Siyasi şərhçi: “İlham Əliyev xalqa doğru məlumat verilmədiyini etiraf etdi”

Sərhəd. Foto: Prazis Images/shutterstock

Arif Hacılı da deyir ki, sərhədlər təhlükəsizliklə əlaqədar bağlanıbsa, xalqa məlumat verilməli idi

Ölkə başçısı İlham Əliyev quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirib.

Bu barədə Prezident aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında danışıb.

İlham Əliyev deyib ki, quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürlər:

Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb”.

Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum”, – Əliyev belə əlavə edib.

Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə deyib ki, İlham Əliyev 23 aprel açıqlaması ilə xalqa gerçək məlumat verilmədiyini etiraf edib.

Mirqədirov deyir ki, onsuz da cəmiyyət quru sərhədlərin qapalı saxlanılmasının pandemiya ilə əlaqəli olmadığını bilirdi:

Amma hakimiyyət hər dəfə koronavirusa görə sərhədləri bağlı saxladığı haqda xalqa məlumat verirdi. Halbuki bütün dünyada quru sərhədlərin açıldığı dövrdə Azərbaycanda bağlı saxlamaq acınacaqlı durumdan xəbər verir. Çünki hakimiyyət xalqa yanlış məlumat verdiyi üçün məsuliyyət daşımır və ondan cavabdehlik də tələb edilmir”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Prezidentin dediyi ciddi təhdidlərə gəldikdə Rauf Mirqədirov üçün bu sual açıq qalır:

2022-ci ildə Azərbaycan Rusiya ilə müttəfiqlik Bəyannaməsi imzalayıb və dövlət başçısı bir neçə gün əvvəl Moskvadan qayıdıb. Bu, özü-özlüyündə Bakı və Moskvanın müttəfiqlik münasibətlərinə malik oduğunun göstəricisidir. Ona görə də müttəfiqdən təhlükə gözlənilməsi bir qədər əcaib səslənə bilər. Gürcüstanla strateji müttəfiqik, Ermənistanla sərhədlərimiz bağlıdır. İranla münasibətlərimiz isə “Bakı küləyi” kimi dəyişir, bir il əvvəl diplomatik təmaslar az qala ləğv edilmiş vəziyyətindəydi, indi yaxşılaşıb. Bu mənada xarici təhdidlərdən danışılırsa, aydın bəyanatlar və izahlar olmalıdır, amma bunların heç biri yoxdur. Həmçinin cəmiyyət təhdidlərin mahiyyəti haqqında dəqiq məlumata malik deyil. Konstitusiyada hakimiyyətin mənbəyi xalqın olduğu göstərilir. Əslində, hakimiyyət xalqa deyir ki, siz bu məsuliyyəti bizə vermisiniz, ona görə sizinlə hesablaşmadan istədiyimiz qərarları qəbul edə bilərik”.

Bir çox dövlətlər Azərbaycanla müqayisədə daha mürəkkəb geosiyasi vəziyyətdə yerləşsələr də, quru sərhədləri açıqdır. Azərbaycan bu gün quru sərhədlərini bağlı saxlayan çox nadir dövlətlərdəndir, yalnız Şimali Koreyadır ki, orda 70 ildən çoxdur bağlıdır. Bu, doğrudan da, təəssüfləndiricidir və əsaslı və əsassız spekulyasiyalara yol açır”,-deyə Mirqədirov fikrini tamamlayıb.

III Respublika Platformasının İdarə Heyətinin üzvü Araz Əliyev ölkə başçısının çıxışına obrazlı yanaşıb.

Onun fikrincə, bu, ona bənzəyir ki, başına bir şey gəlməsini istəmirsənsə, evdən kənara çıxma:

Onda belə çıxır biz hətta hava yollarını da bağlasaq, başımıza heç bir şey gəlməyəcək. Halbuki güc və təhülkəsizlik göstəriciləri bu deyil”.

Foto: Araz Əliyevin şəxsi arxivindən

Araz Əliyev hesab edir ki, güc və təhlükəsizlik göstəriciləri dövlət qurumlarının peşəkarlığı, daha ciddi şəkildə iş aparmalarıdır:

“Bəli, ölkə başçısı içtimaiyyətə açıqlanmayan təhlükəli məqamların ola biləcəyindən də danışdı. Amma istənilən halda təhlükəli məqamların qarşısını almağın məsuliyyəti dövlət qurumlarının üzərindədir. Əgər onlar bu vəzifəyə iddialıdırlarsa, bu problemləri həll etməlidirlər. Buna görə onlar alqışlanmalı deyil, çünki hər kəs öz vəzifəsini yetinə yetirir. Yenə təkrar edirəm, o məntiqlə başımıza iş gəlməsini istəmiriksə, gərək, evdən kənara çıxmayaq? Çünki bu gün quru sərhədlərin bağlı saxlanılması təhlükəsizliyə əsas gətirilir, sabah bizə evdən çıxmağı da qadağan edəcəklər ki, başımıza hər hansı hadisə gələ bilər. Bu, doğru yanaşma deyil”.

Araz Əliyev düşünür ki, istənilən halda ictimai rəyi quru sərhədləri hələ də bağlı saxlamağa hazırlayırlar:

“Ən azı uzun müddət quru sərhədləri bağlı saxlayacaqlar”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə deyir ki, ölkə başçısı quru sərhədlərinin bağlı saxlanılmasını şimalda gedən müharibə, cənubdakı böhranla əlaqələndirdi:

Söhbətin Rusiya-Ukrayna savaşından getdiyi hər kəsə aydındır. Amma təhlükəsizliyin təmin olunması yalnız quru sərhədlərin bağlı saxlanılması ilə ola bilməz. Ona görə ki quru sərədləri bağlı deyil və quru sərhədlər əhalinin aztəminatlı hissəsi üçün bağlıdır. Hər gün quru sərhədlərdən yüzlərlə avtomobillər keçir”.

Arif Hacılı hesab edir ki, quru sərhədlər əgər pandemiya yox, təhlükəsizliklə bağlıydısa, bunu əvvəlcədən xalqa demək lazım idi:

Arif Hacılı
Foto: Meydan TV

Bu günə qədər xalqa deyilib ki, quru sərhədlərin bağlı saxlanılması pandemiyayla əlaqədardır. Ancaq indi birdən-birdən quru sərhədlərini təhlükəsizliyə görə bağlı saxladıqlarını və Azərbaycanın bundan çox böyük xeyir gördüklərini deyirlər. Əgər şimalda və cənubda quru sərhədləri bağlı saxlamaq lazımdırsa, onda nədən Gürcüstanla sərhədləri açmırlar? Naxçıvandan Türkiyəyə olan quru sərhədlər açıqdırsa, niyə Gürcüstanla bağlı olmalıdır? Həm də Gürcüstanda böhran və müharibə də yoxdur. İkincisi, Gürcüstanla sərhədin açılması Türkiyə ilə sərhədin açılması deməkdir”.

Ümumiyyətlə, təhlükəsizliyin bağlı saxlanılması mənə Nadir şahla bağlı bir hadisəni xatırladır. Sərdari-milli düşmənlərinin hücum etməsini ehtimalını nəzərə alaraq sərhəddə olan kəndləri yandırır, körpüləri partladır ki, hücum edə bilməsinlər. Sual yaranır, o necə təhlükəsizdir ki, quru sərhədləri qismən bağlı saxlamaqla qorunur? Əgər Rusiyadan təhdid varsa, hər gün onlarla təyyarə Azərbaycana gəlir, o cümlədən, Rusiyaya gedir. O cümlədən, yük maşınları, böyük bizneslə məşğul olan oliqarxlar problemsiz şəkildə quru səthədlərdən keçirlər. Əgər İran və Rusiyadan hər hansı təhdidlər varsa, onlar bu vasitələrlə də istəklərini həyata keçirə bilərlər”, – Hacılı belə deyib.

Baş nazir Əli Əsədov martin 11-də karantin rejiminin daha 3 ay, iyulun 1-dək uzadılmasına qərar verib.

Gerçək səbəbi ilə bağlı hər hansı açıqlama verməyib, pandemiyaya görə olduğu bildirilib.

Öncəki qərarla xüsusi karantin rejiminin müddəti aprelin 2-dək uzadılmışdı.

Koronavirus pandemiyası dünyada 2019-cu ilin sonundan yayılmağa başlayıb. Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb. Sonradan dəfələrlə karantin rejiminin vaxtı uzadılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib.

Azərbaycanda da bu virusa yoluxma sayında kəskin azalma var, lakin karantin rejimi sonlanmır.

Müstəqil ekspertlər, müxalifət partiyaları, tənqidçilər bunun COVİD-lə bağlı olmadığını, altında başqa məqsədlər olduğunu söyləyirlər.

Ölkə rəhbərliyi isə bununla bağlı hər hansı tutarlı açıqlama verməyib.

Ana səhifəSiyasətSiyasi şərhçi: “İlham Əliyev xalqa doğru məlumat verilmədiyini etiraf etdi”