Rusiya telekanallarında İran filmləri nümayiş olunacaq

Rusiya telekanalları. Foto: Zhenya Voevodina/shutterstock

Məsud Əhmədvənd: “Rus tamaşaçıları təqdim ediləcək film və serialları bəyənəcək”

Rusiya telekanallarında İran istehsalı olan film və serialların nümayişinə başlanılacaq.

İranın Rusiyadakı səfirliyinin mədəniyyət nümayəndəliyinin rəhbəri Məsud Əhmədvəndə deyib ki, rus tamaşaçıları təqdim ediləcək filmləri bəyənəcək.

“Möhtəşəm aktyor oyunu, zəngin geyimlər, yaxşı rejissor işi, maraqlı süjetlər – bütün bunlar mütləq rus tamaşaçısının marağına səbəb olacaq”, – Məsud Əhmədvənd bildirib.

Fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayandan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar siyasət və iqtisadiyyatdan sonra mədəniyyət sahəsinə də keçib.

Bir çox beynəlxalq kino studiyası, teatrlar, film nümayişi platformaları Rusiya mədəniyyətini və sənət adamlarını boykot edib.

Amerika kinostudiyaları Rusiyada filmlərin yayımını ləğv edib.

Aprelin sonlarında Kino Sahibləri Assosiasiyası Rusiya kinoteatrlarının yarısının repertuar çatışmazlığı səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşdiyini bildirib.

Qeyd olunub ki, daxili kino bazarındakı vəziyyət Ukraynadakı hərbi münaqişə ilə əlaqədar acınacaqlı duruma çatıb.

Aprelin ortalarında Rusiyada kinoteatrların 36,4 faizi fəaliyyətini dayandırıb.

Assosiasiya bildirib ki, yaxın iki ayda kritik repertuar çatışmazlığı kino gəlirlərinin 80 faizdən çox azalmasına və kinozalların ən azı 50 faizinin bağlanmasına səbəb olacaq.

Ana səhifəMədəniyyətRusiya telekanallarında İran filmləri nümayiş olunacaq