Ailəm dörd il Rusiyada yaşayıb. Bu illər mənim ibtitai siniflərdə oxuduğum vaxtlara düşdü. Rus dilini orta məktəbdə, rus nağıllarından, bu dilin daşıyıcılarından öyrəndim. Sonra Azərbaycana qayıtdıq. Kəndimizdəki orta məktəbdəki müəllimlərimiz heç öz dillərində öz fənlərini normal keçmirdilər, o ki qaldı rus dilini. Rus dili müəlliməmiz isə dərsdə qız uşaqları ilə kimin anasının neçə kürd toyuq basdırdığından daha çox danışırdı, nəinki rus dilindən.
O vaxt bu dilin gələcəyimdə necə rol oynayacağından heç bir xəbərim, təsəvvürüm yox idi. Amma nədənsə dili unutmadım. Kənd kitabxanasındakı rusca nağıllar, macəra romanları, Rusiyadan keçmiş sinif yoldaşlarımın, qonşularımızın, müəllimlərimin Cəbrayılın Mehdili kəndindəki qıza – mənə yazdıqları məktublar bu dili unutmağa qoymadı. Əksinə, məktublardan, kitablardan öyrəndiyim dil qrammatik və bədiilik baxımından daha effektli oldu. Amma bu dildə danışmağa adam tapmadığım üçün ləhcə həmişəlik dilimdə ilişib qaldı.
Sonra qaçqın düşdük. Altı dəfə dəyişdiyim orta məktəblərin hamısında ingilis dili müəllimi üçün iş yeri olsa, hətta kimsə o maaşa qol çəkib alsa belə, biz o dərsin birində də oturmadıq. Çünki bu fənni tədris etməli olan müəllim olmurdu. Sadəcə kimsə maaşa qol çəkib alırdı, dərs saatları yazılırdı, amma gerçəkdə dərs-zad olmurdu. Ali təhsilə, işləməyə başlayandan sonra isə başım özümü və kasıblıqdan xroniki əziyyət çəkən ailəmi dolandırmaq üçün pul qazanmağa qarışdı, ingilis dilinə heç vaxt imkan tapa bilmədim. Buna görə ingilis dilim indi də ibtidai səviyyədən o yana getmədi.
Jurnalistikanın hələ az qala riyazi dəqiqliklə müxalifət-iqtidar jurnalistikasına ayrılmadığı, kolbasa-çörəkli, smetanlı illərdə mənim kimi özündən başqa böyük bir ailənin də maddi yükünü çəkən biri üçün bu işdən pul qazanmaq mümkün deyildi. Buna görə Azərbaycan dilində olmayan əsərləri rusca tapıb, dilimizə çevirməyə başladım. Ortada həm iş olurdu, ədəbiyyat nümunələri dilimizə tərcümə olunurdu, həm də hər romanın tərcüməsinə görə 2000-3000 dollar zəhməthaqqı alırdım.
Azərbaycanla əlaqələrim üzüləndən sonra rus dilinin sayəsində Cənubi Qafqazda və keçmis Sovetlərə daxil olan ölkələrdən xeyli dostlar tapdım, işgüzar əlaqələr yarada bildim. Həm bütün dünyaya, xüsusilə də postsovet ölkələrinə bu regionda baş verənlər olduqca maraqlıdır. Nədir Cənubi Qafqaz? Konfliktlər, muxtar respublikalar, gender problemi, LGBT-yə təzyiqlər, etnik azlıqlar, dini radikallıq, bütün regionda patriarxallıq… Bir jurnalist üçün mövzu cənnəti. Mövzu tək Azərbaycan deyil, bütün Cənubi Qafqaz olanda, müxtəlif mətbuat orqanları sifarişçiyə çevrilir, maraqlanır, bir mövzudan başqası çıxır, bir əlaqə o biri əlaqəni qurur, bir təşkilat başqasına təqdim edir, beləliklə düşürsən regionun jurnalist çevrəsinə.
Rus dilinin sayəsində keçmiş sovet ölkələrindən dördü ilə əməkdaşlıq edə, regionda baş verənlər, ümumi problemlər barədə yaza bilirəm. Rus dilinin sayəsində Ermənistan və Gürcüstandan olan jurnalistlərdən kömək istəyə bilirəm. Treninqlərə qatılar, seminarlarda iştirak edə bilirəm.
Bütün bunlarla yanaşı, düşünürəm ki, hələ ingilis dilini də bilsəydim, daha nələr edə bilərdim. Təəssüf ki, bu dili ancaq indi-indi bir az sistemli öyrənməyə başlaya bilirəm. Amma bu da var ki rus dilini bilmədən ingilis dilini bilsəydim, bəlkə də bu qədər özümü realizə edə bilməzdim. Çünki hələ ki, Qafqazın və keçmiş sovet ölkələrinin ortaq dili rus dilidir. Hələ ki, dünyaya öz patriarxallığı, mühafizəkarlığı, konfliktlər ocaqları, etnik zənginliyi ilə maraqlı ola bu regiondan mövzu kimi sitifadə etmək üçün rus dili vacibdir. İkincisi, ingilis dilində rəqabət böyükdür. Bu dildə doğma dili kimi yazanlardan ibarət elə böyük bir jurnalist ordusu var ki, orda nəyəsə nail olmaq üçün sən gərək gecəni gündüzə qatasan, rus dilində çəkdiyin zəhmətin on dəfə artığını çəkəsən.
Mən bir jurnalist, yazar olaraq, özümü realizə edə bildiyimə, bu dilin sayəsində maddi problemlərimin olmamasına görə rus dilinə borcluyam. Hər gün bunu yadıma salıb, bu dilə minnətdarlıq edirəm. Rus dilinə münasibətdə millətçilik, əzilmişlik edən insanları başa düşə bilmirəm. Rus dili kimə, niyə mane olur? əgər insanlar rus dilini öyrənib, rus dilində təhsil alıb, öz dillərini unudur, öyrənmir, bu dildə danışmaq istəmirsə, dilin günahı nədir? Pisdirmi Tolstoyu orijinaldan oxuyub, Tarkovskinin filmlərinə orijinalda baxmaq? Novodvorskayanın yazılarını orijinaldan oxumaq, Poznerin verilişlərinə orijinaldan baxmaq, bu dili bildiyinə görə dünyanın az qala altıda birini tutan bir ölkənin ruhundan, mənzərəsindən, trendlərindən xəbərdar olmaq pisdirmi? Kimə bu mane olur axı?
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.