“Amnesty İnternational” Ukraynda müharibə cinayətlərini sənədləşdirib

Foto: By Casimiro PT/Shutterstock

“Danışıqların keçirildiyi vaxt Xarkovun hücuma məruz qalması müharibə cinayətidir”

“Amnesty İnternational” insan hüquqları təşkilatı fevralın 28-də Xarkov şəhərində uşaqlar da daxil olmaqla ən azı 9 mülki şəxsin ölümü ilə nəticələnən üç hücumu sənədləşdirib.

Təşkilat Minskdə Ukrayna ilə Rusiya arasında danışıqların keçirildiyi vaxt Ukraynanın ikinci ən böyük şəhərinə edilən hücumları “mümkün müharibə cinayətləri” kimi qiymətləndirib.

“Şimali Xarkova yerli vaxtla saat 12.30-da hücum həyata keçirilib. Həmin hücumlardan birində 9N235 kaset sursatları ilə birlikdə Rusiya istehsalı olan 300 mm-lik “Smerç” raketlərindən istifadə edilib. Bu, hücumun Rusiya tərəfindən həyata keçirildiyini göstərir”, – “Amnesty International” bildirib.

Təşkilat əlavə edib ki, hücum nəticəsində bir uşaq ölüb.

Ərazidə içməli su toplayan üç nəfər də daxil olmaqla ən azı dörd mülki şəxs həlak olub.

Bildirilir ki, eyni gün başqa bir hücum da şəhərin mərkəzi Klochkivska küçəsində 300 mm-lik “Smerç” raketi ilə baş verib.

Mərmi zərbəsi alış-verişə çıxan qadının ayağına dəyib və o, tez bir zamanda həyatını itirib.

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.

Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.

O iddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünya“Amnesty İnternational” Ukraynda müharibə cinayətlərini sənədləşdirib