Rüstəm İsmayılbəyli azadlığa buraxıldı

Rüstəm İsmayılbəyli, Foto: Meydan TV

Məhkəmə onun barəsindəki həbs qərarını ləğv edib

Dekabrın 1-də həbs olunmuş ictimai fəal Rüstəm İsmayılbəylinin apelyasiya şikayəti təmin olunub. O, hazırda həbsdə aclıq edən Saleh Rüstəmova azadlıq tələbilə dekabrın 1-də keçirilmiş aksiyadan sonra həmin ərazidə həbs edilmişdi.

Bakı Dövlət Universitetinin tələbəsi olan Rüstəm İsmayılbəyli aksiya zamanı dərsdə olduğunun desə də,məhkəmə onun barəsində 30 günlük həbs qərarı çıxarmışdı.

Dekabrın 15-də isə Bakı Apelyasiya Məhkəməsi onun haqqında olan inzibati həbs qərarını ləğv edib.

Bakı Apelyasiya Məhkəməsi Rüstəm İsmayılbəyli haqqında şikayətə ikinci dəfə baxıb. Onun 30 günlük həbsi barədə Səbail Rayon Məhkəməsinin qərarından birinci dəfə vəkilinin apelyasiya şikayətinə dekabrın 10-da baxılmışdı. Həmin vaxt məhkəmə onun həbs müddətini cəmi 50 dəqiqə azaltmışdı.

Dekabrın 15-də gənc fəalın özünün şikayətinə baxan apelyasiya məhkəməsi bu dəfə fərqli qərar çıxarıb – Rüstəm İsmayılbəyli haqqında inzibati xəta işinə xitam verilib.

Rüstəm İsmayılbəyli bundan öncə də təhsil hüququ və başqa problemlərlə bağlı aksiyalarda iştirakına görə bir neçə dəfə inzibati qaydada cəzalandırılıb.

Ana səhifəSiyasətRüstəm İsmayılbəyli azadlığa buraxıldı