“Odlar Yurdu” (OYU) Universitetinin bir qrup tələbəsi təhsil müəssisəsində daxili nizam-intizam qaydalarının sərtləşdirilməsi və tələbə hüquqlarının pozulması iddiası ilə Meydan TV-yə müraciət edib. Təhlükəsizlik səbəbilə adlarının gizli qalmasını istəyən tələbələr, yeni tətbiqlərin həm təhsil prosesini çətinləşdirdiyini, həm də əlavə maliyyə yükü yaratdığını bildirirlər.
Onların sözlərinə görə, universitetdə davamiyyətsizlik limitləri minimuma endirilib. Əvvəl 75 saatlıq fənlərdə 6-7 qayibdə kəsilmə halı tətbiq olunurdusa, hazırda bu limit 1-2 qayibə endirilib. Davamiyyətsizliyə görə təqdim olunan tibbi arayışlar isə qəbul olunmur. Nəticədə tələbələr kəsilərək ödənişli əlavə dərs qruplarına (altqruplara, yay məktəblərinə) yönləndirilir.
Tələbələr həmçinin qeyd edirlər ki, dərslərdə telefonların yığılması onların tədris materiallarına çıxışını çətinləşdirir və əlavə çap xərcləri yaradır. Eyni zamanda, tələbələr universitetin onlara “məktəbli” kimi davrandığını və bəzi hallarda valideyn nəzarətinin tələb olunduğunu bildirirlər. Qaydalara etiraz etdikdə isə rəhbərlikdən sərt cavablar aldıqlarını iddia edirlər.
“Təhsil haqqında” qanunda və ali təhsil qaydalarında qayib üçün konkret saat və ya faiz limiti göstərilmir. Bu səlahiyyət ali təhsil müəssisələrinə verilir, yəni hər universitet özü daxili qaydalarını müəyyən edir. OYU-nun rəsmi saytında isə yeni qaydalar və daxili nizamnaməsi barədə məlumat yerləşdirilməyib.
Tələbələrin “təkrar ödəniş” narazılığı
Tələbələrin şikayətləri təkcə müraciətlərlə bitmir, onlar sosial şəbəkələr vasitəsilə narazılıq edirlər. Onların sözlərinə görə, qayib limitinin semestr ortasında 1-2 saata endirilməsi, onları bilərəkdən kəsib ödənişli dərslərə salmaq məqsədi daşıyır. Onlar bunu universitetin qazanc əldə etmək üçün qurduğu bir sistem kimi qiymətləndirirlər.

Universitet tibbi arayışları nəzərə almır
Şərhlərdə ən çox toxunulan məqamlardan biri xəstəlik arayışlarının qəbul edilməməsidir. Tələbələr iddia edirlər ki, hətta ağır xəstəliklər zamanı gətirilən rəsmi sənədlər rəhbərlik tərəfindən nəzərə alınmır.

Telefon qadağası tələbələrə əlavə çap xərcləri yaradır
Tələbələrin yazdığına görə, dərslərdə telefonların yığılması dərslikləri rəqəmsal (PDF) oxumağa mane olur. Onlar bildirirlər ki, bu qadağa onları bütün materialları pulla çap etdirməyə məcbur qoyur və nəticədə əlavə xərclər yaranır.

“Universitet deyil, hərbi rejimdir”
Tələbələr şərhlərdə universitetdəki şəraiti “hərbi rejim” və ya “həbsxana”ya bənzədir. Onlar yetkinlik yaşına çatmış şəxslərə məktəbli kimi yanaşılmasından və valideyn nəzarəti tələblərindən şikayətçidirlər.

Narazılıqlara sərt cavab və tənqidi rəylərin silinməsi iddiaları
Tələbələr şərhlərində qeyd edirlər ki, hər hansı narazılıq bildirəndə rəhbərlik tərəfindən “xoşun gəlmir, sənədlərini götür get” kimi cavablar alırlar. Həmçinin universitet tərəfindən sosial mediada yazılan tənqidi rəylərin silindiyi iddia olunur.

Meydan TV məsələ ilə bağlı OYU-ya sorğu ünvanlayaraq tələbələrin iddialarına cavab almağa çalışıb. Eyni zamanda, Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayaraq tələbələrin sosial şəbəkələrdə yazdıqları şikayətlərin araşdırılıb-araşdırılmadığı soruşulub. Qanunvericiliyə uyğun olaraq cavab üçün nəzərdə tutulan müddət gözlənilsə də, material dərc olunan vaxta qədər sorğumuza cavab verilməyib. Qurumların mövqeyini əldə etdiyimiz halda, onu ayrıca təqdim edəcəyik.
“Azərbaycanda təhsil sistemi siyasiləşib”
Bakı Dövlət Universitetində müəllim kimi çalışan və işinə siyasi fəaliyyətinə görə son verilən Araz Əliyev Meydan TV-yə deyir ki, müstəqillik dövründən bəri Azərbaycanda universitetlər və ümumilikdə təhsil sistemi getdikcə siyasiləşib. Onun sözlərinə görə, bu, əsasən hakimiyyətyönlü siyasiləşmədir və universitet daxilində qərarların verilməsinə, eləcə də, tələbə və müəllimlərin vəziyyətinə təsir göstərir. Onun fikrincə, tələbə hüquqları ilə məşğul olan rəsmi və qeyri-rəsmi qurumlar müstəqil deyillər. Daha çox universitet rəhbərliyinin və yuxarı orqanların mövqeyini əks etdirirlər.
Araz Əliyev qeyd edir ki, bir neçə il əvvələ qədər tələbə hüquqları ilə məşğul olan aktivist çevrələr mövcud idi, lakin son illərdə vətəndaş cəmiyyətinə və aktivistlərə qarşı təzyiqlərin artması bu təşəbbüslərin zəifləməsinə səbəb olub.

“Növbəti illərdə bu daha da artacaq. Çünki hüquqlar qorunmadığı müddətcə onu pozmaq istəyən adamlar hər zaman olacaq. Tələbələri ram etmək, onların azad düşüncəsini, zehniyyətlərini klassik hakimiyyətə uyğun dəyişmək istəyəcəklər. Bizim klassik təhsil sistemimiz azad düşüncəni təbliğ etmir. Təhsil sistemimiz daha çox mütiliyi, bir nəfərə hörməti, tabeçiliyi öyrədir”.
Araz Əliyev bildirir ki, sistemdə iqtisadi motivlərin də rolu istisna edilmir. Onun sözlərinə görə, tələbələrin kəsilməsi, yay məktəblərinə və əlavə imtahanlara yönləndirilməsi bəzi hallarda universitetlər üçün əlavə gəlir mexanizmi yarada bilər. O qeyd edir ki, bu halda tələbə həm yenidən ödəniş edir, həm də eyni fənni təkrar oxumağa məcbur olur və bu da onun üzərində əlavə maliyyə yükü yaradır:
“Tələbələr nə qədər çox kəsilirsə, o qədər çox yay məktəblərinə və əlavə imtahanlara yönləndirilirlər. Bu zaman yenidən ödəniş etmək lazım gəlir və tələbənin xərci artır. Bu rüsumlar zamanla artdığı üçün sistem universitet daxilində bir növ “kölgə iqtisadiyyatı” görüntüsü yaradır. Nəticədə tələbənin həm maliyyə yükü artır, həm də seçim imkanları məhdudlaşır”.