Suriyada İran Konsulluğu dağıdılıb: deputat İsrailin Bakıdakı səfirliyini hədəf göstərir

Foto: Reutersdən Screenshot

İsrail xarici mediada yayılan xəbərləri şərh etmək istəmir

Aprelin 1-də İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğuna hava hücumu edildiyi bildirilir.

Nəticədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı, Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhiminin, həmçinin onları müşayiət edən beş zabitin həlak olduğu deyilir.

Suriya və İran mediası bunun İsrailin hava hücumu nəticəsində baş verdiyini bildirib, həmçinin bu aktı Yaxın Şərqdə İrana və onun müttəfiqlərinə qarşı münaqişənin genişləndirilməsi kimi qiymətləndirib.

İran və Suriya hökumətləri İran səfirliyi yaxınlığındakı binanın dağıdılması ilə nəticələnən bu hücumu pisləyib.

Foto: Reutersdən Screenshot

Zərbə ilə bağlı suala İsrail ordusunun sözçüsü “Biz xarici mediada yayılan xəbərləri şərh etmirik”, – deməklə kifayətlənib.

“The New York Times” qəzeti adı açıqlanmayan dörd İsrail rəsmisinə istinad edərək hücumu İsrailin törətdiyini yazıb.

İranın BMT missiyası zərbəni “BMT Nizamnaməsinin, beynəlxalq hüququn, diplomatik və konsulluq binalarının toxunulmazlığının təməl prinsipinin kobud şəkildə pozulması” kimi qiymətləndirib.

BMT
Foto: BMT

Zərbənin “regional sülh və təhlükəsizliyə əhəmiyyətli təhdid” olduğunu deyən İran missiyası BMT Təhlükəsizlik Şurasını hücumu pisləməyə çağırıb və Tehranın “qətiyyətli cavab vermək” hüququnu özündə saxladığını bildirib.

İranın bölgədəki ən güclü silahlı nümayəndəsi olaraq görülən Livanın “Hizbullah” qrupu qisas alacağına söz verib.

“Bu cinayət düşmən cəza və qisas almadan keçməyəcək”,– “Hizbullah”ın bəyanatında deyilir.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian olayı “bütün mümkün beynəlxalq konvensiyaların pozulması” adlandırıb.

Nazirliyin sözçüsü Nasir Kənani bildirib ki, Tehran hücuma cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Foto: Cəlal Rəşidinin rəsmi “X” səhifəsi

İran parlamentinin üzvü Cəlal Rəşidi isə İsrailin Azərbaycandakı səfirliyini “vurmağa” çağırıb:

“Sionistlərin İran torpağına hərbi hücumuna istənilən başlıq altında qəti və bənzər cavab verməkdə səbir və gecikmə İranın böyük adının nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir. Təklifim odur ki, sionistlərin region ölkələrinin birindəki diplomatik mərkəzlərini, daha yaxşısı Azərbaycanı açıq və birbaşa hədəfə almaqdır”.

Ana səhifəDünyaSuriyada İran Konsulluğu dağıdılıb: deputat İsrailin Bakıdakı səfirliyini hədəf göstərir