Sel Ərçivanda arı ailələrini məhv edib

Foto: Yerli əhali tərəfindən göndərilib

Kənd sakinləri təsərrüfatlarına görə kompensasiya alacaqlarına ümid edirlər

Astaranın Ərçivan kəndində onlarla arı ailəsi sel nəticəsində məhv olub.

Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, arı yeşikləri su altında qalıb, onları xilas etmək mümkün olmayıb.

Sakinlərdən biri deyib ki, söhbət yüzlərlə arı ailəsindən gedir.

Kənddə əhalinin çoxu sitrus meyvəçiliklə və arıçılıqla dolanır. Kiminin arı ailəsi, kiminin də meyvə ağacları məhv oldu. Kənd indiyə kimi bu cür fəlakətlə qarşılaşmayıb”,– sakinlər deyiblər.

Onların sözlərinə görə, meyvə bağlarını, o cümlədən arıçılıq təsərrüfatları ilə məşğul olanlar təsərrüfatlarını sığorta etdirməyiblər. Buna görə də dəymiş zərərin ödənilib-ödənilməyəcəyi bəlli deyil. Hələlik sakinlər ziyanın ödəniləcəyinə ümid etdikləri üçün adlarını açıqlamaqla şikayət etmək istəmirlər. Bununla belə, bir çoxu vəziyyətin görüntülərini çəkərək sübut kimi saxlayırlar.

İcra nümayəndəsi deyir ki, dəymiş zərəri hesablayaraq, icra hakimiyyətinə təqdim edəcək. Amma dəymiş zərərin ödənilib-ödənilməyəcəyini bilmirik. Çünki birdən-birə bu qədər fəlakətlə üzləşəcəyimizi hesablamamışdıq”,-sakinlərdən biri deyib.

Əlavə edib ki, sel suları tam çəkilməyib, çoxunun gecələməyə yeri yoxdur. Ev su içində olduğundan paltarlarını belə dəyişə bilmirlər:

“Kənddə heç kim təsərrüfatını sığorta etdirməyib, çünki sığorta şərtləri ağırdır. 5-10 manat çörəkpulunu qazanan kəndli onun yarısını sığortaya ödəmək istəmir. Əvvəlcə sığortanın şərtlərinə baxsınlar, sonra bizi qınasınlar. Çoxu ya borc, ya da kredit götürüb təsərrüfatını saxlayır. Bu il hava imkan vermədi ki, dolanaq, qışda ac qalacağıq. Elə təsərrüfat var ki, 5-6 min zərərə düşüb”.

Astara Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, dəymiş zərərin hesablanması başa çatmayana qədər açıqlama verə bilməzlər. Çünki sel nəticəsində zərər çəkən kəndlərin, o cümlədən kəndlilərin sayı çoxdur. Sığorta olunmuş təsərrüfatlara dəymiş zərər ödəniləcək.

Hələlik Aqrar Sığorta Fondu zərərçəkmiş fermerlərlə bağlı açıqlama verməyib.

İlkin məlumata görə, Astara çayının daşması nəticəsində Ərçivan qəsəbəsində 200-dən çox evin həyətini su basıb. Bəzi yerlərdə suyun səviyyəsi 1 metrdən yuxarı olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 40-a yaxın ailəni evindən təxliyyə edib.

Ana səhifəBölgəSel Ərçivanda arı ailələrini məhv edib