Tokayev Bakı və Yerevana sülh üçün platforma təqdim etməyə hazır olduğunu deyir

Kasım-Jomart Tokayev. Mənbə: Vladimir Tretyakov/shutterstock

Paşinyan isə üç prinsip üzrə sülh imzalamağa hazır olduğunu açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib.

Bu barədə Baş nazir Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə aprelin 15-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Kasım-Jomart Tokayevlə danışıqlarda əvvəllər razılaşdırdığı üç prinsip çərçivəsində saziş imzalamağa hazır olduğunu bəyan edib:

Bu, 1991-ci il Alma-Ata Bəyannaməsinin müddəalarına əsaslanan ərazi bütövlüyünün qarşılıqlı tanınması, Ermənistan və Azərbaycan arasında qarşılıqlı delimitasiyanın həyata keçirilməsi, habelə suverenlik və yurisdiksiyaya hörmət prinsipləri əsasında regional infrastrukturların bloklanmasıdır“.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə deyib ki, Astana Ermənistan və Azərbaycana sülh sazişinin bağlanması üzrə danışıqlar platforması təqdim etməyə hazırdır:

Biz Ermənistan və Azərbaycanın sülh sazişi bağlamaq istəyini alqışlayırıq. Qazaxıstan burada maksimum köməklik göstərməyə və xeyirxahlıq missiyasını öz üzərinə götürməyə, yəni iki ölkə arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır”

Azərbaycanın rəsmi qurumları hər iki dövlət başçısının söylədiklərinə reaksiya verməyib.

Aprelin 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstanın Xarici İşlər naziri Ceenbek Kulubayevlə görüşdə bildirib ki, sülh üçün yaranmış imkanlara qarşı yönələn birtərəfli addım və təşəbbüslər qəbuledilməzdir:

Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və suverenliyə hörmət əsasında bölgədə sülhün bərqərar olunmasına sadiqdir“.

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətTokayev Bakı və Yerevana sülh üçün platforma təqdim etməyə hazır olduğunu deyir