Şəmkir sakini evinə qaz çəkdirmək üçün 1200–1800 manat tələb edildiyini deyir

Azəriqaz. Foto: Azərtac

Şəmkir şəhərinin İbn-Sina küçəsində yaşayan Şaiq Məmmədov evinə qaz çəkdirmək üçün müraciət etdikdən sonra qarşısına 1200–1800 manatlıq ödəniş tələbi qoyulduğunu deyir.

Vətəndaşın sözlərinə görə, problem onun evinə çəkiləcək abonent xəttində deyil. Məsələ burasındadır ki, təxminən 100 metr uzunluğunda olan və iki böyük küçəni birləşdirən İbn-Sina küçəsində ümumiyyətlə paylayıcı qaz xətti yoxdur.

O bildirir ki, fərdi yaşayış evinin qazlaşdırılması üçün “ASAN Xidmət”ə müraciət edib və müsbət rəy, yəni texniki şərt alıb. Daha sonra həmin sənədlə “Azəriqaz” İctimai Birliyinin Bakıdakı baş ofisinə, eləcə də Şəmkir Regional Qaz İstismarı İdarəsinə müraciət edərək küçəyə paylayıcı qaz xəttinin çəkilməsini istəyib.

Şaiq Məmmədovun sözlərinə görə, məqsədi əvvəlcə küçədə ümumi paylayıcı xəttin çəkilməsi, daha sonra isə lisenziyalı podratçı vasitəsilə həmin xəttdən evinə abonent xəttinin çəkdirilməsi olub. Deyir ki, müraciətlərdən sonra onu podratçı şirkətə yönləndiriblər. Lakin podratçı küçədə paylayıcı qaz xətti olmadığı üçün evə qaz xətti çəkməyin mümkün olmadığını bildirib.

“Bizə deyilir ki, küçəyə xətt çəkilməlidir və bunun üçün 1200-1800 manat tələb olunur. Halbuki biz evimizə qaz çəkdirmək üçün müraciət etmişik. Küçədə ümumi xətt olmadığından əvvəl həmin xəttin çəkilməsi lazımdır”, – Şaiq Məmmədov deyir.

Vətəndaş bununla bağlı “Azəriqaz”a da yazılı şəkildə müraciət etdiyini bildirir. Onun sözlərinə görə, müraciətində İbn-Sina küçəsində niyə qazpaylayıcı xəttin olmadığını və bu xəttin çəkilməsi məsələsinin necə həll olunacağını soruşub. Lakin vətəndaş deyir ki, müraciətinə cavab verilməyib.

Rəsmi qaydalar nə deyir?

“Azəriqaz” İctimai Birliyinin saytında fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı verilən məlumatda bildirilir ki, paylayıcı küçə qaz xətti olmayan və ya qaz təchizatı mənbəyindən aralı olan yaşayış sahələrində fərdi evlərin qazlaşdırılması üçün vətəndaş əvvəlcə ödənişsiz texniki şərt almalıdır. Daha sonra texniki şərt əsasında layihə hazırlanır və küçə qaz xətti podratçı tərəfindən vətəndaşın öz vəsaiti hesabına çəkilir. Xətt “Azəriqaz”ın struktur bölməsinin iştirakı ilə istismara qəbul edildikdən sonra fərdi evin qazlaşdırılması reallaşdırılır.

Eyni zamanda, 2026-cı ildən qüvvədə olan “Qaz təchizatı haqqında” Qanunun 11.3.2-ci maddəsinə əsasən, qazpaylayıcı sistem operatorunun vəzifələri sırasında qazpaylayıcı şəbəkəyə texniki xidmət göstərilməsi, onun təmiri və inkişafının təmin edilməsi də yer alır. Qanun həmçinin operatorun istehlakçıların qaydalara uyğun olaraq qazpaylayıcı şəbəkəyə qoşulmasını təmin etməli olduğunu müəyyən edir.

Beləliklə, Şaiq Məmmədovun vəziyyətində əsas sual küçədə qaz xəttinin ümumiyyətlə olub-olmamasından çox, İbn-Sina küçəsinin qazlaşdırılmasının hansı qaydada həyata keçirilməli olduğu və 1200–1800 manatlıq məbləğin nəyə əsasən müəyyənləşdirildiyidir.

Məmmədov isə tələb olunan məbləğin məhz küçəyə paylayıcı qaz xəttinin çəkilməsi ilə bağlı olduğunu və bunun onun üzərinə qoyulmamalı olduğunu düşünür.

“Azəriqaz”dan cavab yoxdur

Məsələ ilə bağlı “Azəriqaz”a və Şəmkir Regional Qaz İstismarı İdarəsinə sorğu göndərdik. Qurumlardan Şaiq Məmmədovdan tələb olunduği iddia edilən 1200–1800 manatın hansı hüquqi və texniki əsasla müəyyənləşdirildiyini, məbləğin rəsmi tarif, yoxsa küçə qaz xəttinin çəkilişi üzrə podrat işlərinin dəyəri olub-olmadığını soruşduq. Həmçinin İbn-Sina küçəsinin qazlaşdırılmasının “Azəriqaz”ın planlarına daxil olub-olmadığını və küçəyə paylayıcı xəttin çəkilməsinin hansı qaydada maliyyələşdirildiyini öyrənməyə çalışdıq. Lakin yazı dərcə hazırlandığı müddətdə sorğularımıza cavab ala bilmədik. Cavab daxil olacağı təqdirdə, materiala əlavə ediləcək.

Ana səhifə ▸ Sosial ▸ Şəmkir sakini evinə qaz çəkdirmək üçün 1200–1800 manat tələb edildiyini deyir