“Rusiyada fəaliyyət göstərən əcnəbi sənət adamlarına təzyiqlər var”

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova. Foto: Alexey Smyshlyaev/shutterstock

Rusiya mədəniyyət naziri: “Xaricdən təzyiqlər edilsə də, onlar bizimlə işləmək istəyirlər”

“Rusiyada mədəniyyət sahəsində fəaliyyət göstərən xarici mütəxəssislərə təzyiqlər edirlər ki, bizimlə əməkdaşlıqdan imtina etsinlər. Amma böyük təzyiqlərə baxmayaraq, onlar bizimlə işləməkdə maraqlıdırlar”.

Bunu Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova deyib.

O, həmçinin qeyd edib ki, xaricdə rus mədəniyyətinin ləğvi qeyri-mümkündür:

“Rus mədəniyyəti göz bəbəyi kimi qorunacaq. Ümid edirəm ki, sonra dünya incəsənət və mədəniyyət xadimlərinin səhnədə və ya muzeylərdə işləməsi istiqamətində yaxşıya doğru düzələcək”.

Rusiyanın hərbi qüvvələri fevralın 24-də Ukrayna ərazisinə daxil olandan sonra əksər dövlətlər ona sanksiya tətbiq edib.

Sanksiyalar iqtisadiyyat, maliyyə sahəsindən mədəniyyətə keçib.

Opera müğənnisi Anna Netrebkonun konsertləri Prezident Vladimir Putinə etiraz etmədiyi üçün ləğv olunub.

Dirijor Valeri Gerqiyevdən Rusiyanın hərbi əməliyyatlarını tənqid etməsi tələb olunub. Amma dirijor imtina etdiyi üçün “La Skala” opera teatrının və Münhen Filarmoniyasının Orkestrinin baş dirijoru vəzifəsindən kənarlaşdırılıb.

Nyu-Yorkda pianoçu Denis Matsuyevin konserti ləğv olunub.

“Netflix” Rusiyaya məxsus kinolayihələrin istehsal və nümayişini dayandırıb.

“Kann” kinofestivalının rəhbərliyi bu il Rusiyanın rəsmi nümayəndə heyətinin iştirakını qadağan edib. Bununla belə, ayrı-ayrı rejissorlar festivalda təmsil oluna bilərlər.

Hollivud studiyaları Rusiyada filmlərinin prokatından imtina edib. Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.

Ana səhifəMədəniyyət“Rusiyada fəaliyyət göstərən əcnəbi sənət adamlarına təzyiqlər var”