Salyanda qəbirlərdən dəfn olunanların qızıl dişləri oğurlanıb

Salyan Rayon Poliq Şöbəsi. Foto: Sosial şəbəkə

Hadisə ilə bağlı üç nəfərin saxlanıldığı bildirilir

Salyanın Arbatan və Kürqaraqaşlı kəndlərindəki qəbiristanlıqlarda dəfn olunanların qızıl dişlərinin oğurlandığı bildirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, bununla əlaqədar üç nəfər saxlanılıb.

Salyan Rayon Polis Şöbəsinə adları çəkilən kəndlərdə iki məzarın naməlum şəxslər tərəfindən qazılması, dəfn olunanların qızıl dişlərinin oğurlanması haqda məlumat daxil olub. Həmin məlumat əsasında aparılan araşdırma nəticəsində Abşeron rayon sakinləri Abas Abasov, Xəyal Mustafayev və Rəsul Elyasov saxlanılaraq, Salyan rayon Polis Şöbəsinə gətirilib.

Araşdırmalar zamanı məlum olub ki, onlar mayın 7-də gündüz saatlarında rayonun Arbatan kəndindəki qəbiristanlıqda Rəsul Elyasovun vəfat edən bibisinin məzarını qazıblar. Onun iki qızıl dişini çıxararaq oradan uzaqlaşıblar. Gecə saatlarında isə Kürqaraqaşlı kəndindəki qəbiristanlığa gələrək bu səfər başqa bir məzarı qazıblar və orada dəfn olunan şəxsin 4 qızıl dişini götürüblər. Hadisədən sonra rayonu tərk ediblər. Qızıl dişləri satıb, pulları öz aralarında bölüblər”, – DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

DİN-in məlumatında iddia olunur ki, saxlanılarkən Abas Abasov və Rəsul Elyasovdan narkotik də tapılıb.

Faktla bağlı Salyan Rayon Poliq Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb. Saxlanılan şəxslər barəsində məhkəmə qərarıyla istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib.

Həbs olunanların yaxınları və ya vəkillərindən onlara qarşı irəli sürülən ittihamlara münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəBölgəSalyanda qəbirlərdən dəfn olunanların qızıl dişləri oğurlanıb