Sərhəd Xidməti: İki minə yaxın ukraynalı geri dönüb

Ukraynanı tərk edənlər. Foto: Janossy Gergely/shutterstock

Qayıdanların əksəriyyəti kişilərdir

Ukrayna Sərhəd Xidməti son bir gün ərzində ölkəyə 14 minə yaxın ukraynalının qayıtdığını açıqlayıb.

Məlumatda bildirilir ki, dönənlərin əksəriyyəti kişilərdir. Martın 1-də isə dönənlərin sayı təxminən 2 minə yaxın olub.

BMT-nin qaçqınlar üzrə agentliyinin martın 3-də açıqladığı məlumata görə, müharibə başlayandan bu yana Ukraynadan qonşu ölkələrə gedənlərin sayının 1 milyona çatığını bildirib.

Məlumatda qeyd edilir ki, dəmiryolu vağzalları, Polşa, Slovakiya, Rumıniya və Macarıstanla sərhəd keçid məntəqələri qadınlar, uşaqlarla doludur.

Ukrayna Sərhəd Xidməti isə deyir ki, ölkənin qərb sərhədindəki bütün keçid məntəqələri 24 saat işləyir və çalışırlar ki, uzun növbələr yaranmasın.

Ukrayna hakimiyyəti 18-60 yaşlı kişilərin ölkədən çıxmasını qadağan edib. Hazırda ordu, ehtiyat qüvvələri və mülki müdafiə qrupları onminlərlə Rusiya əsgəri və desantçısı, bombardman, tank və zirehli texnika ilə mübarizə aparır.

Britaniya kəşfiyyatının açıqladığı məlumata görə, Mariupol şəhəri Rusiya qüvvələrinin mühasirəsindədir. Şəhərin meri Vadim Boyçenko martın 3-də deyib ki, Rusiya qüvvələri evakuasiyaların qarşısını almaq üçün dəmiryolu əlaqələrinə hücum edir, şəhəri “sistematik və metodik” blokadaya alır.

Mer mühasirədə olan şəhərdə elektrikin bərpası üçün atəşkəsin gərəkdiyini vurğulayıb.

Kiyevin meri Vitali Kliçko isə martın 3-də bəyan edib ki, ötən gecəki partlayışların bir qismi Ukrayna havadan müdafiə sistemlərinin Rusiya raketlərini hədəfə alması nəticəsində baş verib. O, bir gün öncə Kiyevin əsas dəmiryolu stansiyası yaxınlığında dağıdılmış istilik xətlərinin martın 3-də təmir ediləcəyini deyib.

Mer paytaxt sakinlərini şəhərdə gərəksiz gəzintidən çəkinməyə çağırıb, gecə vaxtı komendant saatının qüvvədə olduğunu vurğulayıb.

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb. Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünyaSərhəd Xidməti: İki minə yaxın ukraynalı geri dönüb