Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 84-cü günü: yenilənən xəbərlər

Mariupol. Foto: Reuters

İtaliya və İspaniyanın 51 diplomatı Rusiyadan çıxarılır

Rusiya İtaliyanın Moskvadakı səfirliyinin 24, İspaniyanın isə 27 diplomatını “arzuolunmaz şəxs” elan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yayılan məlumatları “Bəli, belədir” deyə təsdiqləyib.

İspaniya və İtaliya. Foto: Borka Kiss/shutterstock

Rusiya Xarici İşlər Nazirliyi mayın 18-də İspaniyanın Moskvadakı səfiri Markos Qomez Martinezə bu barədə nota təqdim edib.

Aprelin 5-də İspaniyanın xarici işlər naziri Xose Manuel Albares 27 rusiyalı diplomatın krallıqdan çıxarılması barədə qərar vermişdi.

“İspan diplomatlar 7 gün ərzində ölkəni tərk etməlidirlər”, – deyə Rusiya Xarici İşlər Nazirliyi bildirib.


Rusiya Müdafiə Nazirliyi: 959 yaraqlı təslim olub

“Azovstal” zavodunun ərazisində blokadaya alınmış ukraynalı hərbçilər təslim olmaqda davam edir.

Bunu mayın 18-də Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.

İqor Konaşenkov. Foto: http://government.ru

Onun sözlərinə görə, dünən 694 yaraqlı təslim olub ki, onlardan 29-u yaralıdır.

Nazirliyin rəsmisi mayın 16-dan indiyədək 959 yaraqlı təslim olub:

“O cümlədən, 80 yaralı var, onlardan stasionar müalicəyə ehtiyacı olan 51 nəfər Novoazovsk xəstəxanasına yerləşdirilib.


Səfir: Tatarlar mədəniyyətlərinin və kimliklərinin məhvi ilə üzləşirlər

Bu gün Rusiya Krım tatarlarına münasibətdə SSRİ-nin siyasətini təkrarlayır, çünki onlar hələ də öz əcdadlarının vətənində dinc yaşaya bilmirlər.

Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons “Twitter” səhifəsində belə yazıb.

Melinda Simmons. Mənbə: “ukrinform.ru”

Diplomat xatırladıb ki, 78 il əvvəl sovet hakimiyyəti Krımın tatar əhalisini öz vətənlərindən zorla deportasiya edib.

“Biz Sovet İttifaqının hərəkətləri nəticəsində həlak olan və əziyyət çəkən minlərlə günahsız insanı xatırlayırıq. Bu gün tarix təkrarlanır, çünki Krım tatarları hələ də öz əcdadlarının vətənində dinc yaşaya bilmirlər. Onlar daimi repressiyalar, deportasiyalar və mədəniyyətlərinin və kimliklərinin məhvi ilə üzləşirlər”, – deyə Simmons qeyd edib.


Rusiya Fransanın diplomatlarını “arzuolunmaz şəxs” elan etdi

Rusiya Fransanın 34 diplomatını “arzuolunmaz şəxs” elan edib. Onlar iki həftə ərzində ölkəni tərk etməlidirlər.

Rusiya Xarici İşlər Nazirliyi. Foto: MikroKon/shutterstock

Bu barədə mayın 18-da Rusiyanın Xarici İşlər Nazirliyi Fransanın səfiri Pyer Leviyə nota təqdim edib.

Səbəb kimi Rəsmi Parisin Rusiya diplomatik qurumlarının 41 əməkdaşının “arzuolunmaz şəxs” elan etməsi göstərilib.


Zelenski: “Nifrət yox olacaq və diktatorlar öləcək”

Ukrayna Prezidenti Volodimir Zelenski Kann Film Festivalında video-müraciətlə çıxış edib.

“Bizim müharibə qarşısında kinonun susmayacağını göstərən yeni Çaplinə ehtiyacımız var. Ümidsiz olmayın, nifrət sonda yox olacaq və diktatorlar öləcək”, – Prezident çıxışında deyib.

Mayın 18-də Fransada 75-ci Kann Film Festivalı başlayıb.

Açılışdan öncə festival rəhbərliyi Rusiyanın rəsmi nümayəndə heyətinə və jurnalistlərinə festivalda yer olmadığını elan ediblər.

Kann Kino Festivalı. Foto: LongJon/shutterstock

Festivalın təşkilatçıları martın 2-də Rusiyadan olan nümayəndə heyətinin tədbirə buraxılmayacağını bəyan edib.(https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/rusiya-numayende-heyeti-kann-festivalina-buraxilmayacaq/)

Festivalda yalnız hazırda Berlində yaşayan, müxalif fikirli rusiyalı rejissor Kirill Serebrennikovun “Çaykovskinin arvadı” filmi nümayiş olunacaq.

Film mayın 18-də təqdim ediləcək.

Tədbirin əsas müsabiqəsində 21 film iştirak edir.

Kann Film Festivalı mayın 28-dək davam edəcək.


Latviya Rusiya ilə mədəni əməkdaşlığı dayandırır

Latviya hökuməti Rusiya ilə 2002-ci ildə imzalanmış mədəni əməkdaşlıq müqaviləsini ləğv edir.
Qərarın Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlarla əlaqədar olduğu bildirilir.

Latviya-Rusiya. Foto: danielo/shutterstock

Nazirlər Kabineti 2002-ci ildə imzalanmış müqaviləyə birtərəfli xitam vermək üçün hazırlanmış qaydaları təsdiqləyib.

Latviya Mədəniyyət Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lita Kokale bildirib ki, Rusiya etiraz edərsə, müqavilə qarşı tərəfin razılığı olmadan ləğv ediləcək.


Avstraliyadan Rusiyaya sanksiya

Avstraliya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Bu barədə Avstraliya xarici işlər və ticarət nazirlikləri məlumat yayıb.

Siyahıya daha çox jurnalistlərin daxil edildiyi qeyd olunub:

Rusiya-Avstraliya. Foto: FreshStock/shutterstock

“Rossiya seqodnya”nın baş direktoru Dmitri Kiselyov, RT-nin baş direktoru Aleksey Nikolov, jurnalist və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Sergey Brilev, Yevgeni Poddubnı, Aleksandr Kot və Dmitri Steşin, eləcə də Böyük Vətən Müharibəsi Mərkəzi Muzeyinin direktoru Aleksandr Şkolnik.

Eyni zamanda, sanksiya siyahısına Federal Təhlükəsizlik Xidmətinin direktorunun birinci müavini Sergey Korolev, Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyayan və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini də daxildir.


Anna Malyar: “”Azov” döyüşçüləri ölkəyə qayıdacaqlar”

Ukraynada qəhrəman, Rusiyada “nasist cinayətkar” adlandırılan “Azovstal” zavodundan çıxarılan hərbçilərin aqibətinin necə olacağı hələ bəlli deyil.

Moskva hərbçilərin heç bir şərt olmadan təslim olduqlarını iddia edir, Kiyevdə isə onları xilas etmək əməliyyatı “evakuasiya” adlandırılır.

Bu barədə “euronews” məlumat yayıb.

“Azovstal”dan yaralıların təxliyəsi. Foto: Reuters

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, əsirlərin mübadiləsi nəticəsində “Azov” döyüşçüləri ölkəyə qayıdacaqlar.

Rusiya rəsmiləri isə yaralılara tibbi yardım göstərildikdən sonra onların mühakimə olunacağını vurğulayıblar: “Bu, Rusiyada daxili təbliğat kimi düşünülmüş siyasi bəyanatdır. Öz tərəfimizdən deyə bilərik ki, danışıqlar prosesi və xilasetmə əməliyyatı davam edir”.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də “Azov” döyüşçülərini cinayətkar adlandırıb: “Nasist cinayətkarları dəyişdirilməməlidir. Bunlar müharibə cinayətkarlarıdır və Rusiya onların ədalət qarşısında cavab verməsi üçün hər şeyi etməlidir”.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 84-cü günü: yenilənən xəbərlər