Şaxta baba kəndlərə gedəcək

Gənclər bölgələrdəki uşaqları sevindirmək qərarına gəlib

Source:


Gənclər bölgələrdəki uşaqları sevindirmək qərarına gəlib

Bu il Şaxta baba Azərbaycanın ən ucqar kəndlərinə gedəcək. Ən ucqar kəndlərə turlar təşkil edən gənc bələdçi Cavid Qarayev bu il uşaqları da sevindirmək qərarına gəlib. Sosial şəbəkələrdə bununla bağlı dəvət səhifəsi də yaradıb:

“Uzun müddətdir Azərbaycanın ən ucqar kəndlərini araşdırırıq, turlar təşkil edirik. Kəndlərdə uşaqların bu qədər çətinliklər içərisində necə xoşbəxt olduqlarını görüb onların sevincinə sevinc qatmaq qərarına gəlmişəm”, – deyir Cavid Qarayev.

Facebookdakı dəvət səhifəsinə 600-dən çox istifadəçi maraq göstərib. Onlar Cavidin bu addımına aldıqları hədiyyələrlə dəstək veriblər. Cavid Qarayev deyir ki, ucqar kəndlərin əksəriyyətində uşaq bağçaları, əyləncə mərkəzləri, oyuncaq dükanları, yeni il şənlikləri yoxdur. Ordakı uşaqlar playstation yox, beşdaş, məftildən araba, çilingağac, aşıq-aşıq, qoz-qoz, gizlənqaç, ənzəli oynayır, xizəklə sürüşürlər:

“Məqsədimiz onların nağıl dünyasını bahalı hədiyyələrlə korlamaq deyil. Onları bəlkə də heç vaxt görmədikləri, ancaq varlığına inandıqları Şaxta baba ilə görüşdürməkdir. Xəyal dünyalarına rəng qatmaqdır”.

Sosial şəbəkələrdən xəbər tutanlar aksiyaya maraqlı hədiyyələrlə dəstək veriblər. Maraqlı dərs vəsaitləri, şəkilli kitab, karandaş, rəsm albomu, puzzle, asan məntiqi oyun və oyuncaqlar, taxta, dəmir və keyfyyətli plastik, yumşaq oyuncaqlar, gəlinciklər, evcik oynucaqları, aksesuar geyimlər (papaq əlcək və s.) alıblar.

Beləliklə, həmin hədiyyələri uşaqlara çatdırmaq üçün Şaxta baba dekabrın 22-də Qubanın Girdah, Zıxır, Dalıqaya, 23-də Söhüb və Rük, 24-də Qarxun, Adur, 25-də Haput, 26-də Xınalıq, 27-də Qala Xudat və Qırız, 28-də Susay kəndinə gedəcək. Dekabrın 29-da isə Qusarın Ənik Zından Moruq, Kuzun, 30-da Arçan, Qoturğan, Daqar, 31-də Elk Seibur kəndində olacaq.

Şaxta baba toplam 20 kənd, təqribən 150 km məsafə qət edəcək. Bütün yollar piyada gediləcək. Cavid Qarayev deyir ki, hələlik komandada dörd nəfərdilər: “Şaxa baba, qar qız və 2 nəfər çəkiliş qrupu. Bu, həm prosesi sizə daha şəffaf çatdırmağa, həm də daha çox hədiyyə daşımağa imkan verəcək. Qubanın Xınalıq və Qusarın Kuzun kəndlərində çuvallarımızı yeni hədiyyələrlə dolduracağıq. Beləcə, 4 nəfər 20 kənd gəzərək 12 çuval (təxminən 120 kilo) hədiyyə paylayacağıq”.

Ana səhifəXəbərlərŞaxta baba kəndlərə gedəcək