğv edilib və ya təxirə salınıb. Məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) yayıb.
Rusiya hakimiyyət orqanları bildirib ki, Moskva səmasında 180 Ukrayna dronu vurulub. Müdafiə Nazirliyi iyunun 18-də açıqlayıb ki, hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkənin müxtəlif regionları üzərində ümumilikdə 555 Ukrayna dronunu məhv edib.
Hücumun əsas hədəflərindən biri paytaxtın cənub-şərqində, Kapotnya rayonunda yerləşən Moskva Neft Emalı Zavodu olub. Zavodun ilkin neft emalı qurğusunda və yanacaq rezervuarlarında böyük yanğın baş verib.
Vurulan dronların qalıqları “Sadovod” bazarının ərazisinə və “MEGA Belaya Dacha” ticarət mərkəzinin damına düşərək yanğına səbəb olub. Yaşayış infrastrukturuna gəldikdə isə, Jukovski şəhərində dron çoxmərtəbəli yaşayış binasına çırpılıb, Lyuberçı, Çexov, Pavlovski Posad və Elektrostal rayonlarında da mülki evlərə ziyan dəyib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun bildirdiyinə görə, hücum nəticəsində 3 nəfər həyatını itirib, 2-si uşaq olmaqla 17 nəfər isə yaralanıb.
Jukovski şəhərində isə binaya zərbə zamanı bir qadın yüngül qəlpə yarası alıb. Eyni gecə Rusiyanın Rostov vilayətinə də hücum edilib və orada da rəsmən 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı təsdiqlənib.
Hücuma cavab olaraq Rusiya Müdafiə Nazirliyi Ukraynanın yanacaq-energetika obyektlərinə zərbələr endirdiyini bəyan edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu kütləvi hücumu bir neçə gün əvvəl Kiyev-Peçersk Lavra monastırına edilən rus zərbələrinə “ədalətli” cavab adlandırıb.
“Biz bu müharibəni istəmirik və heç vaxt istəməmişik. Amma Ukrayna yanırsa, sizin Moskvanız da yanacaq”, – Zelenski deyib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb. Hələ də davam edən müharibə nəticəsində hər iki tərəfdən yüz minlərlə insanın həlak olduğu bildirilir.