Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib.
Toplum TV xəbər verir ki, proses başlamazdan əvvəl iş üzrə həbsdə olan jurnalist Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb.
“Umbakı Təcridxanasında saxlanılan ictimai fəal Nicad İbrahim təcridxana rəisinin otağında Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”, – Fərid İsmayılov bildirib.
Jurnalist əlavə edib ki, son vaxtlar Umbakı Təcridxanasında məhbuslara qarşı təzyiqlər artıb.
“Orada saxlanılan inanclı məhbuslar məktəblərdə tətbiq olunan hicab qadağasına etiraz olaraq aclıq etdikləri üçün fiziki zorakılığa məruz qalırlar”, – o deyib.
Bunları bildirdikdən sonra Fərid İsmayılov məhkəmə heyətinə müraciət edərək zaldan çıxarılmasını istəyib.
“Sizin üzünüzü görmək istəmirəm, sizin məhkəməni məhkəmə hesab etmirəm. Buna görə də öz xoşumla zaldan çıxmaq istəyirəm”, – o bildirib.
Hakim isə “hələ məhkəmə prosesi başlasın, ondan sonra baxarıq kimi çıxarırıq, kimi saxlayırıq” deyib.
Fərid İsmayılov buna cavab olaraq “məhkəmənin başlamasına ehtiyac yoxdur, indi çıxarın məni” deyib və zaldan çıxarılıb.
Bu zaman III Respublika Platformasının spikeri Akif Qurbanov hakimə müraciət edərək onu məhkəməni şouya çevirməkdə ittiham edib.
“Bütün vəsatətlərimizi rədd edirsən, burada təlxəklik edirsən. Etdiyin bu şoular tarixə düşəcək. Onsuz da İlham Əliyevin sifarişi ilə nə deyilibsə, o da olacaq. Sən kimsən ki, kiməsə göstəriş verəsən, kimisə zaldan çıxarasan, kimisə saxlayasan? Nə deyiblər, onu da et, biz də çıxaq gedək. Biz buraya ümumiyyətlə gəlmək istəmirik, məhkəmə zalına qalxmaq istəmirik”, – Akif Qurbanov deyib.
Bu mübahisələr fonunda hakim Zəfər Əhmədov prosesin təxirə salındığını elan edib.
Hakim bunu təqsirləndirilən şəxslərin üç vəkilinin prosesdə iştirak etməməsi ilə əsaslandırıb. Halbuki, prosesdə müdafiə tərəfinin digər vəkilləri iştirak edib.
Növbəti iclas dekabrın 7-nə təyin edilib.
Oktyabrın 5-də keçirilən əvvəlki iclasda da təqsirləndirilən şəxslərlə hakim Zəfər Əhmədov arasında mübahisə yaranmışdı. Həmin iclasda IDI əməkdaşı Ramil Babayev hakimə etiraz etdikdən sonra zaldan çıxarılmış, Əli Zeynal və İlkin Əmrahov isə etiraz olaraq zalı tərk etmişdilər. Media eksperti, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli hakimin davranışını tənqid edərək demişdi: “Siz özünüzü qanunun nümayəndəsi, hakim kimi aparmırsınız. Vəziyyəti bu yerə siz gətirib çıxarmısınız”.
Həmin iclasda Akif Qurbanov da hakimlərin onun etirazını dinləmədən qərar verməsinə etiraz etdikdən sonra zaldan çıxarılmışdı.
İyulun 27-də Toplum TV əməkdaşlarına hökm oxunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaqla, Akif Qurbanov, Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli, Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov, İlkin Əmrahov 13 il, Fərid İsmayılov, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin Elmir Abbasov məhkəmə zalında həbs olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilmişdi. Toplum TV-nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.