Rusiya-Ukrayna müharibəsi: yenilənən xəbərlər

00.07.

“Dünya Ukraynaya kömək etmək üçün çox gecikdi”

Bu açıqlamanı Ukrayna Prezidenti Vladimir Zelenski martın 3-də mətbuat konfransında səsləndirib.

“Biz özümüzü müdafiə etmək istəyirik, onlar isə bizi darmadağın etmək istəyir. Təminat verək? Nəyə? Biz Rusiyaya hücum etmirik, etməyə də hazırlaşmırıq. Nəyə təminat verək? Biz NATO-dayıq? Yox! Bizim nüvə silahımız var? Yox! Onda nəyə təminat?”


22.41.

“Dojd” fəaliyyətini müvəqqəti dayandırdı

“Dojd“ telekanalı fəaliyyətini müvəqqəti dayandırıb. Bu barədə telekanalın baş direktoru Nataliya Sindeeva xüsusi efirdə bildirib.

Baş direktor Baş Prokurorluğun martın 1-də telekanalın saytını və “Exo Moskvı” radiostansiyasını blokladığını xatırladaraq əlavə edib ki, bundan əvvəl “Roskomnadzor “Novaya qazeta”, “Mediazona”, “Dojd” və digər KİV-lərdən materiallarının çıxarılmasını tələb edib:

“Səbəb kimi Ukraynada baş verənləri müharibə adlandırmağımızdır”.

Foto: “Dojd”

“Bizə nəfəs almaq və daha da necə işləməyi başa düşmək üçün güc lazımdır. Ümid edirik ki, efirə qayıdıb işimizi davam etdirəcəyik”,-deyə Sindeeva söyləyib.

Bu gün Direktorlar Şurası “Exo Moskvı”nın ləğvi barədə qərar qəbul edib.

“Dojd” telekanalı 2010-cu ilin aprelindən fəaliyyət göstərir.


20.03.

Sərhəd Xidməti: İki minə yaxın ukraynalı geri dönüb

Ukrayna Sərhəd Xidməti son bir gün ərzində ölkəyə 14 minə yaxın ukraynalının qayıtdığını açıqlayıb.

Məlumatda bildirilir ki, dönənlərin əksəriyyəti kişilərdir. Martın 1-də isə dönənlərin sayı təxminən 2 minə yaxın olub.


19.59.

Makron: “Bu müharibə Rusiyaya baha başa gələcək”

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinə səslənib.

Makron Putinə: “Ukraynada etdiklərin böyük səhvdir”, – deyib.

O əlavə edib ki, bu müharibə Rusiyaya hələ uzun illər baha başa gələcək.

Reuters” yazır ki, martın 3-də Putinin təşəbbüsü ilə Emmanuel Makronla telefon danışığı baş tutub.

V.Putin və E.Makron
Source: Foto: Rusiya mediası

Rusiya Prezidenti telefonda Ukraynanın neytrallaşdırılması və tərksilah edilməsini istər diplomatik, istərsə də silahla əldə etmək əzmində olduğunu bəyan edib.

“Prezident Putinin dediklərində bizi arxayınlaşdıra biləcək heç nə yox idi”, – Fransa prezidentinin müşaviri belə deyib.

Onun sözlərinə görə, Makron Putinə deyib ki, “özünü aldadır”: “Bu, ölkənizə baha başa gələcək. Rusiya uzun müddət təcrid olunmuş, zəifləmiş və sanksiyalar altında qalacaq”.


18.18.

Çerniqovda 9 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir

Martın 3-də Ukraynanın Çerniqov vilayətinə Rusiyanın endirdiyi aviazərbələr nəticəsində 2 məktəb və fərdi yaşayış evi dağıdılıb.

Aviazərbələr nəticəsində azı 9 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir.

Çerniqov qubernatoru Vyaçeslav Çaus bildirib ki, hazırda xilasetmə işləri davam edir.

“The Kyiv Independent” isə yazır ki, raket zərbələrinin endiyi ərazi yaxınlığında bir neçə məktəb, uşaq bağçası və xəstəxana olub.


18.13.

“Spotify” Rusiyada ofisini bağlayıb

İsveçin internet audiostriminq xidməti “Spotify” Rusiyadakı ofisini bağlayıb.

Səbəb kimi Ukraynaya hərbi müdaxilə göstərilib.

Xidmət həmçinin Rusiya dövlət mediasının materiallarını axtarmaq imkanlarını da məhdudlaşdırıb.

“Spotify” 2008-ci ildə istifadəyə verilib və 2020-ci ilin yayından Rusiyada fəaliyyət göstərir.

18.03.

“Xarkovun hücuma məruz qalması müharibə cinayətidir”

“Amnesty International” insan hüquqları təşkilatı fevralın 28-də Xarkov şəhərində uşaqlar da daxil olmaqla ən azı 9 mülki şəxsin ölümü ilə nəticələnən üç hücumu sənədləşdirib.

Təşkilat Minskdə Ukrayna ilə Rusiya arasında danışıqların keçirildiyi vaxt Ukraynanın ikinci ən böyük şəhərinə edilən hücumları “mümkün müharibə cinayətləri” kimi qiymətləndirib.


17.22.

“Azərbaycan-Ural” diaspora cəmiyyəti Donetsk və Luqanski üçün yardım toplayır?

Rusiyanın Sverdlovsk vilayətində fəaliyyət göstərən «Azərbaycan-Ural» diaspora cəmiyyəti Rusiyanın nəzarətindəki Donetsk və Luqansk “respublika”ları üçün yardım kampaniyasına başlayıb.
Kampaniya çərçivəsində geyim, ərzaq, məişət texnikası, gigiyenik vasitələr, yataq dəstləri toplanır.

Meydan TV-nin əldə etdiyi məlumata görə, xeyli insan Rusiya banklarına etibar etmədiklərindən cəmiyyətə nəğd vəsait ianə edir.


17.15.

Rusiyalı milyarder: “Danışıqları təxirə salmaq dəlilikdir!”

Rusiyalı milyarder, Nikolayevski Alüminium Emalı Zavodunun direktoru Oleq Deripaska sülhün vacibliyindən danışıb.

İş adamı sülhlə bağlı müzakirələrə münasbətini belə ifadə edib: “Danışıqları təxirə salmaq dəlilikdir!”.

Zavod direktoru deyib ki, indiki vəziyyət 1998-ci ilin böhranından üç dəfə ağırdı: “Biz hələ belə çətinliklərlə üzləşməmişik. Dəmir pərdə artıq enib. Bu pərdəni yenidən açmaq lazım olacaq. Birinci addım sülhdür. İkinci addım harada və necə yaşadığımızı, hansı şəraitdə, kimin nəyi əmr etdiyini, hansı riskləri daşıdığını vicdanla müzakirə etməkdir”.

Oleq Deripaska. Foto: ria.ru

İş adamı əhalinin də durumunun ağır olduğunu vurğulayıb: “Mən ən ciddi maliyyə təzyiqinin əleyhinəyəm, əhalinin heç bir günahı yoxdur”.

Onun sözlərinə görə, sanksiyalar nəticəsində Rusiyanın dövlət banklarının başına gələnlər üç həftədən sonra bəlli olacaq.

“Forbes” jurnalının məlumatına görə, Oleq Deripaskanın sərvəti 2010-cu ildən 2019-cu ilin sonuna kimi 10,7 milyarddan 4 milyard dollara qədər azalıb.


15.11.

Rusiyalı milyarderin 600 milyonluq yaxtası müsadirə olunub

Rusiyalı milyarder Əlişir Usmanov martın 1-də Avropa İttifaqının sanksiyasına məruz qalıb.

Əlişir Osmanov. Mənbə: https://www.cnbc.com/

Martın 3-də “Forbes” yaxta sənayesindəki üç ayrı mənbədən öyrənib ki, onun təxminən 600 milyon dollar dəyərində olan “Dilbar” adlı yaxtası var.

Həmin yaxta Hamburq şəhərində alman səlahiyyətliləri tərəfindən müsadirə edilib.


15.09.

Rusiya-Ukrayna müharibəsi Türkiyə iqtisadiyyatına da zərbə vuracaq”

Türkiyənin illik inflyasiyası fevralda gözlənəndən çox – 54,44 faizə yüksəlib.

Türkiyə Statistika Qurumu “Reuters”in sorğusuna cavab olaraq bildirib ki, bu, illik 53 faiz proqnozu ilə müqayisədə çoxdur.

Rövşən Ağayev
Source: Foto: Meydan TV

İqtisadçı Rövşən Ağayev bildirir ki, xüsusilə Azərbaycanın idxalının təxminən üçdə biri, qeyri-neft ixracının isə tam yarısı bu 2 ölkənin payına düşür:

“Rusiyanın sanksiya altına düşməsi Türkiyəyə zərbədir”.


13.43.

“Exo Moskvı” bağlandı

“Exo Moskvı” radiostansiyanın fəaliyyəti dayandırılıb.

Bu barədə Direktorlar Şurası martın 3-də səs çoxluğu ilə radiokanalın və “Exo Moskvı”nın saytının ləğvi barədə qərar qəbul edib.

Aleksey Venediktov. Foto: RBC

Radiostansiyanın baş redaktoru Aleksey Venediktov “Novaya gazeta” saytına deyib ki, Roskomnadzor “Google”dan “Exo Moskvı” proqramını silməyi tələb edib.

Martın 1-də Rusiyanın Baş Prokurorluğu “Exo Moskvı”nı efirə çıxmasını qadağan edib.


13.05.

Spikerdən mədəniyyət xadimlərinə: “Vəzifələrinizi tərk edin”

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı dəstəkləməyən mədəniyyət xadimlərinə öz postlarını tərk etməyi təklif edib.

Siyasətçi “Rossiya-24” telekanalına müsahibəsində deyib ki, dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyən sənətçilər tutduqları vəzifələrdən və qrantlardan imtina etməlidirlər.

Foto: Azərtac


“İkili mövqe tutmaq olmaz. Sizdən istifadə edəcəklər. Ölkənizin olmaması üçün hər şeyi edəcəklər, sonra belə işbirlikçi mövqe tutanlara, xalqına, dövlətinə xəyanət edənlərə yenə də xor baxacaqlar”, – spiker belə deyib.


BMT Ukraynada qaçqınların sayının 1 milyona çatdığını bəyan edib

Ekspertlərin qiymətləndirmələrinə görə, Rusiyanın Ukrayna ilə müharibəsi 12 milyon insanı evsiz-eşiksiz qoya bilər

BMT-nin Qaçqınların İşi üzrə Agentliyinin məlumatına görə, martın 3-dək Ukraynanı milyona yaxın adam tərk edib. Üç gün əvvəl BMT-də yarım milyon insan haqqında danışırdılar, beləliklə, bazar günündən etibarən Ukrayadan qaçan insanların sayı iki dəfə artıb.

Qaçqınlar Polşa, Rumıniya və Moldovoya gedirlər. Bundan başqa, BMT Polşanın yüz min insan qəbul etdiyini xəbər verir.

BMT-nin Agentliyinin ali komissarı Filippo Qrandi həyati vacib yüklərlə dolu humanitar missiyanın zərərçəkənlərə çata bilməsi üçün rus hərbçilərini Ukrayna şəhərlərini atəşə tutmamağa çağırıb.
BBC-nin Rusiya xidmətinin müqayisəsinə görə, 2015-ci ildə Suriya, İraq və Əfqanıstanı 1,3 milyona yaxın adam tərk edib. Ekspertlərin qiymətləndirmələrinə görə, Rusiyanın Ukrayna ilə müharibəsi 12 milyon insanı evsiz-eşiksiz qoya bilər.

BMT-nin toplantısı
Source: BMT

Vladimir Putin fevralın 24-nə keçən gecə Donbasda xüsusi hərbi əməliyyata başlanmasını elan edib. O bəyan edib ki, əməliyyatın məqsədi “səkkiz il ərzində Kiyev rejimi tərəfindən soyqırıma məruz qalan” insanların müdafiəsinə qalxmaqdır.

Bir çox ölkə Rusiyanın Ukraynaya qarşı təcavüzünü şiddətlə qınayır və müharibənin dərhal dayandırılmasını tələb edir. Rusiyaya münasibətdə misli görünməmiş siyasi və iqtisadi sanksiyalar yeridilib.

Ana səhifəSiyasətRusiya-Ukrayna müharibəsi: yenilənən xəbərlər