IPI: Saxta müəllif hüquqları şikayətləri ilə müstəqil medianın fəaliyyəti məhdudlaşdırılır

International Press Institute (IPI) – Foto: IPI

Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan, Gürcüstan və Somalidə jurnalistlərə qarşı yeni təzyiq üsulunu araşdırıb. Hədəfə alınan media qurumları arasında Meydan TV də var.

Beynəlxalq Mətbuat İnstitutu (IPI) sosial şəbəkələrdə saxta müəllif hüquqları şikayətlərindən istifadə etməklə müstəqil medianın fəaliyyətinə maneçilik törədilməsi barədə araşdırma yayıb.

Noyabrın 5-də dərc edilən materialda Azərbaycan, Gürcüstan, Somali və digər ölkələrdə media qurumlarının bu üsulla hədəfə alındığı bildirilir.

IPI-nin əməkdaşı Silva Virtanenin hazırladığı araşdırmaya görə, saxta şikayətlər nəticəsində jurnalistlərin illər ərzində hazırladıqları materiallar sosial şəbəkələrdən silinir, bəzən isə media qurumlarının hesabları tamamilə bağlanır.

Araşdırmada qeyd olunur ki, müəllif hüquqlarının qorunması üçün yaradılan mexanizmlərdən sui-istifadə edilməsi müstəqil jurnalistikanı susdurmağın ucuz və asan üsullarından birinə çevrilib.

Azərbaycanda Meydan TV və digər müstəqil media qurumları hədəfə alınıb

IPI-nin araşdırmasında Azərbaycandakı müstəqil media qurumlarına qarşı oxşar hücumlardan da bəhs olunur.

Məlumata görə, 2026-cı ilin avqustunda “Abzas Media”nın “Instagram” hesabı dörd müəllif hüquqları şikayəti nəticəsində bağlanıb. Şikayətlər avqustun 22-25-də göndərilib və onlardan üçü eyni elektron poçt ünvanından daxil olub.

“Abzas Media”nın baş redaktoru vəzifəsini icra edən Günel Səfərova IPI-yə bildirib ki, şikayət edilən videolar müxtəlif illərdə hazırlanıb. Onların arasında redaksiyanın öz materialları və digər media qurumları ilə razılaşma əsasında paylaşılmış görüntülər olub.

Səfərova digər Azərbaycan media qurumları ilə əlaqə saxladıqdan sonra ən azı dörd nəşrin: Meydan TV, Toplum TV, “Hamam Times” və “Azadlıq” qəzetinin də oxşar şikayətlərlə üzləşdiyini müəyyənləşdirib.

Onun sözlərinə görə, müxtəlif redaksiyalara qarşı eyni və ya oxşar adlardan, elektron poçt ünvanlarından istifadə olunması hücumların əlaqələndirilmiş şəkildə həyata keçirildiyinə dair şübhələr yaradıb.

“Abzas Media”nın hesabı rəqəmsal hüquqlar təşkilatı “Access Now”un müdaxiləsindən sonra bərpa edilib.

Səfərovanın məlumatına görə, “Toplum TV” hesabını geri qaytarmaq üçün 14 gün gözləməli olub. “Azadlıq” qəzetinin “Facebook” səhifəsi isə aylarla bağlı qalıb.

Bu şikayətləri kimin təşkil etdiyi hələ müəyyənləşdirilməyib.

Jurnalistin araşdırması saxta şikayətlərin pulla verildiyini üzə çıxarıb

IPI-nin təqdim etdiyi nümunələrdən biri Gürcüstanın “Studio Monitor” araşdırma mərkəzi ilə bağlıdır.

2026-cı ilin iyulunda “YouTube” müəllif hüquqlarının təkrar pozulması barədə şikayətlər əsasında nəşrin kanalını bağlayıb. Nəticədə təxminən 20 illik jurnalist araşdırmaları platformadan yoxa çıxıb.

Şikayətlər redaksiyanın hazırladığı üç videonun üz qabığına aid olub.

Jurnalist Marika Dudunia şikayət göndərən şəxslərdən biri ilə əlaqə saxlayaraq özünü başqa bir “YouTube” kanalını bağlatdırmaq istəyən müştəri kimi təqdim edib.

Yazışmalar zamanı həmin şəxs bu cür xidmətləri pulla göstərdiyini açıqlayıb. O, şikayətlərin sifarişini kimin verdiyini bilmədiyini, vasitəçilər üzərindən işlədiyini söyləyib.

Jurnalistin əldə etdiyi məlumata görə, bir kanalın bağlanması üçün təxminən 5 min dollar tələb oluna bilər.

Həmin şəxs “Studio Monitor”a qarşı göndərdiyi şikayəti geri götürmək üçün də pul istəyib.

Jurnalist yazışmaları “Google”a təqdim etdikdən sonra “YouTube” kanalı bərpa olunub.

Bir neçə gün sonra redaksiyanın “Facebook” səhifəsi də oxşar şikayətlər əsasında bağlanıb. Sonradan həmin hesab da geri qaytarılıb.

Somalidə də onlarla jurnalist hesabı hədəfə alınıb

IPI-nin məlumatına görə, saxta müəllif hüquqları şikayətləri Somalidə də geniş yayılıb.

Somali Jurnalistlər Sindikatının baş katibi Abdalle Mumin bildirib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında doqquz media qurumu və səkkiz müstəqil jurnalist belə hücumların hədəfinə çevrilib.

Onun sözlərinə görə, hədəfə alınanların əksəriyyəti Somali hökumətini tənqid edən jurnalistlərdir.

Təşkilat şikayət göndərən şəxslərdən biri ilə əlaqə saxladıqda həmin şəxs istənilən jurnalistin və ya media qurumunun “Facebook” səhifəsini 5 min dollar müqabilində bağlatdırmağı təklif edib.

Muminin bildirdiyinə görə, sentyabr ayına qədər hədəfə alınan hesabların əksəriyyətini bərpa etmək mümkün olmayıb.

Sosial media şirkətlərinin məsuliyyəti

IPI yazır ki, “Meta” və “Google” kimi texnologiya şirkətlərinin şikayətlərə avtomatlaşdırılmış qaydada baxması saxta müraciətlərin təsirini artırır.

Şikayət əsasında hesabın bağlanması qısa müddətdə baş versə də, həmin qərardan etiraz vermək və materialların müəllif hüquqlarının redaksiyaya məxsus olduğunu sübut etmək həftələrlə vaxt apara bilir.

Rəqəmsal hüquqlar təşkilatı “Access Now”un nümayəndəsi Franko Giandana Gigena hesab edir ki, bu mexanizm müstəqil media üçün ciddi təhlükə yaradır.

O, müəllif hüquqları şikayətlərinin daha diqqətlə yoxlanılmasını, şikayətçi şəxslərin kimliyinin müəyyənləşdirilməsini və jurnalist materiallarının silinməsindən əvvəl redaksiyalara öz mövqelərini təqdim etmək imkanının yaradılmasını təklif edir.

Araşdırmada vurğulanır ki, xüsusilə mühacirətdə fəaliyyət göstərən media qurumları auditoriyalarına çatmaq üçün sosial şəbəkələrdən asılı vəziyyətdədirlər. Onların hesablarının bağlanması təkcə jurnalistlərin fəaliyyətini deyil, oxucuların müstəqil informasiya almaq imkanlarını da məhdudlaşdırır.

Ana səhifə ▸ Xəbərlər ▸ IPI: Saxta müəllif hüquqları şikayətləri ilə müstəqil medianın fəaliyyəti məhdudlaşdırılır