SOCAR-ın borcu 25 milyard manatı ötüb, xaricdəki şirkətlərinin gəlirləri isə azalıb

Foto: HJBC\shutterstock

Ötən ilin iyun-iyul aylarında Azərbaycan neftinin üzvi xloridlə çirkləndirilməsinin aradan qaldırılması Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 161 milyon manata başa gəlib.

Bu barədə SOCAR-ın 2025-ci ilə dair maliyyə hesabatında göstərilir. Hesabata görə, neftin çirkləndirilməsinin aradan qaldırılması üçün ehtiyat yaradılıb.

Dövlət Neft Şirkətini ümumi gəlirləri 2 faiz artaraq 86,3 milyard manat təşkil edib.

Şirkətin ümumi mənfəəti 2024-cü illə müqayisədə 70,5 faiz artaraq 12,6 milyard manata çatsa da, xalis mənfəət dəyişməyərək 2,9 milyard manat səviyyəsində qalıb. Hesabata əsasən, xalis mənfəətin artmamasının əsas səbəbləri maliyyə xərclərinin və məzənnə zərərlərinin artmasıdır.

Belə ki, dövlət şirkətinin inzibati xərcləri 46 faiz artaraq 3,3 milyard manata çatıb. Maliyyə xərcləri 2 milyard manatdan 2,6 milyard manata yüksəlib, məzənnə fərqi üzrə xalis zərər isə 393 milyon manat təşkil edib.

SOCAR-ın cəmi öhdəlikləri və kapitalı 3 faiz artaraq 96,85 milyard manata yüksəlib. Maliyyə hesabatına görə, şirkətin cəmi öhdəlikləri 46,92 milyard manat olub.

Dövlət Neft Şirkətinin öhdəlikləri arasında qısamüddətli borclar 2 dəfədən çox artaraq 7,14 milyard manatdan 15,1 milyard manata yüksəlib. Uzunmüddətli borclar isə 16,52 milyard manatdan 10,03 milyard manata enib. Beləliklə, ötən il şirkətin ümumi borcu 25,1 milyard manata çatıb.

Şirkətin dövlət qurumlarına və dövlət banklarına istiqrazlar üzrə birlikdə ödəniləcək məbləğ də daxil olmaqla, 3,04 milyard manat borcu var.

  • Bunun ən böyük hissəsi – 2,39 milyard manatı Dövlət Neft Fonduna (ARDNF) olan borcdur. Bu borcun ödəniş müddəti 2028-2032-ci illər göstərilir. SOCAR-ın Fonda olan borc kağızlarının illik faiz dərəcəsi 3,2% – 6% aralığındadır.
  • Azərbaycan Beynəlxalq Bankına olan 74 milyon manatlıq borcun ödəniş müddəti 2026-cı ilin avqust-oktyabr aylarında başa çatır.
  • Maliyyə Nazirliyinə 270 milyon manat borcu var.
  • Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) 169 milyon manat borc öhdəliyi yaranıb.
  • “Aqrarkredit” QSC-yə 69 milyon manat, Azərbaycan İnvestisiya Şirkətinə 65 milyon manat, AZAL QSC-yə isə 9 milyon manat borc var.

Hesabatda həmçinin vurğulanır ki, Azərbaycan hökumətinin təmsilçisi olaraq Maliyyə Nazirliyi SOCAR-ın 6,3 milyard manatlıq xarici və daxili borclarına birbaşa dövlət zəmanəti verir. Bu isə borcla bağlı yaranan risklərin birbaşa dövlət büdcəsinin təminatı altında olduğunu göstərir.

Şirkətin büdcəyə ödənilməli olan vergi və sosial sığorta ayırmaları üzrə borcları isə 2024-cü ildəki 1,36 milyard manatdan 43,3 faiz artaraq 2025-ci ildə 1,95 milyard manata yüksəlib.

SOCAR bildirir ki, 2025-ci ildə dövlətə 3,8 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər üzrə ödənişlər edilib: “Ümumiyyətlə, 2021-2025-ci illər ərzində isə SOCAR tərəfindən dövlətə cəmi 15,9 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər olunub. Bununla yanaşı, qeyd olunan 2021-2025-ci illər ərzində SOCAR-a dövlət tərəfindən cəmi 1,6 milyard manat həcmində vəsait yatırılıb”.

2025-ci ildə SOCAR-ın gəlirlərində ən əhəmiyyətli sıçrayış qaz seqmentində olub. Xam neft satışından əldə olunan gəlirlər 23,5 faiz azalaraq 36,18 milyard manata gerilədiyi halda, təbii qaz satışından qazanc 21 faiz artaraq 9,74 milyard manatdan 11,81 milyard manata çatıb.

Emal olunmuş neft məhsullarının satışından əldə olunan gəlirlər də kəskin artaraq 19,2 milyard manatdan 27,34 milyard manata yüksəlib.

Şirkətin əsas fəaliyyətindən kənar “sair gəlirləri” isə demək olar ki, iki dəfə artaraq 6 milyard manata yüksəlib.

Neft Şirkətinin xaricdəki törəmə şirkətlərinə gəlincə, Türkiyə də qazancı artsa da, İsveçrə və Birləşmiş Ərəb Əmirliklərində kəskin eniş müşahidə olunub. Belə ki;

  • SOCAR-ın qazancında ən yüksək payı olan İsveçrədəki törəmə şirkətinin gəlirləri 6,1 faiz azalaraq 53,8 milyard manatdan 50,6 milyard manata geriləyib.
  • SOCAR-ın Türkiyə bazarından əldə etdiyi gəlirlər isə 71 faiz artaraq 16,5 milyard manata yüksəlib.
  • Şirkətin Birləşmiş Ərəb Əmirliklərindəki satışları 8,82 milyard manatdan 1,01 milyard manata qədər kəskin şəkildə geriləyib.
  • Gürcüstandakı törəmə şirkət üzrə gəlirlər isə 7 faiz artaraq 1,66 milyard manat olub.

Şirkətin Azərbaycan daxili bazarından əldə etdiyi gəlirlər 8,21 milyard manatdan 13,7 milyard manata qədər artıb.

Ana səhifəİqtisadiyyatSOCAR-ın borcu 25 milyard manatı ötüb, xaricdəki şirkətlərinin gəlirləri isə azalıb