Samir Aşurovun işi: “Niyə adın telefonlarda “yalançı şahid”, “moşennik” yazılıb?”

ẓ ğ

Zərərçəkmiş məhkəməyə məcburi gətizdirilib

Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra həbs olunan siyasi fəal Samir Aşurovun işi üzrə zərərçəkmiş qismində tanınan şəxs altı ay idi ki, məhkəməyə gəlmirdi. Bu səbəbdən də hər dəfə məhkəmə iclasları təxirə salınırdı. Samir Aşurovun həyat yoldaşının Məhkəmə-Hüquq Şurasına şikayətindən sonra Elşən Nəbiyev adlı həmin şəxs məcburi şəkildə məhkəməyə gətirilib.

Cinayət işində iddia olunur ki, Samir Aşurov 2022-ci il aprelin 19-da axşam saat 21 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında gedərkən Elşən Nəbiyevin çiyninə dəyib. Nəticədə aralarında mübahisə yaranıb və Samir Aşurov ona bıçaqla xəsarət yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyilə keçirilən iclasda ifadə verən Samir Aşurov bildirib ki, ittihamda yazılanlar başdan-ayağa yalandır, ona böhtan atırlar. Onun sözlərinə görə, üstündə ümumiyyətlə, bıçaq olmayıb. Həbsi isə siyasi fəaliyyətinə görə əvvəldən cızılmış ssenari üzrə həyata keçirilib:

“Məndən əvvəl Almaniyadan qaytarılanları narkotik ittihamıyla şərləyib tuturdular. Bu tendensiyanı görüb, özümlə bağlı təhlükəni bilirdim. Maştağa qəsəbəsində həyət evim var. Düşündüm ki, məni rahatlıqla şərləyə bilməsinlər. Ona görə ailəmi götürüb, “Neftçilər”də bina evində kirayə qalmağa başladım. Amma izlənildiyimi də hiss edirdim. Bunu da (zərərçəkmiş Elşən Nəbiyevi nəzərdə tutur-red.) o ərazidə görmüşdüm. Sanki məni ona tanıtdırırdılar kənardan…”.

Hadisə gününə gəlincə, Samir Aşurov danışıb ki, metrodan çıxıb, evə tərəf gələndə hazırda zərərçəkmiş qismində tanınan şəxs də üzbəüz gəlib. Onun sözlərinə görə, çatmağa bir addım qalmış Elşən Nəbiyev qışqırmağa başlayıb:

“Qışqıqrdı, əl-qol atdı. Kənardan bir neçə nəfər dərhal gələndə başa düşdüm ki, təxribatdı. Bir neçə il Almaniyada yaşamışdım, orada polisin vətəndaşın köməyinə çatması, insanlara yardım etməsi yadımda qalmışdı deyə, mən də dərhal “polis, polis” qışqırdım. Onlar da gəldi, biri sağ qolumdan, biri sol qolumdan, biri də gödəkçənin boyun tərəfindən tutdu. Gördüm ki, cibimə nəsə qoydular. Elə bildim, narkotikdi. İmkan tapıb baxanda gördüm ki, bıçaqdı. Tez çıxarıb tulladım. Gedib götürüb gətirdilər. Bu biri də sakitləşmir, özünü əyib ki, ay məni vurdu, belə elədi. Gətirib bıçağı bu dəfə şalvarımın cibinə qoyub, məni polis bölməsinə apardılar…”.

Samir Aşurov əlavə edib ki, növbətçi hissədə telefonunu, pulqabını təhvil alıb, özünü yuxarı qaldırıblar. Bir qədər sonra əməliyyat çəkilişi eləmək üçün əşyalarını gətiriblər:

“Pulqabımdakı 150 manat yerində yox idi. Orada da dedim ki, bu bıçaq mənim deyil…”.

Onun sözlərinə görə, ona polis bölməsində bir sutkadan artıq işgəncə verilib. Üzərindəki işgəncə izlərini vəkili də gəlib görüb.

“Mən 12 il şadlıq saraylarında, toylarda fotoqraf kimi fəaliyyət göstərmişəm. 7 il “Torqovı”da obyekt işlətmişəm. Toylarda, elə məclislərdə içkili adam çox olur. Bir dəfə biri ilə problemim olmayıb. İndi nə dərəcədə inandırıcıdır ki. çiyin dəyməyə görə adam bıçaqlayım? Elə hadisə olmayıb. Hamısı şər-böhtandır”, – Samir Aşurov ifadəsində bildirib.

Zərərçəkmiş Elşən Nəbiyev isə əksinə, ittihamda yazılanları təsdiqləyib. O iddia edib ki, Samir Aşurovun başı telefona baxmağa qarışmışdı, ona görə qarşıdan gələnə fikir vermirdi və çiyni ilə ona dəyib:

“Mənə söyüş söydü. Daha sonra iki bıçaq zərbəsi vurdu…”.

Vəkil ona xatırladıb ki, cinayət işində isə 3 bıçaq zərbəsi vurulduğu yazılıb.

Bundan başqa, vəkil Elşən Nəbiyevin nəzərinə çatdırıb ki, müxtəlif telefonlarda onun mobil nömrəsi “moşennik”, “yalançı şahid” kimi qeyd olunub. Onun bu cür tanınması nə ilə əlaqədardır?

“O nömrədən çox adam istifadə eləyib. Ola bilər, başqalarına aid olsun…”, – zərərçəkmiş belə cavab verib.
Vəkil ondan soruşub ki, Masazır qəsəbəsinin sakini olduğu halda, axşam saat 10-a işləmiş metronun “Neftçilər” stansiyasının yaxınlığında nə gəzirdi?

Elşən Nəbiyev cavabında deyib ki, kafe-restoran işlətməklə məşğuldur, həmin ərazidə də bir obyektin icarəyə verildiyini eşitmişdi. Həmin vaxt sahibi ilə icarə şərtlərini danışmağa gedirdi.

Bu iş üzrə məhkəmə prosesi fevralın 22-də davam edəcək.

Samir Aşurova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.

O, hələ martın 28-də Azərbaycana qaytarılandan sonrakı günlərdə həbs təhlükəsi altında olduğu haqda dəfələrlə sosial media hesabında yazmışdı.

Son ilyarım ərzində Almaniyadan deportasiya edilən fəalların bir neçəsi ölkəyə qayıtdıqdan az sonra həbs edilib. Onların əksəriyyətinə narkotik ittihamı verilib. Lakin onlar ittihamı rədd edir və Almaniyada Azərbaycandakı siyasi məhbuslarla bağlı etirazlarında iştirak etdiklərinə, sosial mediadakı paylaşımlarına görə cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə onların bu haqda dediklərinin əsassız olduğunu, konkret cinayətə görə həbs olunduqlarını bəyan edib.

Ana səhifəSiyasətSamir Aşurovun işi: “Niyə adın telefonlarda “yalançı şahid”, “moşennik” yazılıb?”