Bakı İstintaq Təcridxanasında bitin yayıldığı bildirilir

Həbsxana. Foto: arxiv

Penitensiar Xidmət məlumatı təkzib edir

1 saylı Bakı İstintaq Təcridxanasında anoplura parazitinin (bit) yayıldığı bildirilir.

Bu barədə qadın koloniyasına göndərilən məhkum öz ailə üzvlərinə məlumat verib.

O deyib ki, vəziyyət son dərəcə ağırdır:

Hətta iş o yerə gəlib ki, qadın məhkumların saçları qırxılır. Antisanitariyanın əsas səbəblərindən biri isti suyun az verilməsi ya da heç verilməməsidir”.

Məhkumun dediyinə görə, 8-10-12 nəfərlik kameralarda çimmək üçün isti su həftədə iki dəfə olmaqla cəmi iki saat verilir.

Bundan əlavə, məhkumlar qadınlara məxsus spesifik gigiyena məhsulları ilə demək olar ki, təmin edilmirlər.

Penitensiar Xidmət (PX). Foto: PX

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Meydan TV-yə bildirilib ki, qeyd edilənlər həqiqəti əks etdirmir.

Bütün penitensiar müəssisələrdə mütəmadi olaraq məhkum və həbs edilmiş şəxslərin saxlandığı kameralarda, yataqxanalarda, həmçinin digər yaşayış yerlərində mütəmadi olaraq sanitar-gigiyena və əksepidemik tədbirlər qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun aparılır, daim nəzarətdə saxlanılır”, – Penitensiar Xidmətin məlumatında deyilir.

Həmçinin qeyd olunur ki, Bakı istintaq təcridxanasında qadınların saxlandığı hər bir kamerada duş qəbul etmək üçün isti və soyuq su ilə təmin edilmiş hamam avadanlıqları və sanitar-gigiyena qaydalarına cavab verən sanitar qovşaqlar var:

“Həbs edilmiş şəxslərə həftədə bir dəfədən az olmayaraq, havaların isti keçdiyi dövrlərdə daha tez-tez hamam və ya duş qəbul etmək üçün şərait yaradılır. Penitensiar müəssisələrdə saxlanılan qadınlar qanunvericilikdə nəzərdə tutulmuş xüsusi gigiyena ləvazimatları ilə təmin edilirlər”.

Ana səhifəSosialBakı İstintaq Təcridxanasında bitin yayıldığı bildirilir