Azərbaycanda neft hasilatının azalması emal sənayesinə də ciddi təsir göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 9 ayında neft məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalıb.
2026-ci ilin yanvar-avqust aylarının istehsal göstəricilərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodu tərəfindən 4 milyard 30 milyon manatlıq məhsul istehsal edilib.
Ən çox azalma neft bitumu istehsalında baş verib – 34,4 faiz. Bundan əlavə, ağ neft istehsalında da 17,8 faiz eniş olub.
Artıq ölkədə yanacaq istehsalı da aşağı düşməyə başlayıb. Belə ki, bu ilin yanvar-avqust aylarında 941 min ton avtomobil benzini istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz azdır. Dizel yanacağının istehsalı isə 4,2 faiz azalaraq 1,55 milyon ton olub.
Azərbaycan əsasən, 92 oktanlı benzin istehsal edir, 98 oktanlı benzini isə idxal edir. Aİ-95 benzinin isə həm idxalı, həm də istehsalı həyata keçirilir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, bəzi neft məhsullarının istehsalının aşağı düşməsinin səbəbi ümumi emal həcmlərinin azalmasıdır. Onun sözlərinə görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun hazırkı illik emal gücü gözləniləndən xeyli aşağı ola bilər:
“Ola bilsin ki, bu il neft emalı heç 6 milyon ton olmasın. Əvvəlki illərdə zavodun illik neft emalı gücü 6,5 milyon ton idi. Keçən il bu rəqəm 6,3 milyon tona düşüb. Bu il, ola bilsin ki, daha az emal olsun”.
İ.Şaban deyir ki, emal həcminin enməsinin əsas səbəbi neft hasilatının aşağı düşməsidir.
Yanvar-avqust aylarına dair rəsmi statistikaya görə, neft hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azalaraq 17,6 milyon tona düşüb. Müstəqil iqtisadçıların fikrincə, hasilatda yaranan bu eniş nəinki ölkənin neft gəlirlərinə mənfi təsir göstərir, eyni zamanda gələcəkdə neft məhsullarının idxalından asılı vəziyyətə sala bilər.
Hələlik Azərbaycan dizel yanacağına və benzinə olan tələbatını müəyyən qədər özü ödəyə bilir. Habelə, bu məhsulların ixracı da davam edir. Lakin benzin və dizel istehsalında azalma tendensiyası davamlı xarakter daşıyarsa, əhalinin ucuz yanacağa əlçatanlığı aşağı düşə bilər.
Yanacağa olan tələbatın idxal hesabına ödənilməsi, həmçinin onun Tarif Şurası tərəfindən qiymətləri tənzimlənən məhsulların siyahısından çıxarılması deməkdir. Belə olan halda dünya bazarında baş verən qiymət dalğalanmaları Azərbaycan əhalisi tərəfindən yerli bazarda da hiss edilə bilər.