Rita Flores təhdid altında Lukaşenkonu dəstəklədiyini deyir

Foto: Vladimir Wrangel/shutterstock

İfaçı 15 il həbs cəzası ilə hədələnib

“Pussy Riot” rus feminist pank-rok qrupunun üzvü Rita Flores Minskdə polis əməkdaşları tərəfindən saxlanılaraq Prezident Aleksandr Lukaşenkoya dəstək üçün video çəkməyə məcbur edildiyini iddia edib.

İfaçının sözlərinə görə, martın 30-da mülki geyimli şəxslər onu yerləşdiyi otelin yaxınlığında saxlayıblar.

Saxlanıldıqdan sonra telefonunu əlindən alıblar, nömrəsinə baxıblar və onu 15 il həbslə hədələyiblər. Daha sonra onu şöbəyə aparıb və video çəkməyi tələb ediblər.

Flores bildirib ki, onu seçim etmək məcburiyyətində qoyublar: “Dedilər ki, iki seçimin var: ya Ukraynadakı hərbi münaqişəni dəstəkləməlisən, ya da “Lukaşenko superdir, Belarusdakı bütün etirazlar təbliğat və blefdir” deməlisən. Videonu çəkməsəm, mənə fiziki təzyiq edəcəklərini dedilər”.

O, təhdid altında Lukaşenko haqqında video çəkməyə razılaşdığını deyir.

Anonimlik prinsipləri əsasında fəaliyyət göstərən və ictimai yerlərdə çıxışlar edən rus feminist pank-rok qrupu “Pussy Riot” 2011-ci ildən yaradılıb.

Layihə iştirakçıları öz ictimai-siyasi proqramlarını belə formalaşdırırlar: feminizm, hüquq-mühafizə orqanları ilə mübarizə, LGBT icmasının müdafiəsi, anti-Putinizm, Rusiyada hakimiyyətin radikal şəkildə mərkəzsizləşdirilməsi, Ximki meşəsinin xilası və Rusiyanın paytaxtının Şərqi Sibirə köçürülməsi.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Daha sonra Ukraynanın sərhəd xidməti Rusiya hərbçilərinin ərazilərinə Belarusdan artilleriya atəşi açdığını bildirib.

Belarus lideri Aleksandr Lukaşenka isə Rusiyanın Ukraynaya qarşı başladığı hücumda ordusunun iştirak etmədiyini deyib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Ana səhifəMədəniyyətRita Flores təhdid altında Lukaşenkonu dəstəklədiyini deyir