Samirə Qasımlı: “Bu gün ümidsizlik içindəyik, amma sabah nə olacağını heç kim bilmir”

Samirə Qasımlı – Foto: ChatGPT

Müsahibimiz siyasi psixoloq və ictimai fəal Samirə Qasımlıdır. Söhbətimizdə onun həyatından, həyat yoldaşı – politoloq və Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının həbsi ilə ailəsində baş verən dəyişikliklərdən, övladlarından və Azərbaycandakı ictimai-siyasi proseslərə baxışından danışdıq:

-Sizi bu gün daha çox ictimai-siyasi mövzulardakı çıxışlarınızla tanıyırlar. Amma bu hekayə haradan başlayır? Samirə Qasımlı kimdir?

-Mən özümü hər zaman müəyyən ideyalara və dəyərlərə, xüsusilə də bu ölkənin azad və demokratik gələcəyinə inanan bir insan kimi görmüşəm. Moskva Dövlət Universitetində siyasi psixologiya üzrə magistr proqramını bitirmişəm. Azərbaycana qayıtdıqdan sonra ixtisasım üzrə fəaliyyət göstərməyə çalışmışam. Müəyyən müddət universitetdə dərs demişəm, ictimai platformalarda və onlayn media resurslarında çalışmışam, siyasi psixoloq kimi müsahibələr vermişəm. Bir müddət ailə həyatı ilə bağlı səbəblərdən ictimai-siyasi proseslərdən kənarda qalsam da, sonradan yenidən bu mühitə qayıtdım. Həyat yoldaşım Azər Qasımlının da ictimai-siyasi proseslərdə fəal iştirakı ailə olaraq həyatımızın mühüm hissəsini təşkil edirdi. 2024-cü ildə onun həbsindən sonra isə həyatımın istiqaməti kökündən dəyişdi. O vaxtdan etibarən ictimai fəaliyyətimin əsas istiqaməti onun azadlığı uğrunda mübarizə və siyasi məhbusların hüquqlarının müdafiəsi oldu. Bu gün özümü həm siyasi psixoloq, həm də ictimai-siyasi prosesləri yaxından izləyən və mövqeyini ifadə edən bir vətəndaş kimi görürəm.

-Bəs ictimai-siyasi proseslərə marağınız necə yarandı və sizi bu istiqamətə gətirən nə oldu?

– Orta məktəbdə oxuyurdum, 13-14 yaşım olardı. Artıq Azərbaycanda Milli Hərəkat başlamışdı. Tətillər, mitinqlər gedirdi, ölkə çalxalanırdı. İndiyə kimi yadımdadır, bir gün məktəbdəydik, sinifdə çox az uşaq vardı. Atam sinfə gəldi və müəllimdən xahiş etdi ki, uşaqları aparmaq istəyirəm. Bacımla bir sinifdə oxuyurduq. Atamın gözündəki o qorxunu, həyəcanı gördüm. Müəllim də heç nə soruşmadan dedi ki, buyurun, götürün, aparın. Biz belə bir dövr yaşayırdıq. Ölkədə çox ciddi və təhlükəli proseslər gedirdi. Uşaqlığım, yetkinliyə keçid dövrüm “20 Yanvar”dan keçib. Bütün bunlar həyatımda çox dərin iz buraxdı. Bu proseslər məni o qədər özünə bağladı ki, ölkənin ictimai-siyasi həyatına getdikcə daha çox maraq göstərməyə başladım və müəyyən mənada bu xətt üzrə formalaşdım. Hətta sonrakı illərdə ixtisas seçimim də bununla bağlı oldu. Beynəlxalq münasibətlər fakültəsini bitirdim. O vaxt təhsil aldığım universitet Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu adlanırdı. 1998-ci ildə mən oradan məzun olandan sonra institutun adı dəyişdirilərək Prezident yanında Dövlət İdarəetmə Akademiyası oldu. Yəni məni bu istiqamətə gətirən əsas təsirlər uşaqlıq və yeniyetməlik illərində yaşadığım həmin siyasi hadisələr, ölkədə baş verən proseslər oldu. Mən o dövrü sadəcə kənardan izləmirdim, onu uşaqlıqdan etibarən öz həyatımın bir parçası kimi yaşayırdım.

Müsavatda başlayan tanışlıq

Foto: Samirə Qasımlının şəxsi albomundan

-Azər bəylə yollarınız necə kəsişdi? Tanışlığınız necə başladı?

-Azərlə Müsavat Partiyasında tanış olmuşuq. Eyni universitetdə oxusaq da, bir-birimizi tanımırdıq. Hətta ikimiz də eyni partiyanın üzvü olmağımızdan xəbərsizdik. Mən Müsavat Partiyasının Səbail rayon təşkilatındaydım, Azər isə Yasamal rayon təşkilatında idi. Heç bilmirdim ki, bizim Politologiya İnstitutunda gənclərin ayrıca bir özəyi var. Bir gün müəllimlərimizdən biri – o da Müsavat Partiyasının üzvü idi və mənimlə eyni təşkilatda idi -dedi ki, Politologiyadakı gənclər özəyinə çox məsuliyyətli və aktiv sədr axtarırlar. Əgər razı olsan, səni onlarla tanış edərəm. O vaxt mənim də çox aktiv dövrüm idi, dedim ki, yaxşı, razıyam. Mən həmin özəyin sədri oldum. Azərlə də həmin özəkdə tanış olduq. Sonra da məlum oldu ki, maraqlarımız, düşüncələrimiz çox yaxındır. Söhbətimiz, müzakirə etdiyimiz mövzular, maraqlarımız bir-birini tamamlayırdı. Beləliklə, əvvəl dostluq yarandı, sonra bu münasibət ailə həyatına keçdi.

-Maraqlıdır, ortaq siyasi baxışlarınız ailə həyatınıza necə təsir edirdi?

-Əslində, bizim söhbətlərimiz, fikirlərimiz, danışdığımız mövzular və maraqlarımız həmişə bir-birini tamamlayırdı. Siyasi baxışlarımız da bizi bir-birimizə yaxınlaşdıran amillərdən biri idi. Ailə həyatımızda ictimai-siyasi proseslər həmişə müəyyən yer tutub. Amma eyni zamanda, övladlarımız olduqdan sonra çalışırdıq ki, bu proseslərlə ailə həyatımız arasında müəyyən bir sərhəd saxlayaq.

-Bəs övladlarınızı bu siyasi mühitdən necə qorumağa çalışmısınız?

-Təbii ki, övladlarımızı bu proseslərdən mümkün qədər kənarda saxlamağa çalışmışıq. Eyni zamanda da, onları baş verənlərdən tamamilə xəbərsiz də böyütmək istəməmişik. Körpəliklərindən onlara izah edirdik ki, biz hansı ölkədə yaşayırıq, ölkəni idarə edən şəxslər kimlərdir, ölkə necə idarə olunur, yanlış nədir, doğru nədir. Yanlış və doğru idarəetmə arasındakı fərqi həmişə onlara başa salmağa çalışırdıq. Mən hesab edirəm ki, uşaqların siyasi təfəkkürü formalaşmalıdır. Amma bu, onlara hazır fikir vermək, nə düşünməli olduqlarını demək şəklində olmamalıdır. Biz çalışmışıq ki, onları bir vətəndaş kimi böyüdək, müti olmasınlar. Bir xəbəri eşidəndə və ya hər hansı hadisə ilə qarşılaşanda nə baş verdiyini anlasınlar, sual verə bilsinlər və özləri düşünə bilsinlər.Bunu etməyimizin başqa bir səbəbi də odur ki, Azərbaycan qanunlarına görə məktəb, təhsil və universitet siyasətdən kənarda olmalıdır. Amma bu gün mənim müşahidəmə görə, Azərbaycan məktəbləri siyasətdən kənarda deyil.

-Sizcə, məktəblərdə uşaqlara hansı siyasi yanaşma aşılanır?

-Totalitar və ya avtoritar rejimlərdə olduğu kimi, rəhbərə inam, sevgi, belə deyək, ultra-patriotizm formalaşdırılır. Biz sovet dövründə kitab-dəftərlərimizi açanda Karl Marksın, Engelsin, Leninin şəkillərini görürdüksə, indi də Azərbaycan uşaqları Heydər Əliyev, İlham Əliyev və Mehriban Əliyevanın şəkillərini görürlər. Hesab edirəm ki, bütün bunlarla uşaqlara yanlış siyasi yanaşma təlqin olunur. Düzdür, buna ideologiya deməzdim. Çünki Azərbaycanda idarəetmədə və hakimiyyətdə aydın və sistemli bir ideologiyanın olduğunu düşünmürəm. Mənim təsəvvürümə görə, burada daha çox hakimiyyətin və lider obrazının şəxsiləşdirilməsi var. Dünyanın istənilən demokratik ölkəsini götürsək, orada məktəblərdə, uşaqların gündəliklərində, kitablarında və dərsliklərində idarəetmədə olan şəxslərin şəkilləri bu şəkildə yerləşdirilmir, bu formada siyasi təbliğat aparılmır. Biz də buna görə uşaqlarımızın siyasi təfəkkürünün mümkün qədər azad formalaşmasına çalışmışıq. İstəyirik ki, onlar gələcəkdə bir vətəndaş kimi böyüsünlər, müti olmasınlar. Yəni hər hansı xəbəri eşidəndə onu sadəcə qəbul etməsinlər, nə baş verdiyini düşünə və anlaya bilsinlər.

“Azərin həbsi məni böyütdü”

Foto: Samirə Qasımlının şəxsi albomundan

-Bəs uşaqlarınız atalarının həbsindən necə təsirlənirlər? Onlarla bu barədə necə danışırsınız?

-Azər də, mən də çox pozitiv insanlarıq. Çalışırıq ki, uşaqlarla bu mövzuda danışanda hər şeyi mümkün qədər sadə və zarafatla izah edək. İstəmirik ki, atalarının həbsini onlar üçün yalnız ağır və dəhşətli bir həyat kimi qəbul etsinlər. Həm də çalışırıq ki, ataları ilə ünsiyyətləri əvvəlki kimi davam etsin. Hər zəngdə onunla danışsınlar, dərslərini, şəxsi həyatlarını onunla bölüşsünlər, məsləhətləşsinlər. Yəni ataları fiziki olaraq yanlarında olmasa da, onun həyatlarında iştirak etdiyini hiss etsinlər. Amma təbii ki, onun yoxluğunu hiss edir və çox darıxırlar. Məsələn, əvvəllər ataları ilə getdikləri yerlərə gedəndə deyirlər ki, hər şey yaxşıdır, amma atamla Azərin olsaydı, daha yaxşı olardı. Böyük övladımız Azərin xaricdədir. Qorxuruq, onu Azərbaycana gəlməyə qoymuruq. Mənim ölkədən çıxışıma qoyulan qadağadan sonra bu hakimiyyətdən hər şeyi gözləməyə hazırıq. Mənim ölkədən çıxışıma qadağa qoyuldu, həbsdə olan jurnalist Aytac Tapdığın anasına da qadağa qoyuldu. Ona görə qorxuruq ki, Azərinin də bütün karyerasını, bütün perspektivini məhv edə bilərlər. Halbuki, Azərinin xaricdə çox uğurlu karyerası var, yaxşı universitet bitirib və öz sahəsi üzrə ciddi bir şirkətdə çalışır. Baxmayaraq ki, Azərin xarici vətəndaşdır, onun çalışqanlığını, istedadını gördülər və ona indi böyük investisiya yatırırlar. Bütün bunlar varkən, biz istəmirik ki, mənim və atasının tutduğu yol uşaqlarımızın gələcəyinə, həyatına, karyerasına mane olsun. Əlimdən gələni edirəm ki, bu çətin dövr onların bütün həyatına kölgə salmasın. Ataları əvvəllər onlara necə diqqət və qayğı göstərirdisə, mən də çalışıram ki, həyatları mümkün qədər əvvəlki kimi davam etsin. İstəyirik ki, uşaqlar uşaqlıqlarından heç nə itirməsinlər. Onlara həmişə deyirik ki, bu, bizim seçimimizdir. Biz başqa cür də yaşaya bilərdik, hətta xaricdə qala bilərdik. Səkkiz il xaricdə yaşamışıq, amma orada özümüzü xoşbəxt hiss etmədiyimiz üçün Azərbaycana qayıtmışıq. Uşaqlarımız bizim həyat hekayəmizi bilirlər və seçimimizə anlayışla yanaşırlar. Biz də onların seçimlərinə həmişə hörmət etmişik. Əsas istəyimiz odur ki, onlar həyatda öz yollarını seçsinlər və uğurlu olsunlar.

-Çətinliklərdən, maneələrdən danışdınız. Siz Azər bəylə ailə quranda bir gün belə bir vəziyyətlə qarşılaşacağınızı təsəvvür edirdinizmi?

-Biz ailə quranda ölkə indiki ölkə deyildi. İndi Azərbaycanda avtokratiya, sərt avtoritarizm rejimi qurulub. Amma bizim gəncliyimizdə, təsəvvür edin ki, 28 Mayda – Səməd Vurğun bağında, Sahil metrosunun qarşısında, Akademik Milli Dram Teatrının qarşısında, Füzuli meydanında – mitinqlər, etiraz aksiyaları olurdu. O zaman qəzet şəbəkəsi, çap mediası vardı, Azərbaycanda müxalif və tənqidi fikirlər səslənirdi. Mən sizə 2000-ci ildən, 2002-ci ildən danışıram. Yəni biz o zaman Azərbaycanın gələcəyi ilə bağlı çox optimist idik. Düzdür, biz ciddi siyasi proseslərin önündə gedən insanlar da deyildik ki, real olaraq belə həbslərlə qarşılaşacağımızı düşünək. Təbii ki, real təhlükə o zaman da vardı və biz hansı ölkədə yaşadığımızı bilirdik. Gənclər olaraq ölkənin gələcəyi ilə bağlı nəsə etmək, bir qatqımızın olmasını istəyirdik. Ona görə də Müsavat Partiyasının sıralarında idik. İçimizdə, ürəyimizdə hər zaman bir optimizm, gələcəyə inam vardı.

-Azər bəyin həbsi və ona 12 il cəza verilməsi ailənizin və həyatınızın gedişinə necə təsir etdi?

– Azərinin həbsi məni böyütdü. Birinci dəfə idi ki, birdən-birə belə bir yükün altında qalmışdım. Həm qızım xaricdə təhsil alırdı, bir tərəfdən Azər həbsxanada idi, digər tərəfdən özüm uşaqlarla tək idim. Sanki üç ailənin yükünü birdən-birə çiynimə götürdüm. Halbuki, bizim ailədə hər zaman hər şeyi bir yerdə edirdik – ev işlərində də, evin idarə olunmasında da. Amma tam idarəetmə, tam məsuliyyət Azərin üzərindəydi. Çünki mənə belə rahatıydı, hətta işlədiyim vaxt da bütün maaş kartlarım Azərdəydi, mənə lazım olanı ondan götürürdüm. Kommunal xərclərdən tutmuş digər məsələlərə qədər hər şeyi o idarə edirdi. Mən çox şeyi düşünmürdüm və mənə belə daha rahatıydı. Birdən-birə bütün bu problemlərin ortasında qaldım. İndiyə qədər məndən uzaq olan məsələlərlə özüm üz-üzə qaldım, hamısını özüm həll etməli oldum. Bir aralar çökdüm və bu, üzümdə də hiss olunurdu. Həbsxanaya gedəndə Azər mənə baxdı və dedi ki, səndən çox xahiş edirəm, qocalma. Bütün bunlar hamısı keçəcək. Dedim ki, narahat olma, mən qocalmamışam, mən sadəcə böyümüşəm.Artıq təkbaşına ayaqda dura bildim, nə qədər problemi həll edə bildim, bir ailəni saxlaya bildim. Amma bütün bunlarla paralel dəhşətli bir darıxma, nisgil, tənhalıq var. Çünki biz Azərlə çox yaxın dost olmuşuq. Hər zaman sözümüz-söhbətimiz bir olub, hər şeyi bir-birimizlə məsləhətləşmişik, saatlarla söhbət etmişik, parkda gəzmişik. İndi mən təkəm və bu mənim üçün çox çətindir.Digər tərəfdən, çalışıram ki, atalarının yoxluğunu mümkün qədər hiss etdirməyim, onun uşaqlara verdiyi dəyərlər və evdə yaratdığı mühit davam etsin. Bu baxımdan çətinliklərimiz çox oldu. Bir neçə dəfə, belə deyək, suyun dibinə enməli oldum, amma yenə də Allahın köməkliyi ilə qalxdım və suyun üzündə qala bildim.Böyük qızım universiteti bitirdi, yaxşı iş tapdı və işləyir. Kiçik qızım bu il doqquzuncu sinfi yaxşı nəticələrlə bitirdi və kollecə qəbul olmaq üçün hazırlaşır. Oğlumuz Altan da məktəbdə oxuyur, şahmata, basketbola gedir. Yəni bacardığımız qədər çalışdıq ki, ayaqda qalaq. Hətta böyük qızım İtaliyada oxuyurdu. Universitet rəhbərliyi bilirdi ki, atası siyasi məhbusdur. Buna görə üçüncü kursda onu təhsil haqqından azad etdilər. Əvvəl müəyyən təqaüdlə oxuyurduq, təhsil haqqının bir hissəsini özümüz ödəyirdik, sonradan ona 100 faiz təqaüd verdilər. Diplom müdafiəsində dekan da onun haqqında danışaraq demişdi ki, həyatında bu qədər ciddi problem ola-ola digər tələbələrdən geri qalmayıb, əksinə, proqramı onlardan öndədir. Atası-anası yanında olmadığı halda xarici ölkədə təkbaşına oxuyub, hər şeyini özü idarə edib. Mən bunu ona görə misal çəkirəm ki, atasındakı o iradənin, optimizmin, pozitivliyin çox yaxşı ki, bizim üç övladımızda da olduğunu görürəm. Onlar da bütün bu darıxmaq hissinə və çətinliklərə baxmayaraq, üzərlərinə düşəndən geri qalmadılar, əksinə, qabağa getdilər.

“Əvvəl bir Qasımlı danışırdı, indi iki Qasımlı danışacaq”

Foto: Samirə Qasımlının şəxsi albomundan

-Sizcə, Azər bəyin həbsinin arxasında hansı səbəblər dayanır? Hakimiyyət bununla hansı məqsədə nail olmaq istəyir?

– Məncə, Azərin həbsi Azərbaycanda son dövrlərdə azad düşüncəyə, ölkənin problemlərindən danışan, ölkəni dəyişmək istəyən insanlara qarşı başlayan ciddi repressiya dalğasının bir parçasıdır. Azər də həmin dalğanın içərisində getdi. O, daim onlayn platformalarda, mediada çıxışlar edirdi. Ölkədə baş verən proseslərdən, həqiqətlərdən çox maraqlı və arqumentli şəkildə danışırdı. Müqayisəli təhlillər aparır, xarici və tarixi nümunələrə istinad edirdi. Ona görə də onu dinləyənlərin sayı getdikcə artırdı. Onun danışdıqları çox geniş bir auditoriyaya çatırdı. Hakimiyyət də istəmirdi ki, belə bir insan Azərbaycanda yaşayaraq hakimiyyəti və idarəetməni bu şəkildə tənqid etsin, onu dinləyənlərin və dediklərini eşidənlərin sayı isə gündən-günə artsın. Ona görə də onu həbs etdi, daha doğrusu, mənim fikrimcə, girov götürdü. Hakimiyyət həmçinin AbzasMedia, Meydan TV və Toplum TV-nin əməkdaşlarını, digər hüquq müdafiəçilərini, ictimai fəalları – ümumiyyətlə, danışan, yazan, çəkən insanları həbs etdi. “Toplum TV işi” üzrə həbs olunanlar barəsində 14 il, 15 il kimi uzunmüddətli həbs cəzaları verildi. AXCP sədri Əli Kərimlini də həbs etdi. Məncə, hakimiyyət bununla siyasi və ictimai səhnəni tamamilə boşaltdı. Azər bir dəfə bu təzyiqlərlə bağlı demişdi ki, AXCP bu gün Azərbaycan siyasi səhnəsində hüquqi müstəvidə dirəniş göstərən son qaladır. Əli Kərimlini həbs etməklə AXCP-ni də məhv etmək istəyirlər. Yəni məqsəd siyasi qanadı da aradan qaldırmaqdır. Bu gün deyərdim ki, artıq demək olar, siyasi qanad yox olub. Birinci məqsəd bu idi. İkinci məqsəd isə cəmiyyətə mesaj verməkdir. Bu gün biz nə görürük? Azər Qasımlıya 12 il həbs verildi. Digərlərinə 15 il, 16 il, 17 il… Əgər bundan əvvəl 7 il həbs cəzası bizlər üçün çox böyük, qəddar bir cəza kimi görünürdüsə, indi 10 ildən yuxarı, hətta 15 illik həbs cəzaları görürük. Bu artıq qırmızı xəttin də o yanındadır. Hətta bəzilərinin əmlakları da müsadirə olunur. Bütün bunlar onu göstərir ki, bu proses cəmiyyətə bir mesajdır: kimsə bundan sonra bu ölkədəki idarəetmə ilə razılaşmayacaqsa, onun aqibəti də bu şəkildə olacaq. Yəni hakimiyyət özünün qəddar üzünü göstərir və bunu nümayişkaranə şəkildə edir. Bir tərəfdən kimlərisə fərdi olaraq aradan götürüb onun özünə, ailəsinə, yaxın çevrəsinə, dostlarına bu şəkildə cəza verirsə, digər tərəfdən bu cəza eyni zamanda Azərbaycan cəmiyyəti üçündür. Azərbaycan cəmiyyətinə bir mesajdır ki, həm qorxunu, xofu yaysınlar, digər tərəfdən də ümidsizliyi daha da dərinləşdirsinlər ki, baxın, artıq heç kim yoxdur.

-Baş verənlər cəmiyyətə, insanların psixologiyasına və Azərbaycanın gələcəyinə necə təsir edəcək?

– İnsanlarda çox böyük qorxu və ümidsizlik var. Onlar bu gün gördüklərindən təsirlənərək düşünürlər ki, vəziyyət belə də davam edəcək. Həyatda heç nə sabit və dəyişməz deyil. Bu dəyişikliklər elə gözlənilmədən baş verir. Dünya tarixindən xəbərdar olanlar, ictimai-siyasi proseslərlə maraqlananlar bunu çox yaxşı bilirlər. Bu gün ümidsizlik içində olsaq da, heç gözləmədiyimiz bir anda özümüzü böyük, radikal, qlobal dəyişikliklərin mərkəzində tapa bilərik. Hətta özümüz heç bir şey etmədən, heç bir söz demədən, fəaliyyət göstərmədən belə bu proseslərin içində qala bilərik.Siyasətdə də dənizdə olduğu kimi qabarmalar və çəkilmələr olur. Elə bir dalğa, elə bir dəyişiklik baş verə bilər ki, nə hakimiyyətin, nə xalqın, nə də ayrı-ayrı vətəndaşların onun gedişatına təsir etmək imkanı olsun. Biz hamımız bir anda özümüzü həmin proseslərin içində tapa bilərik. Yəni elə bir dönüş nöqtəsi yarana bilər ki, heç kim onun qarşısını almağa və ya istiqamətini dəyişməyə qadir olmasın. Başa düşürsünüz? Bu gün vəziyyət belədir. Amma sabah nə olacaq, onu heç kim deyə bilməz. Nə hakimiyyət, nə xalq, nə də hansısa bir münəccim.

-Azər bəy həbs olunanda “əvvəl bir Qasımlı danışırdısa, indi iki Qasımlı danışacaq” demişdiniz. Sonradan sizə qarşı da cinayət işi açıldı və ölkədən çıxışınıza qadağa qoyuldu. Bu proses sizin üçün necə başladı və həyatınıza necə təsir etdi?

– Mən bu bir il yeddi ay ərzində bacardığım qədər həm Azərin həbsi ilə bağlı, həm də ölkədə baş verən proseslərlə bağlı mövqeyimi bildirirdim. Müsahibələr verirdim, xarici konfranslara dəvət olunurdum, orada görüşlərim olurdu, hakimiyyət də bunu bilirdi. Doğrudur, həbs başlayanda mən daha enerjili idim, iş qabiliyyətim də çox yüksək idi. Bu müddət ərzində fiziki olaraq çox geri düşdüm. Üzərimdəki yük məni çox geri saldı. Amma bacardığım qədər yenə də ayaqda qalmağa, sözümü deməyə çalışıram. Həm Azərin hüquqlarının müdafiəsi ilə bağlı, həm digər siyasi məhbuslarla bağlı, həm də ölkədə baş verən proseslərlə bağlı müsahibələrimdə, sosial şəbəkələrdə mövqeyimi bildirirəm. Hakimiyyət də bunu görürdü, bunu bilirdi. Ona görə də necə ki, Azər Qasımlıya qarşı bir şəxs alət olaraq onun həbs olunmasına, şərlənməsinə vasitə oldu, bu gün eyni şəxsdən mənə qarşı istifadə edilir. Həmin fiqurun arxasında əslində hakimiyyət dayanır. Üzdə görünən bir adam var, amma o adam bu prosesin içərisində sadəcə bir alətdir. Olmasın Qurbanəli Yusifov, olsun Qurbanəli Həsən, Qurbanəli Hüseyn… Fərq etməz, hakimiyyət bunun bir yolunu tapacaqdı və siyasi məhbus Azər Qasımlının həyat yoldaşına, ailəsinə, onu aktiv müdafiə edən bir şəxsə qarşı bu məhkəmə işini açacaqdı. Bununla da bir presedent yaradacaqdı. Mənə qarşı açılan məhkəmə işi də əslində bir presedentdir, digərlərinə bir örnəkdir: əgər siz öz ailənizi bu şəkildə müdafiə edəcəksinizsə, oyun qaydalarımıza qarşı çıxacaqsınızsa, bizi narahat edəcəksinizsə, bax, sizi bu şəkildə cəzalandıracağıq. Yəni bu, mənim üzərimdən, Qasımlı ailəsi üzərindən cəmiyyətə ikinci bir mesajdır ki, həyat yoldaşını həbs etmişəmsə, sən sakit otur evində gözlə ki, o nə vaxt məhbus həyatını bitirib evə geri dönəcək.

“Heç kim divarın nə vaxt dağılacağını bilmir”

Foto: Samirə Qasımlının şəxsi arxivindən

-Bəs Azər bəy hazırda necədir, əhval-ruhiyyəsi necədir, özünü necə hiss edir?

– Şükür ki, bu bir il yeddi ayda Azərin səhhətində heç bir problem olmayıb, sağlamlığı yerindədir. Çalışır ki, düşdüyü mühitdə gününü faydalı keçirsin. Həm ciddi şəkildə idmanla məşğul olur, həm mütaliə edir. Əsas narahatlığım Azər Qasımlının 12 illik həbs cəzası və ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasıdır. O, cinayət törətmiş və dəfələrlə həbsdə olmuş insanların arasında saxlanılır. Sanki minalı sahədə gəzirsən və hər an nə baş verəcəyini bilmirsən. Həyat onsuz da risklərlə doludur, amma risklərin də müxtəlif dərəcələri var. Bir var normal düşüncəli, qanunlara və cəmiyyət normalarına uyğun yaşayan insanların arasında olasan. Bir də var qaydaları dəfələrlə tapdalamış, qanunları və cəmiyyət normalarını özləri üçün norma hesab etməyən insanların içində yaşayasan. Belə bir mühitdə hər an hər cür təhlükəni gözləmək olar. Çünki cinayətkar təfəkkürü olan insanların arasında oturub kiminləsə çay içirsən, söhbət edirsən və həmin anda belə hər hansı hadisə baş verə bilər. Mənim əsas narahatlığım da budur.

– Samirə xanım, Azərbaycan cəmiyyətində ən çox hansı dəyişiklikləri görmək istərdiniz?

– Sualınıza alman filmi olan “Başqalarının həyatı”ndan (“Das Leben der Anderen”) misal gətirərək cavab vermək istəyirəm. Film Şərqi Almaniyada Ştazinin (Şərqi Almaniyanın Dövlət Təhlükəsizlik Nazirliyi – red.) insanları izləməsindən, repressiv sistemdən bəhs edir. Almaniyanı iki yerə bölən divarın bir tərəfində avtoritarizm, digər tərəfində isə demokratiya var idi.Filmin sonunda sosialist blokunun dağıldığı dövr göstərilir. Səhnələrin birində Ştazinin keçmiş əməkdaşlarından biri radiodan Berlin divarının dağıldığını və rejimin çökdüyünü eşidir. Orada çox önəmli bir fikir səslənir: “Biz hamımız bir gün bu divarın dağılacağını gözləyirdik. Amma heç birimiz bilmirdik ki, bu, belə qısa müddətdə və belə gözlənilmədən baş verəcək.” Mənim də Azərbaycanla bağlı baxışım budur. Bu gün biz ümidsizlik içindəyik, sanki elə bilirik ki, hər şey belə də qalacaq. Qırmızı lentlər kəsilir, yeni parklar salınır, Qarabağda abadlıq işləri görülür və insanlar ora köçürülür. Amma oradan gələn videolardan görürük ki, əslində nə baş verir, işsizlik səbəbindən geri axın var. Ölkədə ciddi yoxsulluq, hüquqların tapdanması və böyük narazılıq var. Hamı bu gün ümidsizlik içindədir, amma prosesləri bilən adam anlayır ki, bu vəziyyət daimi olmayacaq. Nə zamansa, haradasa bu zəncir qırılacaq, dəyişiklik baş verəcək. Çünki bu, həyatın qanunudur. Heç bir xalq, heç bir cəmiyyət bundan yan keçməyib, Azərbaycan da yan keçməyəcək. Amma həmin filmdə deyildiyi kimi, heç kim bunun nə zaman baş verəcəyini bilmir. Bəlkə də, Ərdoğanın dediyi kimi: “Bəlkə yarın, bəlkə yarından da yaxın…” Çox tez və gözlənilmədən baş verə bilər.

Ana səhifəMüsahibəSamirə Qasımlı: “Bu gün ümidsizlik içindəyik, amma sabah nə olacağını heç kim bilmir”