Tiktokerlərin həbsi: “Cəmiyyət necədirsə, sosial şəbəkələr də elədir”

Foto: Meydan Tv

Hüquqşünas: “Hökumət bizi sutka xalqına çevirib”

“TikTok” sosial şəbəkəsində azərbaycanlı istifadəçilərdən bir neçəsinin həbs olunduğu bildirilir.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, onlar sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etdikləri üçün 30 sutka müddətinə həbs olunublar.

Hüquqşünas Xalid Bağırov Meydan TV-yə deyir ki, etika və hüquq ayrı-ayrı sahələrdir:

Xalid Bağırov
Hüquqşünas Xalid Bağırov

“Belə çıxır ki, kimsə Novruzu bayram kimi qəbul etmirsə, Aşura günü matəm saxlamırsa, 30 sutka həbs cəzası almalıdır? Əslində, bu, dövlətin Azərbaycan cəmiyyəti ilə “sutka” dili ilə danışmasıdır. Hökumət bizi “sutka” xalqına çevirib. Ancaq həbs edib, içəri atılması mümkün olan xalqa çevirib”.

“”TikTok”a çıxıb, gərəksiz işlərlə məşğul olanlar cəmiyyətə fayda verirlər. Onlar bizim aynamızdır, hazırkı vəziyyətimizi göstərirlər. Biz isə özümüzü düzəltmək əvəzinə, güzgü ilə mübarizə aparırıq. Bu, çox absurd, heç bir işə yaramayan addımdır. Zatən, televiziyalar da bu vəziyyətdədir. Cəmiyyət necədirsə, televiziyalar, sosial şəbəkələr də elədir”, – deyə o bildirib.

Jurnalist, bloger Səma Abiyeva Meydan TV-yə deyir ki, sosial şəbəkələrdə paylaşımlar azad olsa da, istifadə şüurlu şəkildə edilməlidir:

Səma Abiyeva. Foto: Şəxsi arxivindən

“Mən həm televiziya işçisiyəm. Həm də yaradıcı tərəfdən daha sərbəst olmaq, paylaşımlar etmək üçün sosial medianı seçmişəm. Deyə bilmərik ki, internet pisdir, sosial şəbəkələr məhdudlaşdırılsın, “TikTok” bağlansın. Xeyr. Amma bunun istifadəsi şüurlu olmalıdır. Sosial media bəzən səhv insanların əlində yanlış alətə çevrilə bilir. Bəzən isə çox fayda verə bilir. İnsanların şəxsi sərhədlərini pozmaq, onları təhqir etmək, haqq və hüquqlarını pozmaq olmaz. Amma özünü yaradıcı formada ifadə etməkdə təbii ki, azadsan”.

“Bununla belə, baxmaq lazımdır ki, kim nəyi hansı məqsədlə paylaşır. “Mən azadam, nə istəyirəm, paylaşıram”, – demək də doğru deyil. Səni izləyən kütlənin yaşı da çox önəmlidir. Əgər onun 18 yaşı tamam olmayıbsa, bizim öz həqiqətimizi ona sırımağa haqqımız yoxdur. Həmişə alternativ fikirə imkan vermək lazımdır ki, biz düşünək, sorğulayaq, yeni versiyamıza gəlib çıxaq”, – deyə o bildirib.

“TikTok” sosial şəbəkəsinin Azərbaycan seqmentindəki məşhurlardan daha biri – Ağcabədi rayon sakini Sadiq Mirzəyev həbs olunub.

Ona Ağcabədi Rayon Məhkəməsinin qərarıyla 30 sutka həbs cəzası verilib.

O, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılıb.

36 yaşlı Sadiq Mirzəyev “Tik-Tok”da məşhur olan 9 yaşlı Adəm Mirzəyevin atasıdır.

Oğul və ata Mirzəyevlər birlikdə “Tik-Tok”da mütəmadi çıxış edirdi.

Sadiq Mirzəyevin azyaşlı oğlu ilə birlikdə çıxışlarında nalayiq ifadələr işlətdiyi, övladının tərbiyəsinə neqativ təsir göstərdiyi iddia olunub.

O, bundan öncə də bir neçə dəfə Ağcabədi Rayon Polis Şöbəsinə çağırılaraq, ona xəbərdarlıq olunub.

Bir müddət öncə Adəm Mirzəyevin videosunu yaydığına görə onların həmyerlisi – Ağcabədi rayonunun Hüsülü kənd sakini Samir Ələsgərov da həbs olunmuşdu.

Ona 10 sutka inzibati həbs cəzası verilmişdi.

Son bir həftə ərzində Azərbaycanda 10 nəfərə yaxın “TikToker” həbs olunub.

Onların arasında “Magerramoff” adıyla tanınan Əmrah Məhərrəmov və “Miri” ləqəbli Mirnamiq Mirələmzadə, “Roşka” ləqəbli Rövşən Süleymanov, “Po jizni Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadov da var.

Ana səhifəXəbərlərTiktokerlərin həbsi: “Cəmiyyət necədirsə, sosial şəbəkələr də elədir”