Meydan TV-yə müraciət edən şikayətçi rayon maliyyə idarələrinin ləğv edildiyini, həmin qurumlarda çalışan əməkdaşların isə işsiz qaldığını bildirir.
Adının açıqlanmasını istəməyən şikayətçinin sözlərinə görə, valideyni rayonlardan birində Maliyyə Nazirliyinin yerli maliyyə idarəsində çalışıb. O deyir ki, üç aydan çoxdur rayonlardakı maliyyə idarələri və xəzinədarlıq strukturlarında dəyişiklik aparılıb.
Şikayətçi bildirir ki, rayonlardakı maliyyə idarələri və xəzinədarlıqlar ləğv edilərək Bakıdakı müvafiq strukturlara tabe etdirilib:
“Bütün rayonlarda maliyyə idarələri bağlanıb, xəzinədarlıqlar və maliyyə idarələri Bakıdakı xəzinədarlıq və maliyyə idarəsinə tabe edilib. Üç aydan çoxdur bu proses baş verib. İşçilərə əvvəl deyirdilər ki, onları başqa işlə təmin edəcəklər”.
Onun sözlərinə görə, əməkdaşlara bir neçə ay yeni işlə təmin olunacaqları bildirilsə də, sonradan bunun mümkün olmadığı deyilib.
“Neçə ay idi deyirdilər ki, iş verəcəyik. Amma ortada heç nə yoxdur. İndi isə deyirlər ki, iş yoxdur, özünüzə iş tapın. Anamı da işdən çıxarıblar”, – şikayətçi deyir.
Şikayətçinin iddiasına görə, struktur dəyişikliklərinin və ixtisarların əsas məqsədi işçi sayının azaldılması olub.
O, uzun müddət həmin qurumlarda çalışan əməkdaşların alternativ işlə təmin edilmədən işsiz qalmasından narazıdır.
Meydan TV məsələ ilə bağlı Maliyyə Nazirliyinə sorğu ünvanlayıb. Xəbər yayımlananadək nazirlik sorğuya cavab verməyib.
Hüquqşünas Ruslan Əliyev Meydan TV-yə bildirib ki, işçilərin ixtisarı zamanı qanunvericilikdə nəzərdə tutulan ümumi qaydalar struktur dəyişikliyinə məruz qalan dövlət qurumlarının əməkdaşlarına da şamil olunur.
Onun sözlərinə görə, ixtisar aparılarkən ilk növbədə işçinin ixtisasına uyğun başqa vakant vəzifənin olub-olmadığı nəzərdən keçirilməlidir:
“İstər xəzinədar, istərsə də digər əməkdaş olsun, ixtisar zamanı ilk növbədə həmin şəxslərə qurum daxilində ixtisaslarına uyğun başqa vakant iş yerləri təklif edilməlidir. Əgər uyğun iş yoxdursa və ixtisar qaçılmazdırsa, proses qanunvericiliyə uyğun aparılmalı, nəzərdə tutulan kompensasiya və müavinətlər ödənilməlidir”.
Ruslan Əliyev əlavə edir ki, Əmək Məcəlləsində nəzərdə tutulan hallarda müəyyən kateqoriyadan olan işçilər ixtisar zamanı işdə saxlanılmaq üçün üstünlük hüququna malik ola bilərlər. Onun sözlərinə görə, əlilliyi olan şəxslər və qanunla xüsusi qorunan digər kateqoriyalara aid əməkdaşlarla bağlı da müvafiq təminatlar nəzərə alınmalıdır.
Hüquqşünas bildirir ki, rayon maliyyə idarələri və xəzinədarlıq strukturlarında ləğv və ya ixtisar prosesi zamanı əmək qanunvericiliyinin tələbləri pozulubsa, əməkdaşlar bunu əmək mübahisəsi qaydasında mübahisələndirə bilərlər.
“Əgər işçi hesab edirsə ki, ixtisar qanunsuz aparılıb, prosedur qaydalarına əməl olunmayıb və ya ona düşən kompensasiya ödənilməyib, məhkəməyə müraciət edə bilər. İşçi məhkəmədən ixtisar qərarının qanunsuz sayılmasını, işə bərpa olunmasını və qanunvericilikdə nəzərdə tutulan hallarda dəymiş ziyanın ödənilməsini tələb edə bilər”, – Ruslan Əliyev deyir.