Rövşən Hacıbəyli
Seçki plakatlarında belə yazılıb
Azərbaycan 7 fevral həyəcanını yaşayır. Prezidentliyə namizədlərin İTV-də həftənin tək günləri keçirilən debatı bunun sübutudur. Bəzən həddini aşan tənqidlər, namizədlərin rəqib kimi bir-birinin ünvanına səsləndirdiyi ittihamlar ekran qarşısında onları izləyən seçicilərini belə ciddi narahat edir. Deyilənə görə, prezidentliyə namizədlərə müxtəlif ünvanlarda görüş üçün ayrılan yerlərdə çoxsaylı seçicilər qarşısında daha sərt çıxışlar olur…
Namizədlər öz təbliğatlarıyla, seçiciləriylə görüşlərində olsun, sizə Mərkəzi Seçki Komissiyasından xəbər verim. O da yerində dayanmır, seçkinin daha demokratik keçməsi üçün əlindən gələni əsirgəmir. Milli Məclisin mətbəəsi iş-gücünü atıb onun sifarişlərini çap edir. Müxtəlif çeşiddə çap olunan plakatların hər birinin tirajı 50 mindir…
Bu günlərdə MSK sədri Məzahir Pənahov prezident seçkisində, bütün sivil seçkilərdə olduğu kimi, “exit-poll” keçirmək üçün 3 təşkilatın akkreditasiya ilə bağlı müraciət etdiyini deyib. Bunlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (Sahib Məmmədov), Rəy Monitorinq Mərkəzi (Rizvan Abbasov), “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC-dir. Bu mərkəzin rəhbəri prezidentliyə namizəd Zahid Orucdur. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası o birilərdən fərqli olaraq “exit-poll”u “ORACLE ADVİSORY GROUP”– (ABŞ) təşkilatı ilə birgə keçirəcək. Azərbaycanda seçki proseslərini izləyən oxucular üçün bu təşkilatların xüsusi təqdimatına ehtiyac yoxdur, elə ABŞ təşkilatının da. Bir problem Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin “exit-poll” aparmasıdır, çünki qurumun rəhbəri prezidentliyə namizəddir, sorğu zamanı onun işçilərinin bitərəfliyi qorumağa gücü çatacaqmı? Düzdür, Zahid Oruc namizədliyi qeydə alınandan sonra STM İdarə Heyətinin sədri vəzifəsinin icrasını dayandıraraq (seçkinin nəticələri açıqlanana qədər), ödənişsiz məzuniyyətə çıxıb, ancaq işçilər bilir ki, seçki bitən kimi o, vəzifəsinin icrasına başlayacaq. Çətin situasiyadır, həm Zahid Oruc, həm də işçiləri üçün…
Yerli təşkilatlarla bağlı durum bəllidir, yerlilərdən fərqlənməyən ABŞ təşkilatı Azərbaycanda artıq 3-cü prezident seçkisini izləyir…
Bir maraqlı məqam isə seçki həyəcanının Azərbaycandan çox xaricdə yaşanmasıdır, adama elə gəlir ki, növbədənkənar seçkiyə xaricdə maraq daha böyükdür. Heç normal, yəni vaxtında keçirilən seçkilərə belə marağın şahidi olmamışıq. Prezident saytında son bir neçə gündə müxtəlif ölkələrdən gələn 60-dan çox məktub yerləşdirilib və proses tam gücüylə davam edir. Həmin məktubların hamısında xaricdəkilər Azərbaycan xalqını seçkidə fəal olmağa, İlham Əliyevə səs verməyə çağırır. Onlardan bir neçəsi ilə tanış olmaqda fayda var, elə prezidentliyə namizədlərin də bu məktubları oxuması məsləhətdir. Məsələn, Qüdrət Həsənquliyev İTV-də çıxışında dedi ki, müxtəlif səbəblərdən xaricə gedənlər (dolayısıyla bu hakimiyyətin siyasətindən narazı olanları, təqib və təzyiqlərdən, dolanışıq çətinliyindən gedənləri nəzərdə tuturdu), orda vətəndaşlıq alanlar Azərbaycan vətəndaşı kimi tanınacaqlar; əlbəttə, Həsənquliyev prezident seçilsə. Bu, prezidentliyə namizədin mövqeyi, aşağıdakı məktublar da xaricdəkilərin mövqeyi, adamların çörəyi dizinin üstündədir.
1.“…Mən Böyük Britaniyadakı Azərbaycan icmasının fəalı kimi bu il fevralın 7-də keçiriləcək prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyirəm”.
Royala Amiral-Mudi, Britaniyadakı Azərbaycan icmasının fəalı.
Böyük Britaniya, Lids şəhəri.
2.“Mən bütün Azərbaycan xalqını fevralın 7-də seçkiyə getməyə və İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram!”
Kamran Rüstəmov,
Texniki elmlər doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, Rusiya Memarlıq və İnşaat Elmləri Akademiyasının əcnəbi üzvü, Azərbaycan Respublikası və Rusiya Federasiyası Jurnalistlər İttifaqlarının üzvü.
3.“Biz öz növbəmizdə dünya azərbaycanlılarını qarşıdan gələn seçkilərdə aktiv iştirak etməyə və Ali Baş Komandan İlham Əliyevi dəstəkləməyə dəvət edirik”.
Sevda Badaliouri, “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin sədri.
Almaniya Federativ Respublikası, Berlin şəhəri.
4.“…Böyük fəxr və qürur hissi ilə bütün dünya azərbaycanlıları kimi, 2024-cü ilin fevral 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində birmənalı olaraq Sizin namizədliyinizi dəstəkləyərək uğurlar arzu edirik”.
Müslümova Rəna, Monreal Kanada-Azərbaycan Cəmiyyətinin sədri.
Kanada, Monreal şəhəri.
5.“…Biz hər zaman Vətənimizin təbliği missiyanı şərəflə yerinə yetirir, dövlətimizi və Sizin siyasətinizi inamla dəstəkləyirik. Əminik ki, 7 fevral prezident seçkilərində xalqımız Sizə səs verəcək”.
Mahmudov Taleh, Krasnoyarsk diyarı “Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri.
Rusiya Federasiyası, Krasnoyarsk diyarı.
6.“…2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində sevinc, fərəh hissi ilə Azərbaycan vətəndaşları olaraq iştirak edəcək və ölkəmizin taleyinə qələbə yazmış Prezidentimizə öz dəstəyimizi bildirməkdən qürur duyacağıq. Xalqımızın gələcəyinə səs verəcək və birmənalı olaraq Sizin namizədliyinizi dəstəkləyəcəyik”.
Hörmətlə, Qurbanov Taleh,
Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti.
Sloveniya Respublikası, Zaqore-na-Save şəhəri.
7.“…Sizə 2024-cü il Azərbaycanda keçiriləcək prezident seçkilərində uğurlar arzu edirik. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan dünya səhnəsində daha çox nailiyyətlərə imza atacaqdır”.
Lalin Həsənova, Kanada “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərəzinin rəhbəri.
8.“…Azərbaycan xalqı Sizə inanır, güvənir. Biz Sizi hər zaman Azərbaycanın alternativsiz Lideri olaraq görürük. İnanıram ki, fevralın 7-də keçiriləcək seçkilərdə Siz yenidən böyük səs çoxluğu ilə qalib gələcəksiniz”.
Əliyev Sabit, Rusiya Yazıçılar İttifaqının üzvü, “F.M.Dostoyevski” və “Sergey Yesenin” medallarına layiq görülmüş yazıçı, həkim-stomatoloq.
Rusiya Federasiyası, Moskva şəhəri.
9.“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti olaraq 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Ulu Öndərimiz Heydər Əliyevin siyasətini layiqincə davam etdirən, Azərbaycan xalqına Zəfər sevincini bəxş edən, ölkəmizin və xalqımızın adını dünya miqyasında qalibiyyətin ən uca səviyyəsinə çatdıran, qalib Azərbaycan xalqının qalib Prezidentinin – Sizin namizədliyinizi səmimi-qəlbdən dəstəklədiyimizi bəyan edirik.
Könül Hacızadə,“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri.
Küveyt Dövləti, Əl-Küveyt şəhəri.
10.Azərbaycanımız naminə qarşıdan gələn seçkilərdə Sizin Prezidentliyə namizədliyinizə dəstək verməyi özümə vətəndaşlıq və vətənpərvərlik borcu hesab edirəm. Azərbaycanda və xaricdə yaşayan həmyerlilərimizi də Qalib Liderə səs verməyə çağırıram.
Fərhad Mirzəyev, “BM Morrison Partners” beynəlxalq hüquq şirkətinin rəhbəri, hüquq elmləri doktoru.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, London şəhəri.
11.İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri adından 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərində yekdilliklə Sizi dəstəklədiyimizi bəyan edirik.
Yeganə Salman, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru.
İsrail Dövləti, Afula şəhəri.
12.Bütün dünya azərbaycanlıları kimi, 2024-cü il 7 fevral tarixli növbədənkənar Prezident seçkilərində birmənalı olaraq Sizin namizədliyinizi dəstəkləyirik.
Hörmətlə, Adika İqbal, Azərbaycan Dostluq Təşkilatının rəhbəri.
Amerika Birləşmiş Ştatları.
Nə qədər gec deyil bəzi namizədlər öz mövqeyində korrektə etməlidir, hələ vaxta var…
Hə, lap yadımdan çıxmışdı, Məzahir Pənahovun 50 minlik plakatlarından bir-ikisində elə belə də yazılıb: SƏSİN HƏLLEDİCİDİR!