Tanju Özcan azərbaycanlı siyasətçilərin AKP-nin xeyrinə təbliğat aparmasına üzüldüyünü yazıb
Türkiyənin Bolu Böyükşəhər Bələdiyyəsinin sədri Tanju Özcan Azərbaycanın Prezidenti İlham Əliyevə çağırış edib.
Bələdiyyə sədri bu barədə “Twitter” hesabında yazıb.
“Hörmətli İlham Əliyev, lütfən Türkiyə seçkilərinə müdaxilə etməyin” sözlərilə başlayan çağırışda bələdiyyə sədri yazıb ki, Rəcəb Tayyib Ərdoğan bir çox məsələdə sizdən fərqli düşünən liderdir:
“Məncə, bəzi azərbaycanlı siyasətçilər AKP-nin xeyrinə siyasi təbliğat aparırlar. Azərbaycan Cümhuriyyəti ilə Türkiyə Cümhuriyyətinin bayraqlarının yan-yana dayandığı ofisimdə qonaqlarımı qarşılayan əsl türk millətçisi olan qardaşınız kimi sizin etdiyiniz işin düzgün olmadığını xatırlatmaq istəyirəm”.
“Bu hərəkətlərin Türkiyədəki Atatürk millətçilərini hədsiz dərəcədə üzdüyünü bildirmək istəyirəm. Seçkilərə qarışmadığınızı Türkiyə və dünya ictimaiyyətinə bildirin!!!”,-deyə Tanju Özcan çağırışını tamamlayıb.
Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib.
Türkiyə Yüksək Seçki Qurumunun (YSK) rəhbəri Ahmet Yener namizədlərin 50+1 səs toplamadığından seçkilərin ikinci tura qaldığını bəyan edib.
Seçkilərin ikinci turu mayın 28-də keçiriləcək.
II turda iki namizəd, hazırkı dövlət başçısı R.T.Ərdoğan və “Millət İttifaqı”nın namizədi K.Kılıçdaroğlu yarışacaqlar.
Hələ seçkinin ilk turu ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana dəstək məqsədilə bir sıra addımlar atıb.
Belə ki, Azərbaycanda Ərdoğanın təbliğatının aparılması, həmçinin Türkiyə-Azərbaycan münasibətlərində indiki iqtidarın rolunun təbliği məqsədilə yerli mediaya tezislər göndərilmişdi.
Bundan başqa, Türkiyə istehsalı olan “Togg” avtomobilinin İlham Əliyevə təqdim olunması və prezidentin seçki təbliğatı dövründə söylədiyi fikirlər də diqqət çəkdi.
Həmçinin İlham Əliyev Türkiyəyə səfər edərək “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edib. Həmin tədbirdə R.T.Ərdoğan zəlzələ bölgəsi Kahramanmaraşda təməli qoyulan evlərə görə İlham Əliyevə təşəkkürünü bildirib:
“Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi”.
Azərbaycanın hakim partiyası YAP-dan seçilən deputatlar isə seçki ərəfəsində Türkiyədə təbliğat kampaniyasına qoşuldular.