Ermənistanda parlament seçkilərindən sonra köhnə siyasi-iqtisadi sistemin iki siması yenidən gündəmə gəlib. Rusiyaya yaxın müxalif düşərgənin tanınmış oliqarxlarından Qagik Tsarukyan dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilib; onun iqamətgahından şirlər, pələng və yüzlərlə heyvan müqəvvası çıxarılıb. Eyni günlərdə məhkəmə keçmiş prezident Serj Sarqsyanın əmlakının bir hissəsinin dövlət xeyrinə müsadirəsinə qərar verib. Paşinyanın komandası bunu korrupsiya və qanunsuz varlanmaya qarşı mübarizə adlandırır. Müxalifət isə seçkidən sonra siyasi rəqiblərin sıradan çıxarıldığını deyir.
Tsarukyan kimdir və onun həbsi niyə bu qədər səs-küy yaratdı?
Qagik Tsarukyan postsovet Ermənistanının ən üzdə olan oliqarxlarından biridir. O, keçmiş idmançı, böyük biznes imperiyasının sahibi, xeyriyyəçi, siyasətçi, şəxsi zooparkı olan, saraylarını və sərvətini nümayiş etdirməyi ictimai imicinin bir hissəsi kim görən fiqur kimi tanınır.
Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası illərlə parlamentdə mühüm oyunçulardan biri olub. Partiya Rusiyaya yaxın müxalif düşərgənin tərkib hissəsi kimi qəbul edilirdi: Moskva ilə münasibətlərin gücləndirilməsini, Rusiyanın Ermənistan və Qarabağın təhlükəsizliyində rolunu vurğulayırdı. Tsarukyan özü isə biznesin, siyasətin, idmanın, xeyriyyəçiliyin və hakimiyyətlə şəxsi əlaqələrin bir-birinə qarışdığı köhnə Ermənistan modelinin ən üzdə olan nümayəndələrindən sayılırdı.

2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində “Çiçəklənən Ermənistan” dörd faizlik baryeri keçə bilmədi. Partiya təxminən 3,98–3,99 faiz səs topladı və parlamentdən kənarda qaldı. Parlamentə Baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” partiyası, “Güclü Ermənistan” bloku və keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku keçdi. İyulun 4-də Konstitusiya Məhkəməsi müxalifətin şikayətlərini rədd edərək seçkilərin nəticələrini qüvvədə saxladı.
Bundan bir neçə gün sonra Tsarukyanın evində və onunla əlaqəli şirkətlərdə genişmiqyaslı axtarışlar başladı. İstintaq hərəkətləri 70-dən çox ünvanda aparıldı. İyulun 6-da Tsarukyan saxlanıldı, iyulun 7-də isə məhkəmə onun barəsində iki aylıq həbs qərarı verdi. Ermənistan İstintaq Komitəsi onu xüsusilə külli miqdarda dələduzluğun təşkili və pul vəsaitlərinin leqallaşdırılmasında ittiham edir.
İstintaqın versiyasına görə, 2022–2024-cü illərdə bir qrup şəxs Ermənistan-İran ticarət-iqtisadi əlaqələrini inkişaf etdirmək adı altında birgə şirkətlər yaradıb, logistika daşımaları təşkil edib, Ermənistana nəqliyyat vasitələri, texnika, yanacaq və digər mallar gətirib. Daha sonra isə, istintaqın iddiasına əsasən, saxta sənədlərdən və gömrük bəyannamələrindən istifadə olunub. Dövlətə dəymiş ziyan təxminən 8,13 milyard dram, yəni 21 milyon dollardan çox qiymətləndirilir. Tsarukyanın adı ayrıca bir epizodda da keçir: söhbət yanacaq tədarükü ilə bağlı razılaşma çərçivəsində İran vətəndaşından 934 min dolların mənimsənilməsi iddiasından gedir.
Tsarukyanın vəkilləri və tərəfdarları ittihamları siyasi motivli sayırlar. Onun vəkili Yerem Sarqsyanın sözlərinə görə, Tsarukyan və onunla bağlı strukturlar bu işdə təqsirləndirilən tərəf yox, zərərçəkmiş kimi tanınmalı idi. Müdafiə tərəfi bildirir ki, məqsəd Ermənistan-İran ticarət əlaqələrini inkişaf etdirmək olub, mümkün sui-istifadələrə isə başqa şəxslər yol verib. Respublika Partiyası, “Daşnaksütyun” və “Ana Ermənistan” da daxil olmaqla bir neçə müxalif qüvvə birgə bəyanat yayaraq hakimiyyətin addımlarını siyasi təqib adlandırıb.
Şirlər, pələng və 190 müqəvva
Tsarukyan işində ən çox müzakirə olunan detal onun malikanəsindən vəhşi heyvanların müsadirəsi oldu. İstintaq Komitəsinin məlumatına görə, siyasətçinin iqamətgahından üç şir və bir pələng Yerevan zooparkına verilib. Bundan başqa, 190 heyvan və quş müqəvvası müsadirə edilib. Şirlər və pələng maddi sübut kimi tanınıb. İstintaq bildirir ki, qanunsuz ov nəticəsində ətraf mühitə 30 milyon dram (təxminən 82 min dollar) ziyan dəyib.
Tsarukyan əvvəllər də böyük və təmtəraqlı layihələrə meyli ilə tanınırdı. İyun ayında “The Guardian” onun şəxsi zooparkı, iqamətgahındakı müqəvva kolleksiyası, sarayları və Xatis dağında 101 metrlik İsa Məsih heykəli tikmək planları barədə yazmışdı. Tsarukyan bu layihəni Ermənistanın gələcək “vizit kartı” adlandırırdı.
Sarqsyan işi: həbssiz əmlak müsadirəsi
Tsarukyanın həbsi ilə paralel olaraq Ermənistan prokurorluğu ölkənin üçüncü prezidenti Serj Sarqsyanla bağlı məhkəmə qərarını açıqladı. İyulun 3-də Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun iddiasını qismən təmin edib. Qərara əsasən, Sarqsyan və onunla əlaqəli şəxslərə məxsus olduğu bildirilən, mənşəyi şübhəli sayılan əmlakın bir hissəsi müsadirə olunmalıdır. Qərar qüvvəyə mindikdən sonra dövlətin xeyrinə ümumi dəyəri təxminən 630 milyon dram (təxminən 1,7 milyon dollar) olan aktivlər müsadirə edilməlidir.
Müsadirə siyahısına Yerevanın mərkəzində, Teryan küçəsində yerləşən mənzilin 38 faizi, bir avtomobil dayanacağı yeri tam şəkildə, daha bir dayanacaq yerinin 38 faizi, 202,998 milyon dramlıq (təxminən 530 min dollar) bank əmanətləri, bu əmanətlər üzrə 74,716 milyon dram (təxminən 195 min dollar) faiz gəliri, həmçinin 352,438 milyon dram (təxminən 920 min dollar) məbləğində pul vəsaiti daxildir.
Serj Sarqsyan Ermənistanın köhnə siyasi sisteminin əsas simalarından biridir. O, 2008–2018-ci illərdə ölkə prezidenti olub, daha sonra isə konstitusiya islahatı nəticəsində baş nazir postuna keçərək hakimiyyətdə qalmağa çalışıb. Məhz buna qarşı ölkədə 2018-ci ildə kütləvi etiraz hərəkatı başladı. Həmin proses “məxməri inqilab”la və Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələndi.
Bu proses niyə indi baş verir?
Tsarukyanın həbsi və Sarqsyanın əmlakı ilə bağlı qərar Paşinyanın mövqelərini gücləndirən, amma ölkə daxilində gərginliyi azaltmayan parlament seçkilərindən sonra baş verdi. 2026-cı il iyunun 7-də keçirilən seçkilər Ermənistanın xarici siyasi kursu uğrunda mübarizə fonunda keçirdi: Paşinyan Avropa İttifaqı və ABŞ ilə yaxınlaşmağa çalışır, müxalifətin əhəmiyyətli hissəsi isə Rusiya ilə sıx əlaqələrin saxlanmasını istəyir.
Paşinyan üçün “köhnə sistem”lə mübarizə 2018-ci ildən bəri siyasi legitimliyinin əsas sütunlarından biridir. Onun tərəfdarlarının fikrincə, “məxməri inqilab”a qədər Ermənistan məmurlar, oliqarxlar və güc strukturlarından ibarət qapalı şəbəkənin nəzarətində olub; dövlət resursları və iqtisadi imkanlar isə hakimiyyətə yaxın çevrələr arasında bölüşdürülüb.
Müxalifət isə bunun əksini iddia edir: Paşinyanın antikorrupsiya ritorikası siyasi rəqibləri neytrallaşdırmaq üçün vasitəyə çevrilib. Xüsusən də son illərin ağır məğlubiyyətləri və böhranlarından sonra. 2023-cü ildə Qarabağın itirilməsi, Erməni Apostol Kilsəsi ilə konflikt, Moskva ilə münasibətlərin soyuması və ölkə daxilində gərginliyin artması fonunda hakimiyyət, tənqidçilərə görə, çağırışlara dialoqla yox, cinayət işləri ilə cavab verir.
Buna görə də Tsarukyan və Sarqsyan ətrafındakı proseslər təkcə korrupsiya işləri kimi yox, Ermənistanda postinqilabi hakimiyyətin köhnə elita ilə növbəti hesablaşması kimi nəzərdən keçirilir.