Əliyevin portretləri fonunda əməkdaşlıq: Latviya Azərbaycandan nə öyrənir?

Foto: Latviya Dövlət Sərhəd Xidmətinin facebook səhifəsi

“Novaya qazeta. Baltiya”nın materialı

İlham Əliyev Lukaşenkodan və ya Putindən az fərqlənir: Azərbaycanda azadlıq məhduddur, ölkədə 400-ə yaxın siyasi məhbus var. Buna baxmayaraq, Latviya ilə Bakı dövlət səviyyəsində əməkdaşlıq proqramlarını — xüsusilə səhiyyə və sərhəd mühafizəsi sahələrində — inkişaf etdirir. Latviya sərhəd xidmətinin rəhbəri Heydər Əliyevin portretləri və heykəlləri fonunda şəkil çəkdirərkən, Azərbaycan vətəndaş cəmiyyəti bunu şokla qarşılayır və sual verir: qeyri-azad ölkənin institutlarından latviyalı qurumlar nə öyrənə bilər?

Belarus kimi, Rusiyadan bir qədər də geridə

“Freedom House” təşkilatı Azərbaycandakı azadlıq səviyyəsini 100 mümkün baldan cəmi 7 bal ilə qiymətləndirir. Belə nəticə ölkəni “azad olmayan” kateqoriyasına daxil edir. İlham Əliyev 2003-cü ildən bəri Azərbaycanın prezidentidir.

“Son illərdə hakimiyyət vətəndaş azadlıqlarına qarşı repressiyaları gücləndirib, siyasi məhbusların sayını artırıb və müstəqil ifadə və fəallıq üçün imkanları minimuma endirib”, – “Freedom House” analitikləri bildirir.

Maraqlı məqam: eyni kateqoriyada olan Rusiya belə Azərbaycanı qabaqlayaraq 100 baldan 12 bal toplayıb, Belarus isə Azərbaycanla eyni — 7 bal alıb.

“Siyasi məhbusların azadlığı uğrunda” Birliyin siyahısında 357 nəfərin adı var. Azərbaycanda siyasi səbəblərlə həbsdə olunanlar arasında jurnalistlər və müxalifət nümayəndələri var.

“Sərhədsiz reportyorlar” təşkilatı İlham Əliyevi “mətbuat azadlığının əsas yırtıcılarından biri” adlandırır. Bu siyahıda o, Vladimir Putin, Aleksandr Lukaşenko və İranın mərhum ali dini lideri Əli Xamenei ilə yanaşı yer alır.

Bütün bunlara baxmayaraq, Latviya dövlət qurumları Azərbaycan dövlət institutları ilə əməkdaşlıq edir.

Əliyev portretləri fonunda görüş

2025-ci ilin aprelində Latviya Sərhəd Xidməti sosial şəbəkələrdə qurumun rəhbəri Guntis Pujatsın Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevlə çəkilmiş fotolarını yayımlayıb.

Foto: Latviya Dövlət Sərhəd Xidməti, Facebook

Fotolar Avropa auditoriyasının diqqətini çəkib və müəyyən mənada təəccüb doğurub: görüş iştirakçıları ilə yanaşı, kadrda Heydər Əliyevin iri portreti və sinəsində ordenlər olan heykəli də yer alıb.

Foto: Latviya Dövlət Sərhəd Xidməti, Facebook

Səhiyyə sahəsində əməkdaşlıq

2026-cı ilin dekabrında Latviyanın səhiyyə naziri Hosam Abu Meri azərbaycanlı həmkarı Teymur Musayev ilə əməkdaşlıq sazişi imzalayıb.

Tərəflər mütəxəssis mübadiləsi, tibbi texnologiyaların tətbiqi və elektron həllərin inkişafı sahəsində birgə fəaliyyət planlaşdırır.

Bu fonda Latviyada qəbul edilmiş qanun yada düşür: həmin qanuna əsasən, Rusiyadan və Belarusdan olan şəxslərin kritik infrastruktur obyektlərində çalışması qadağan edilib. Nəticədə “Daugavpils” xəstəxanasında çalışan təxminən 50 nəfər işdən çıxarılıb — milli təhlükəsizlik səbəbi ilə.

Bu, Latviya ilə Azərbaycan arasında əməkdaşlığın yeganə nümunələri deyil: məsələn, yaxın vaxtlarda Azərbaycan və Latviya arasında parlamentlərarası münasibətlər üzrə işçi qrupunun görüşü keçirilib. Qrupla Latviya Seyminin sədri Dayqa Mierinya görüşüb.

“Sadəcə biabırçılıqdır”

Latviya sərhəd xidmətinin rəhbərinin Heydər Əliyevin portretləri fonunda çəkdirdiyi foto azərbaycanlı fəallar, hüquq müdafiəçiləri və müstəqil jurnalistlər arasında narazılıq doğurub.

Turan TV-nin rəhbəri, jurnalist Qənimət Zahid deyir:

“Latviya sərhəd xidmətinin rəhbərinin DTK generalı Heydər Əliyevin portretləri fonunda şəkil çəkdirməsi sadəcə biabırçılıqdır”.

Onun sözlərinə görə, problem yalnız fonla bağlı deyil, həm də görüşün iştirakçıları ilə bağlıdır:

Qənimət Zahid Foto: Xəyal Əzizov

“Elçin Quliyev Azərbaycanın repressiv sisteminin bir hissəsidir”.

Zahid bildirir ki, Azərbaycan Dövlət Sərhəd Xidməti dəfələrlə jurnalist və siyasətçilərin əsassız həbslərində iştirak edib:

“Latviyanı AŞPA-da təmsil edən deputatlar bunu yaxşı bilirlər və siyasi məhbuslarla bağlı qətnamələrdə Azərbaycanda siyasi məhbusların olduğunu etiraf ediblər. Bəs bu nədir?

Latviya sərhəd xidmətinin rəhbəri repressiv dövlətin nümayəndəsi ilə görüşür və deyir ki, təcrübə mübadiləsi aparacağıq. Nə öyrənirlər? Jurnalistləri şərləməyi və həbs etməyi?”.

Qənimət Zahid 2011-ci ildən siyasi mühacirətdə yaşayır.

AXCP-nin mətbuat katibi Natiq Adilov da eyni sualı verir:

Natiq Ədilov foto şəxsi arxiv

“Latviyalı sərhədçilər azərbaycanlılardan nə öyrənə bilər?”

O ironiya ilə əlavə edir:

“Bəlkə siyasətçiləri həbs etməyi öyrənirlər?”

Adilov 2017-ci ildə müxalif siyasətçi Gözəl Bayramlının sərhəddə həbsini xatırladır. Ona qarşı 12 min dolları bəyan etməmək ittihamı irəli sürülmüşdü. Bayramlı isə məhkəmədə bildirib ki, pul ona atılıb.

O, 3 il həbsdə qalıb, səhhəti pisləşib və 2020-ci ildə vəfat edib.


“Ən qısa cavab — puldur”

Azərbaycanın keçmiş diplomatı Arif Məmmədov deyir ki, Qərbin Azərbaycan hakimiyyətinə münasibətinin səbəbi sadədir:

“Ən qısa cavab — puldur. Çox pul”.

Onun sözlərinə görə, ölkədə əsas bizneslər hakim ailənin və ona yaxın şəxslərin əlindədir və bu vəsaitlər xaricdə lobbiçilik üçün istifadə olunur.

Məmmədov şəxsi təcrübəsini bölüşür:

“Avropa ölkələrində tədbirlər sadə keçirilirdi. Məsələn, Lüksemburqda naharda sadəcə sendviç və plastik qabda içkilər verilirdi.

Bakıda isə eyni səviyyəli tədbirlər dəbdəbəli restoranlarda keçirilirdi — qara kürü, nərə balığı, spirtli içkilər. Axşamlar isə daha dəbdəbəli proqramlar təşkil olunurdu, qonaqlara bahalı hədiyyələr verilirdi. Belə şəraitdə bir çoxları əməkdaşlığa daha meyilli olurdu”.

Ana səhifəSiyasətƏliyevin portretləri fonunda əməkdaşlıq: Latviya Azərbaycandan nə öyrənir?