Sərhədin o tayına keçə bilməyənlər: “Qazax camaatı sərhədlə dolanırdı”

3 il yarım bundan əvvəl bu dükanların işi yaxşı gedir, kafelərin müştərisi əskik olmazdı. Elə taksilər də müştərinin birini aparıb, o birini gətirir, günlük qazanc əldə edirdilər. 

Azərbaycanla Gürcüstan sərhədindəki Sınıq körpü sərhəd keçid məntəqəsində əvvəl uzun növbələr olurdu. Covid 19 pandemiyasına görə 3 ildən çoxdur bağlı qalan sərhədlərin nə vaxt açılacağı ilə bağlı nə sərhədçilərın, nə də yerli sakinlərin məlumatı var. İşlərin nə zaman əvvəlki axarına düşəcəyini bilmədiklərindən sahibkarlar ticarət obyektlərinin çoxunu bağlayıb. Kafelərin də müştəriləri əsasən elə müştərisiz qalan taksi sürücüləridir.

Qazax rayonunun Gürcüstanla sərhəddə yerləşən İkinci Şıxlı kənd sakinləri deyir, quru sərhədləri bağlanandan camaatın dolanışığı çətinləşib. 63 yaşlı Məmməd Nuriyev rayonda iş yerlərinin olmamasından gileylənir. Deyir, əhali daha çox Gürcüstana gedib oradan qida, gigiyena vasitələri, tütün və spirtli içki məmulatları alıb, burada satardılar. Amma 3 ildən artıqdır ki, sərhədlər bağlı olduğundan insanların tək qazanc yeri də əllərindən çıxıb.

“Azərbaycana giriş bizim kənddən başlayır. Bizdə elə bir iş yeri, zavod fabrik yoxdur ki, işləyən qüvvə gedib oradan pul qazansın. Kənd camaatı təsərrüfatla, heyvandarlıqla məşğuldur. Biz əsas “Qırmızı körpü” ilə dolanırdıq, qohum əqrəbamız o üzdədir, çətinliyimiz o üzlədir. Piyada yolu bağlıdır. Dolanışığımız da yolun bağlı olmasına görə çox zəifləyib. Sərhəd açıq olanda fəhləsindən tutmuş müəlliminə kimi xeyir-şər üçün hamı su, limonad alırdı oradan. Yaxın məsafədir, təminatımızı oradan ödəyirdik. Burdan da toyuq-cücə, təsərrüfatımızın mallarını aparıb o tərəfdə satırdıq. Bugünkü gündə buranın bağlı qalmasına görə dolanışığımız çox aşağı vəziyyətdədir. Bizə burdan Bakıya 515 km məsafə gedib malımızı satmaq sərf eləmir. Ona görə də burdakı kəndlərin burdan Qazaxa qədər hamısının dolanışığı çox aşağı vəziyyətdədir”.

Birinci Şıxlı kənd sakini Elçin Həsənov deyir, bölgədə bir çox insan həm də aylıq ərzaq bazarlığını Gürcüstandan daha ucuz qiymətə alır, beləcə xərclərinə qənaət edirdilər.

“Sərhədlər açıq olanda Gəncədən Qazaxa qədər bir çox insan dolanışığını Gürcüstana keçib oradan qida gətirib həm satır, həm də özləri üçün istifadə edirdilər. Yağ, siqaret gətirib 3-5 manat qazanırdıq. İndi demək olar ki yoxdur. Mal gətirib dolanırdıq, indi camaat hərəsi mal heyvan saxlamaqla dolanır”.

Eldar Rüstəmov 30 ilə yaxın Bakıda yaşayıb. Bir neçə il əvvəl kənd həyatına olan marağından Qazaxın İkinci Şıxlı kəndinə köçüb. Deməsinə görə, 3 il əvvəl taksi sürməklə yaxşı dolanırmış. “Qırmızı körpü” sərhəd məntəqəsindən keçib gələnlərə taksi xidməti göstərir, hərdən də özü kiçik alver üçün sərhədin o tərəfinə keçib gəlirmiş. Sərhədlərin bağlı qalması onun da dolanışığına mənfi təsir göstərib. 

“Əvvəl gəlib gedən çox olurdu, burdakı bütün camaat sərhədlə dolanırdı. Eləcə də taksilər yaxşı müştəri götürürdü. Bir də görürdün sərhəddən Gəncəyə, Bərdəyə müştəri olurdu. İndi demək olar ki müştərimiz yoxdur”.

Quru sərhədlərinin bağlı qalması burada yaşayanlara təkcə sosial-iqtisadi, turizm sarıdan təsir etmir. Kənd sakinlərinin bir çoxunun Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində qohumları var. Onlar 3 ildən çoxdur ki, qohumları ilə görüşə bilmirlər.

Eldar Rüstəmov deyir, sərhədlər bağlanmamışdan qabaq atası sakini olduğu Gürcüstanın Rustavi şəhərinə gedib. Sərhədlər bağlanandan sonra ölkəyə qayıda bilməyib. Eldarın deməsinə görə, anası vəfat edəndə nə atası, nə də sərhədin o tayında yaşayan qohumları yasda iştirak edə bilməyib. 

“Mən əslən Gürcüstanın Rustavi şəhərindənəm, rəhmətlik anam 2-ci Şıxlıdandır. Atam indi o tərəfdədir, bura gələ bilmir, mən də o tərəfə gedə bilmirəm. İmkanım yoxdur o tərəfə getməyə, çünki aviabiletlər çox bahadır. Mənim də ailəm, uşağım var, güc bəlayla dolanırıq. Yollar açılsa yaxşı olar, atam bizə gələr, biz ora gedərik”.

Sərhədlərin nə vaxt açılacağı ilə bağlı zaman-zaman sosial şəbəkələrdə ümidverici açıqlamalar yayılır. Bəzən Milli Məclis üzvləri sərhədlərin bağlı qalması üçün xüsusi bir səbəbin olmadığını dilə gətirir. Millət vəkili Vahid Əhmədov indiki halda insanların güzəranının yaxşılaşdırılması üçün Gürcüstanla Azərbaycan sərhədinin açılmalı olduğunu müdafiə edir. 

“Azərbaycanda pandemiya yox səviyyəsindədir. Mən hesab edirəm sərhədləri bir tərəfdən açmaq lazımdır. Misal üçün azərbaycna gürcüstan sərhədini açmaq olar. İnsanları buraxmaq lazımdır, kim gəlib getmək istəyirsə, o sərhəddən istifadə etsin. Bizə çox müraciətlər olur. İnsanların burda və ya o tərəfdə müəyyən problemləri olur. Ailə ilə əlaqədar, hüzür yerləri olur. Hesab edirəm, bu sərhədi açmaq lazımdır ki insanlar bu problemi yaşamasın. İstər cənub bölgəsində, istər Gürcüstanla sərhəddə insanlar keçib mal gətirib satırdı, indi onlar çətinlik çəkirlər”.

Deputat onu da əlavə edir ki, sərhədlərin açılmamasının səbəblərindən biri də ölkənin təhlükəsizliyi məsələsidir.

İnsanlar quru sərhədlərin açılması xəbərini gözləyərkən Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda karantin rejimini oktyabrın 2-cən uzatdı. 3 ildir qapalı qalan quru sərhədlərin isə nə vaxt açılacağı bəlli deyil.

Ana səhifəVideoSərhədin o tayına keçə bilməyənlər: “Qazax camaatı sərhədlə dolanırdı”