Tofiq Yaqublunun vəkili ilə təklikdə görüşünə imkan yaradılmadığı bildirilir

Foto: Meydan Tv

Nigar Həzi: “Bəhruz Bayramovla görüş zamanı polis otaqdan çıxmayıb”

Müsavat Partiyasının və Milli Şuranın üzvü, hazırda inzibati həbsdə olan Tofiq Yaqubluya vəkili ilə təklikdə görüşmək imkanı yaradılmır.

Bu barədə məlumat verən Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib ki, yanvarın 3-də vəkil Bəhruz Bayramovla atasının görüşündə polis əməkdaşı otaqdan çıxmayıb:

“Tofiq Yaqublunun haqsız, günahsız yerə həbs etməkləri azmış kimi, hələ təcridxanada da ona rahatlıq verilmir. Bu, kobud qanun pozuntusudur. Bununla bağlı məhkəməyə müraciət ediləcək”.

Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanlanların Saxlanma Məntəqəsindədir. DİN deyilənlərlə bağlı hər hansı açıqlama verməyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.

Tofiq Yaqublu buna qədər də dəfələrlə həbsdə olub.

Bəxtiyar Hacıyev isə ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs edilib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamı qəbul etmir.

Ana səhifəUncategorized @azTofiq Yaqublunun vəkili ilə təklikdə görüşünə imkan yaradılmadığı bildirilir