2025-ci ildə ölkənin tədiyyə balansında 1,5 milyard dollara yaxın kəsir yaranıb. Azərbaycan Mərkəzi Bankının 2025-ci il üzrə tədiyyə balansına dair hesabatına əsasən, yalnız cari əməliyyatlar hesabında müsbət saldo qeydə alınıb. Bu müsbət saldo isə neft-qaz sektorundan əldə olunan gəlirlərin ticarət balansında yaratdığı yüksək profisitlə əlaqədardır.
Lakin xidmətlər və kapital hesabları göstərir ki, bu istiqamətlər üzrə ölkədən çıxan vəsait daxil olan kapitalı üstələyib.
İllik hesabata görə, ötən il Azərbaycanın cari əməliyyatlar hesabında 3,5 milyard dollar məbləğində müsbət saldo yaranıb. Belə ki, bu əməliyyatlar üzrə daxilolmalar 37 milyard dollar, ödənişlər isə 33,3 milyard dollar təşkil edib. Burada əsas təkan verən amil isə neft-qaz sektoru üzrə ticarətdə 13,8 milyard dollarlıq profisitin formalaşmasıdır. Qeyri-neft-qaz sektoru üzrə balans isə 10,3 milyard dollar kəsirlə yekunlaşıb.
Cari əməliyyatlar hesabında xarici ticarət tədiyyə balansının əsas onurğa sütununu təşkil edir. Belə ki, xarici ticarət balansında 6 milyard 378 milyon dollarlıq müsbət saldo bu bölmə üzrə gəlirlərin artıqlığını təmin edib.
Cari əməliyyatlar hesabının xidmətlər balansında isə tikinti və xarici podratçıların xərclərinin artması bu sektorda 1,6 milyard dollarlıq kəsir yaradıb. Xidmətlər balansı üzrə daxilolmalar 8,6 milyard dollar olduğu halda, ölkədən çıxan vəsait 10,2 milyard dollar təşkil edib. Xüsusilə tikinti xidmətləri üzrə 1,5 milyard dollardan çox vəsait ölkədən çıxıb. Hesabatdan görünür ki, bu, əsasən neft-qaz sektorunda həyata keçirilən layihələr çərçivəsində cəlb olunan xidmətlərlə bağlı olub.
Bununla yanaşı, nəqliyyat xidmətləri üzrə 1 milyard 925 milyon dollarlıq profisit yaranıb. Xüsusilə yük daşımalarından 2,7 milyard dollar vəsaitin daxil olması bu sahədə 1,7 milyard dollarlıq müsbət fərq yaradıb.
Turizm xidmətləri üzrə daxilolmalar 1,9 milyard dolları keçib və sözügedən sektor 437 milyon dollarlıq müsbət saldo ilə ili başa vurub.
İlkin gəlirlər bölməsinin təhlili isə göstərir ki, burada yaranan 1,9 milyard dollarlıq kəsirin əsas səbəbi investorların Azərbaycanda əldə etdikləri gəlirləri xaricə çıxarmasıdır. Təkcə birbaşa investisiyalar üzrə xaricə 3,4 milyard dollar kapital ödənilib. Nəticədə bu istiqamətdə əməliyyatlarda 2,4 milyard dollarlıq defisit yaranıb. Bu bölmədə ölkədən çıxan investisiyaların əsas hissəsi neft-qaz sektorunun payına düşür.
Maliyyə hesabında 5,3 milyard dollarlıq xalis maliyyə aktivləri əsas diqqət çəkən bölmələrdən biridir. Belə ki, xalis maliyyə aktivləri üzrə olan bölmə Azərbaycan rezidentlərinin (dövlət və şirkətlərin) xaricdə əldə etdikləri maliyyə aktivlərini və investisiyaları əks etdirir. Rəqəmlər göstərir ki, Azərbaycanın xarici iqtisadiyyatlara yönəltdiyi birbaşa investisiyaların həcmi 910,2 milyon dollar artıb. Eyni zamanda, Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyalar 76,2 milyon dollar azalıb. Xüsusilə, neft-qaz sektorunda xarici öhdəliklərin 1,1 milyard dollar azalması müşahidə olunur.
Ötən il fiziki şəxslərin pul köçürmələri üzrə isə 671,8 milyon dollar müsbət saldo qeydə alınıb. Ölkəyə daxil olan pul baratlarının həcmi 1,2 milyard dollara yaxın olub. Azərbaycan vətəndaşları tərəfindən xaricə göndərilən vəsaitin məbləği isə 505,1 milyon dollar təşkil edib.