Salman Rüşdinin vəziyyətinin normallaşdığı bildirilir

Salman Rüşdi. Foto: Reuters

İran yazıçıya qarşı sui-qəsddə özünü günahkar saymır

Nyu-Yorkun Çautauqua İnstitutunda yaradıcılıq azadlığı mövzusunda çıxış etməyə hazırlaşdığı vaxt bıçaqlanan yazıçı Salman Rüşdinin vəziyyətinin normallaşdığı bildirilir.

Məlumata görə, hücumdan sonra əməliyyat olunan yazıçı hazırda süni nəfəs aparatından ayrılıb və danışa bilir.

Avqustun 12-də Rüşdi Nyu-York ştatında hücuma məruz qalıb.

Polis yazıçının boyun və qarın nahiyəsindən ən azı iki bıçaq yarası aldığını bildirib. Hücumda təqsirləndirilən 24 yaşlı Hadi Matarın İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK, “SEPAH”) rəğbət bəslədiyi bildirilir.

Matar adam öldürməyə cəhd və hücum ittihamlarında özünü təqsirli bilməyib. Onun hücumun motivi bəlli deyil.

1988-ci ildə “Şeytan ayələri” (“The Satanic Verses”) adlı kitabının nəşrindən sonra İranın ali dini lideri Ayətullah Ruhulla Xomeyni yazıçının ölümünə fətva vermişdi.

Xomeyninin fətvasından sonra uzun illər polis nəzarəti altında yaşayıb.

İran hakimiyyəti Salman Rüşdiyə qarşı sui-qəsd cəhdini şərh edib Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani Çafi deyib ki, heç kimin İranı günahlandırmağa haqqı yoxdur.

“Sui-qəsd cəhdi ilə bağlı vəziyyətdə biz özü və tərəfdarlarından başqa, heç kimi günahkar və qınaq obyekti hesab etmirik”, – sözçü deyib.

ABŞ Dövlət Katibi Antoni Blinken bazar günü deyib ki, İranın dövlət qurumları nəsillər boyu Rüşdiyə qarşı zorakılığı qızışdırıb və dövlətə bağlı media onun həyatına sui-qəsddən öyünür.

Salman Rüşdi 1947-ci ildə Hindistanda müsəlman ailəsində doğulub.

Hindistan müstəqillik qazandıqdan sonra dini qarşıdurma səbəbi ilə ailəsi Pakistana köçüb.

Yazıçı 1964-cü ildə Britaniya vətəndaşlığı alıb.

Ana səhifəMədəniyyətSalman Rüşdinin vəziyyətinin normallaşdığı bildirilir