Şüşəli şkafdakı cehizlər…

Qoqolun, Dostoyevskinin, yoxsa Seymur Baycanın?

Source:

Azərbaycanlı ailələrinin  evində böyük qutulara oxşayan şüşəli şkaflar olur. Onların içində anadan qıza ötürülən, çox vaxt isə sonunda lazımsız əşya kimi evin bir küncünə yığılan, vaxtında bahalı pullara alınmış müxtəlif servislər olur. Bu qablar bir çox azərbaycanlı evlərinin dekorasiyasını təşkil edir.

Azərbaycana bir il müddətinə gələn xarici xanımla hörmətli bir təlim zamanı söhbət edərkən öz təəssüratlarını belə bölüşürdü.   Ümumiyyətlə,  demək olar ki, hər bir azərbaycanlının evində bu tipli mebellər olur. Bəzilərimizin evində, bir qədər oxumuş, savadlı ailələrdə bununla yanaşı böyük, gözəgəlimli biçimdə kitab şkafları da var. Son vaxtlar sosial şəbəkələrdə gənclərin evdə görüb-götürdüyü yox, öz dünyalarının məhsulu olan xudmani kitab şkaflarının şəkillərinə də rast gəlmək olur.

Axrıncı dəfə kənddə gedəndə evimizdəki kitab şkafında qalan son kitablarının üzlərini cırıq-cırıq, özü də zibillikdə gördüm.  Anam çox yaşlaşıb, atam da, evdəki hansısa əşyaların qayğısına qala bilmirlər artıq. Nə harda köhnəlib sınır-dağılırsa elə orda da qalır.

Evimizdə uşaq vaxtından qalma kitab şkafının yerində bir qədər müasir dəbə uyğun televizor altığı var. İçi də ki, bomboş. Amma etiraf edim ki, ümumi Azərbaycan ailələrində olduğu kimi bizim də evimizin görkəmli yerində o böyük qutulara bənzəyən, içində də lazımsız qab-qacaq olan mebel dayanıb.

Kiçik yaşlarından uşaqlarını oxumağa, yazı yazmağa həvəsləndirən orta statistik Azərbaycan ailəsi  niyə görəsən  bu işi uşaqlarına vizual şəkildə sübut etmək istəmir ki, kitab doğurdan da müqəddəsdir, oxumaq bizim gələcəyimizə işıq salır.

Çox yaxın bir qohumumun evində oluram tez-tez. Kirayə qaldığım üçün heç vaxt kitab şkafım olmayıb. Burdan ora, ordan bura daşınmaq çətindir, hələ üstəlik kitab şkafın varsa bu çox ağır yükdür.  Bunun üçün  bütün kitablarımı yekə paltar çomadanlarına yığıb, həmin qohumların evinə yerləşdirdim. Bir gün onlara baş çəkəndə, kitab  çomadanlarımı evdə görmədim, soruşanda cavab verdilər ki, çomadanlar həyətdədir, evdə yer olmadığı üçün onları həyətə qoyduq. Sözün düzi hər dəfə yağış yağanda özümü yox o kitabları düşünürəm, görəsən bu dəfə neçə kitab suyun içində qalacaq? Hansı yazarın payına bu dəfə hörmətsizlik düşəcək? Qoqolun, Dostoyevskinin, Herman Hessenin, Heminqueyin, Umberto Econun, Çak Palanikin yoxsa Seymur Baycanınmı?  Gərək yazarlar məni bağışlasın, bu vəziyyətdən çox utanıram. Amma nə etmək olar, ailənin bahalı qab-qacağa, içgi rumkalarına, taxta parçalarına verdiyi dəyər bu kitablara verilən dəyərdən qat-qat çoxdur.

Kreditə girib böyük maşınlar, yekə gözə gəlimli mebillər, yekə əldə güclə tutulacaq telefonlar ala bilərik. Ayın sonunda canımız çıxa-çıxa  sabah 9 dan axşam 7 yə kimi işləyib bütün həyatımızı sərf etdiyimiz  işimizdən bizə çatan maaşı rahatlıqla banklara ödəyə bilərik. Evimizin bəzəyini, özümüzün dəyərli olduğumuzu belə bahalı əşyalarla kiminsə gözünə soxmaqla, eqomuzu tətmin edə bilərik. Amma sonra.. Evdə də uşaqlarımızın başına döyə-döyə kitaba, elmə həvəsləndirmək üçün, yazıq uşağı n gününü göy əskiyə bükərik.

Burdan keçmirmi uşaqları düzgün tərbiyənin, düzgün yönləndirmənin yolu? Uşaqlara məcbur gördütdürdüyümüz işlə, dəyər verdiklərimiz arasında paradokslar yoxdurmu?

Ana səhifəMənim FikrimcəŞüşəli şkafdakı cehizlər…