Tərəzi

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan TV

Siyasətçilər nəyi seçdi?

Hər bir insan daima seçim qarşısında durur.

Dərs oxuyum, ya həyətdə yaşıdlarımla oynayım? Uşaq oyunları dərsdən daha maraqlıdır. Uşaqlığında çox vaxt ikincini seçən insan yaşa dolduqda bunun acısını çəkir, kəmsavad insan yerini cəmiyyətin təkində tapır.

Ciddi, başıaşağı qızla evlənim, ya yerində dingildəyən şux yelbeyin gözəllə? İkincini seçən gəncin həyatı çox vaxt uğursuzluqlar zəncirinə dönür.

Və sair və ilaxır. İnsan daima seçməlidir.

Siyasətçilər də insandırlar və onlar da seçməlidirlər. Siyasətçilərin qarşısında daim tərəzi durur, tərəzinin bir gözündə əhalinin rifahı və ölkənin xeyri, o biri gözündə vəzifə və onun bəxş etdiyi maddi nemət və imtiyazlar yatır. Onların seçimi, təbii ki, həm özlərinə, lakin daha çox, xalqın taleyinə təsir edir.

Nə qədər ki, özümü xatırlayıram, bizim siyasətçilərin naqis seçimi həmişə xalqın başında çatlayıb.

Zəkalı və əzmli general Heydər Əliyev AKP-nin Birinci katibi təyin olunduqdan sonra Kremlin rəğbətini qazanmaq barədə çox düşündü. Çox düşündü və tapdı. Azərbaycanın kənd təsərrüfatının məcrasını bitkiçilik və maldarlıqdan çevirib SSRİ-yə çox lazım olan texniki bitkilərin – pambıq, tütün, üzümün – istehsalına yönəltdi. Sovet iqtisadiyyatının bu məhsullara tələbatının xeyli hissəsini Azərbaycan ödəməyə başladı, İttifaq büdcəsindən respublikaya pul axını gücləndi, kənd əməkçiləri yaxşı pul qazanmağa başladı, Birinci katibin sinəsini ordenlər bəzədi. Bir dəfə Sosialist Əməyi Qəhrəmanı, ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı, Sov.İKP MK-nın Siyasi bürosunun üzvlüyünə namizəd, üzv, SSRİ Nazirlər Şurasının Sədrinin Birinci müavini…

Vəzifə pilləkanında ağlasığmaz sürətli yüksəliş…  Fəqət əhali nə pambıq yeyir, nə tütün, nə də tək üzümlə qidalanmaq mümkün deyil. Respublika əhalisinin taxıla və ətə tələbatı yerli istehsaldan deyil, İttifaq fondlarından asılı oldu, bu fondlar isə ildən ilə azalmağa başladı. Elə həmin vaxt qonşularımız sinəsi ordenli, əlləri al bayraqlı azərbaycanlıların ərzaq almaq üçün Yerevan və Tiflis dükan-bazarına ziyarətlərinə rişxənd etməyə başladı.

Gün keçdi, il dolandı, Şura hökuməti çökəsi oldu. Dünənə qədər lal-dinməz olan Azərbaycan xalqı şanlı AXC adlı təşkilatda birləşib danışmağa başladı. Daha doğrusu, AXC başçıları xalqın adından danışmağa girişdi.

Xalqın başına dırmanmış siyasətçilər nə dedi? Nəyi seçdi?

Bir dəfə tarixi bir seçimi 1990-cı ilin yanvarında etdilər. Seçim çox sadə idi: üç ay gözləyib Ali Sovetə seçkiləri udmaq və hakimiyyəti qanuni dinc yolla götürmək, ya qanlı-qadalı yolla təcili olaraq qarabağlı Vəzirovu devirmək. AXC siyasətçiləri tərəzinin ikinci gözündə olan seçimə üstünlük verdilər.

Nəticəni oxucuya dəxi xırdalamayacağam.

İkinci dəfə tarix 1992-ci ilin əvvəlində  AXC siyasətçilərini yenə ciddi seçim qarşısında qoydu: ya parlamenti müxalifətə təslim etmiş və icra hakimiyyətinin şir payını təklif edən şirvanlı Mütəllibovla koalision ortaqlığa getmək, ya da onu silahlı qiyamla devirmək.

AXC siyasətçiləri tale tərəzisinin sağ və sol güzündəki bu iki seçimdən ikincini seçdilər. Nəticə nə oldu? Bu nəticənin fəsadları ilə xalq indinin özündə hələ də yaşayır.

Bəli, zəkalı və əzmli Heydər Əliyev AXC siyasətçilərinin israrlı dəvətindən sonra hakimiyyətə qayıtdı və dövlət sükanından möhkəm yapışdı. Bu zaman tarix onun qarşısında iki seçim qoydu: səmərəsiz inzibati-amiranəlik quruluşunu bərpa etmək, ya da müasir zəmanənin tələblərinə cavab verən demokratik cəmiyyət qurmaq. Heydər Əliyev bilmədiyi, bacarmadığı ikinci seçimi deyil, əla bildiyi birinci seçimi etdi və onun acısını xalqımız hələ də yaşayır.

Azərbaycan yağlı tikədir, hakimiyyətin zirvəsində möhkəm əyləşib bu yağlı tukəni aramsız nuş edən vücudlar əsla xam insan deyil, odur ki, onlar heç vaxt Azərbaycanda şəffaf və ədalətli seçki keçirməyə razı olmaz. Ölkəmizin vətəndaş cəmiyyətinin tarixində cəmi bir dəfə Arzu Abdullayeva möhkəm və səmərəli koalisiya yaradıb 2003 və 2005-ci illərdə seçki prosesini demək olar ki, tam nəzarətə götürə bildi. Hakimiyyətin rahat saxtakarlıq işləklərinin sonu yaxınlaşdı. Bu təhlükəli məqamı üstələmək bacarığını möhtərəm alim akademikimiz Ramiz Mehdiyev özünün müxalifət daxilindəki sınanmış xidmətçiləri vasitəsilə nümayiş etdirə bildi. Ənənəvi müxalifət maralları tərəzinin düzgün gözünü seçib “Qızıl payız” adlı bir əndrəbadi əks-birlik təsis etdilər. Seçkilərə müşahidə sahəsində nəzərə çarpacaq heç bir əməlli iş görməsələr də, hakimiyyətə və şəxsən Ramiz müəllimə lazım olan xidmətləri göstərdilər. Bu dəfə də seçim xalqın hesabına edildi.

Ölkə bazar iqtisadiyyatına keçir. Dərmanı xaricdən alan bir neçə əczaçılıq şirkəti milli bazarda at çapır. Çox yorğu çapır, dərman alverçiləri milyonerə çevrilib artıq parlamentə də soxulurlar, daha doğrusu, millət vəkili kürsüsünü satın alırlar. O qədər xalqın canı və qanı hesabına varlanıblar ki, artıq Britaniya hüquq qurumları  onların qanunsuz gəlirlərini bizim sevimli və can-ciyər ingilis xalqının hesabına müsadirə edir.

Elə bu əzəmətli və fəxrə layiq həngamələrin çiçəkləndiyi vaxtda səhhətim sarsılır və tanıdığım təcrübəli həkimə üz tuturam. Professor məni müayinə edir və  dərman yazır. Yaza-yaza da deyinir: “Sənə çox xeyirli bir dərman yazardım, fəqət onu Azərbaycana daha gətirmirlər, çünki ucuzdur. Əvəzinə ondan zəif, lakin qat-qat bahasını gətirirlər. Əgər əlin çatsa, həmin bu dərmanları Türkiyədən və ya Gürcüstandan gətizdir, orada onlar bizdəkindən üç dəfə ucuz qiymətə sərbəst satılır”.

Həkimin gileyinin mənasını anlayıram və düşünürəm: xalqımın səhiyyə sahəsində bəxti nə vaxt gətirəcək? Nə üçün son otuz ildə Əliyevlər bu sahəyə yalnız canavar kimi doymaq bilməyən, əhaliyə laqeyd, cibini güdən vicdansızları təyin edir?

Şəxsən mənim üçün cavab aydındır. Əhali bu cavabı eşidib qana biləcəkmi?

Xub, keçənə güzəşt deyərlər. İndi dövlətimizin tarixində həssas anı yaşayırıq. Qarabağın üçdən ikisini azad etmişik, qalıb üçdən biri.  Bu üçdən birini savaşsız və itkisiz azad etmək üçün gərək erməni əhalisini Azərbaycanda yaşamağa razı salaq.

Demək olmaz ki, Qarabağ erməniləri son otuz ildə azad və demokratik cəmiyyətdə yaşayıblar. Yox, bu separatçı qurumdakı vəziyyət Azərbaycandakı vəziyyətdən çox az fərqlənir. Eyni məmur dərəbəyliyi, ictimai qütbləşmə, kasıblıq və hüquqsuzluq. Fəqət erməni öz erməni məmurunun zülmünə dözür, azəri məmurunun zülmunə dözməyə razı deyil. Bu ayri-seçkiliyin həqiqi səbəbi milli ayrı-seçkilik sayıla bilər, təhtəlşüurda kök salmış milli inamsızlıq da ola bilər, lakin bu mərəzin tək çarəsi dünyanın gözü önündə dövlətimizdə həqiqi demokratik islahat keçirilməsidir.

Yəni yenə həmin ənənəvi seçim, tərəzinin bir gözündə xalqın xeyri və istəyi,o biri gözündə hakimiyyətin doymaq bilməyən sərvət hərisliyi . Kifayətdir ki, Azərbaycan Konstitusiya islahatı keçirib bələdiyyələrin səlahiyyətlərini genişləndirsin, dini və milli azlıqların hüquqlarına qanuni təminatlar yaratsın, üstəlik bircə dənə ədalətli seçki keçirib parlamentə Prezident Aparatının deyil, əhalinin bəyəndiyi vətəndaşları salsın, dünya əl çalıb indi Azərbaycana naz edən ermənilərə “ağlınızı başınıza yığın” deyəcək.

Möhtərəm oxucum, özün de, hakimiyyət bu iki seçimdən hansını edəcək?

Ana səhifəMənim FikrimcəTərəzi