Turagentliklərdə orta əməkhaqqı azalıb, şirkətlərin mənfəəti isə artıb

Foto: TippaPatt\shutterstock

Ötən il turizm şirkətlərində bir işçiyə düşən orta aylıq əməkhaqqı 687 manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 18,6 faiz azdır. Belə ki, 2024-cü ildə bir işçiyə düşən orta aylıq əməkhaqqı 843 manat olub.

Dövlət Statistika Komitəsinin “Azərbaycanda turizm – 2025” bülletenində qeyd olunur ki, turagent və turoperatorların ümumi əməkhaqqı fondu 22,1 milyon manat təşkil edib. 2024-cü illə müqayisədə sözügedən sektorda əməkhaqqı fondu 2,6 faiz artsa da, bu artım əsasən işçilərin sayının çoxalması ilə bağlıdır. Belə ki, bir il ərzində turagentliklərində çalışan işçilərin sayı 2,1 min nəfərdən 2,6 min nəfərə yüksəlib.

Hər işçiyə düşən əməkhaqqı azalsa da, ümumilikdə ölkədə fəaliyyət göstərən turagent və turoperatorların gəlirləri 33,8 faiz artaraq 222,7 milyon manata çatıb.

2020-ci ildə COVID-19 pandemiyası dövründə ən çox zərər çəkən sahələrdən biri məhz bu sektorda xidmət göstərən şirkətlər olub. Həmin il 300-dən çox turizm şirkəti fəaliyyətini dayandıraraq bazarı tərk edib. Dövlət Statistika Komitəsinin məlumatından görünür ki, postpandemiya dövründə bazarda yenidən canlanma müşahidə olunur. Belə ki, 2025-ci ildə turagent və turoperatorların sayı 434-ə çatıb ki, bu da artıq 2019-cu ilin göstəricisinə bərabərdir.

Lakin bazar tədricən bərpa olunsa da, şirkətlərin xərcləri də əhəmiyyətli dərəcədə artıb. Ötən il sözügedən şirkətlərin məhsul və xidmət istehsalına çəkdikləri ümumi xərclər əvvəlki illə müqayisədə 20 faiz artaraq 171,7 milyon manat təşkil edib.

Beləliklə, ötən il turagentlikləri ümumilikdə 51 milyon manat mənfəət əldə ediblər.

Xərclərin strukturuna nəzər saldıqda ən böyük payın birbaşa turizm zərflərinin formalaşdırılmasına yönəldiyi görünür. Bu istiqamətə ayrılan vəsait 2024-cü ildə 95,1 milyon manat olduğu halda, 2025-ci ildə 118,3 milyon manata yüksəlib. Bununla da bir il ərzində turizm zərflərinin dəyəri 24,5 faiz artıb.

Halbuki şirkətlərin xidmətlərindən istifadə edənlərin sayı cəmi 102 min nəfər olub. Bu göstərici əvvəlki illə müqayisədə cəmi 2 min nəfər və ya 2 faiz artıb.

Statistik təhlil göstərir ki, turizm zərflərinin bahalaşmasına daha çox nəqliyyat və viza xərclərinin kəskin artması təsir edib.

Belə ki, yerləşdirmə, yəni mehmanxana xidmətlərinə çəkilən xərclər 75,8 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 15,7 faiz çoxdur.

Nəqliyyat xidmətləri üzrə xərclər isə 1,7 dəfə artaraq 28,7 milyon manata çatıb.

Ən böyük artım viza xidmətləri üzrə qeydə alınıb. Belə ki, viza xərcləri üç dəfə artaraq 603,5 min manatdan 1,8 milyon manata yüksəlib.

Diqqət çəkən məqamlardan biri də odur ki, turagent və turoperatorların xətti ilə Azərbaycana gələn turistlərin sayı 2,3 dəfə artaraq 27 min nəfərə çatıb. Eyni zamanda, ölkədən xaricə göndərilən turistlərin sayı 15,1 faiz azalaraq 75,7 min nəfər təşkil edib.

Ekspertlərin fikrincə, Azərbaycandan xaricə səfər edən turistlərin sayının azalmasının əsas səbəblərindən biri quru sərhədlərin bağlı qalmasıdır. Belə ki, turagentlikləri vasitəsilə İran, Türkiyə və Gürcüstan kimi qonşu ölkələrə təşkil olunan səfərlərdə nəqliyyat xərcləri kifayət qədər yüksəkdir və ümumi turizm paketinin dəyərində əsas payı məhz bu xərclər tutur. Vətəndaşlar isə bahalı turizm paketləri ilə qonşu ölkələrə səfər etməyi sərfəli hesab etmirlər. Ekspertlərə görə, ölkənin quru sərhədləri açılacağı təqdirdə şirkətlərin nəqliyyat xərcləri azala, mənfəətliliyi arta və daha çox vətəndaşa xidmət göstərmək imkanları genişlənə bilər.

Ana səhifəİqtisadiyyatTuragentliklərdə orta əməkhaqqı azalıb, şirkətlərin mənfəəti isə artıb