Ukrayna ABŞ-ın yardımını Rusiyanın hərbi büdcəsi ilə müqayisədə böyük məbləğ saymır

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi. Foto: evan_huang/shutterstock

Podolyak daha çox silaha ehtiyacları olduğunu deyir

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak ABŞ Konqresinin Ukraynaya 61 milyard dollar yardım paketini Rusiyanın hər il hərbi texnikaya xərclədiyi vəsaitlə müqayisədə nəhəng məbləğ saymayıb.

Bu barədə Mixail Podolyak “Meduza” nəşrinə danışıb.

O deyib ki, Rusiyanın müharibəyə xərclədiyi pulu nəzərə alsaq, 61 milyard dollar Ukraynanın silah defisitini tamamilə ödəyəcək nəhəng məbləğ deyil:

Rusiyanın ümumi illik büdcəsi təxminən 250-320 milyard dollardır. Bunlar birbaşa və dolayı ayırmalar, Şimali Koreya kimi ölkələrdən maddi-texniki yardımın tərkib hissəsi kimi tədarüklərdir… Ona görə də burada qüvvələr paritetindən danışmırıq. Ancaq indi Amerika və Avropanın daha böyük paketləri var və onlar indi əvvəlki illərlə müqayisədə daha ədalətli görünürlər. ABŞ yardımının ayrılması faktının özü göstərir ki, ukraynayönlü koalisiya tam şəkildə qorunub saxlanılıb və fəaliyyətini davam etdirir. Bu, son dərəcə vacibdir”.

Yardım paketinə hansı silahlar daxil olacaq?” sualına cavabında Podolyak deyib ki, onlar xüsusi silah kateqoriyalarına üstünlük verirlər: bunlar mərmilər, uzaqmənzilli raketlər, raketdən müdafiə sistemləridir.

Onun sözlərinə görə, Ukraynaya böyük miqdarda silahlar lazımdır:

“Təkcə “Patriot” yox, digərləri də. Bundan əlavə, aviasiya sistemləri, elektron tıxanma sistemləri, dronlar üçün komponentlər və ya dronların özləridir. Cəbhə xəttində gördüyümüz çatışmazlıqları nəzərə alsaq, bütün bunlar bizə çox böyük miqdarda lazımdır”.

Mixail Podolyak. Foto: https://www.perild.com/

Hələlik Ukrayna üçün təlim rejimində qalacaq, yəni ABŞ-dan gələn yardım paketinə daxil edilməyəcək yeganə şey pilotlarımızın gələcəkdə “F-16” təyyarələrinin cəbhə xəttində istifadəsi üçün hazırlanmasıdır. Ancaq bunun da öz nüansları var, çünki bizə müəyyən yenilənmiş avioniklərə malik “F-16”-lara ehtiyac var”, – deyə Podolyak əlavə edib.

O, “F-16”-ların tədarükü planı haqda deyib ki, təyyarələr müxtəlif ölkələrdən gələcək, əksəriyyəti Şimali Avropadan.

Ukrayna rəsmisinin sözlərinə görə, ABŞ onları əlavə komponentlərlə, məsələn, raket əleyhinə müdafiə vasitələri ilə təmin edə biləcək:

Bu vacibdir, çünki Amerika ordusunun anbarlarında daha çox silah, döyüş sursatı, müxtəlif modifikasiyalı mərmi və raketlər və raketdən müdafiə sistemləri üçün istifadə olunan materiallar var. Avropalıların bizi bu cür alətlərlə təmin etmələri üçün çoxlu pul qoymalı, gözləməli və ya qlobal bazarda axtarış aparmalıdırlar. Ancaq ABŞ-nın anbarlarında hamısı var və yeganə sual çatdırılma logistikasıdır.

“61 milyard yardımın içərisində üçüncü komponent də var. Bu, Ukraynanın maliyyə sistemini sabitləşdirmək üçün istifadə olunacaq yeddi milyard dollarlıq birbaşa maliyyə yardımıdır. Avropa İttifaqının 50 milyard avro pulu kimi – yalnız iqtisadi proqramlar üçün”, – deyə o qeyd edib.

O, ABŞ-dan yardımın ilk partiyasının nə vaxt gələcəyi barədə suala konkret cavab verməyib:

Dəqiq tarixlər deməyə hazır deyiləm, amma bir növ sürpriz saxlamaq lazımdır. Yəqin ki, hərbçilər istəsələr, bu haqda danışacaqlar. Amma bu, çox sürətli olacaq, çünki hər şey hazırdır və logistika işlənib. Prezident Co Bayden dünən Volodimir Zelenski ilə söhbətində sənədi imzalayacağını və tədarükün dərhal başlayacağını bildirib”.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəDünyaUkrayna ABŞ-ın yardımını Rusiyanın hərbi büdcəsi ilə müqayisədə böyük məbləğ saymır