Söyüdlüyə giriş-çıxışın bağlandığı bildirilir

Foto: “Facebook”

Sakinlər deyirlər ki, qeydiyyatı olmayanı kəndə buraxmırlar

Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər.

Onlar səbəb kimi iyunun 20-21-də etdikləri etiraz aksiyasını görürlər.

Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.

Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.

Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.

Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.

Sakinlər bildirirlər ki, hazırda kəndlərinin giriş-çıxış yollarına polislər nəzarət edir.

Kəndə, sadəcə, şəxsiyyət vəsiqəsi ilə girmək mümkündür.

Qeydiyyatı olmayanı isə kəndə buraxmırlar.

Daxili İşlər Nazirliyi (DİN) də məlumatı təsdiqləyib.

DİN-in yaydığı məlumatda bildirilir ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə Gədəbəy rayon Söyüdlü kəndinə kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Aksiyada kənd sakinlərindən həbs edilənlər var.

Beş nəfər 20 sutka həbs cəzası alıb, bir nəfər cərimələnib.

Kənd sakinləri həbs edilən yaxınları ilə görüşə bilmədiklərini, onlara apardıqları sovqatı geri qaytardıqlarını bildirir.

İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.

Sakinlər həmin süni gölün suyunun zəhərli olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirir.

Aksiya iştirakçıları bildirib ki, yaradılan su hövzəsində zəhərli maddələr toplanır.

Etiraza səbəb olan süni göl kənddə yaradılan ikinci su hövzəsidir.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər. 

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.
Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.

Ana səhifəSiyasətSöyüdlüyə giriş-çıxışın bağlandığı bildirilir