Türkiyədə məktəblərə ikinci silahlı hücum: Bu dəfə 4 nəfər ölüb, 20 nəfər yaralanıb

Foto: hurriyet.com.tr

Bu gün Kahramanmaraşda orta məktəblərdən birində atışma olub.

Nəticədə üç şagird və bir müəllim ölüb, daha 20 nəfər isə yaralanıb.

Hadisə Ayser Çalık Orta Məktəbində qeydə alınıb. 

Kahramanmaraş valisi Mükerrem Ünlüer bildirib ki, hücumu məktəbin 8-ci sinif şagirdi törədib. Valinin sözlərinə görə, şagird məktəbə 5 tapança və 7 daraq patronla gəlib. O, iki sinif otağına daxil olaraq hədəf seçmədən atəş açmağa başlayıb.

Mükerrem Ünlüer hücum edən şagirdin öldüyünü təsdiqləyib, lakin onun intihar etməsi və ya vurulması barədə hələlik dəqiq məlumat olmadığını qeyd edib. Vali hücumu törədən şagirdin atasının keçmiş polis əməkdaşı olduğunu vurğulayaraq, silahların evdən götürülməsi ehtimalını diqqətə çatdırıb.

Hazırda yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bir gün əvvəl Şanlıurfada da bənzər hadisə baş vermişdi, liseyin keçmiş şagirdinin silahlı hücumu nəticəsində 16 nəfər yaralanmışdı.

Ana səhifəDünyaTürkiyədə məktəblərə ikinci silahlı hücum: Bu dəfə 4 nəfər ölüb, 20 nəfər yaralanıb