Rəşad Ramazanovun işgəncəyə məruz qaldığı bildirilir

Rəşad Ramazanovun şəxsi arxivindən

Vəkil: “Hər iki ayağında və başında ağır işgəncə izləri var”

Mayın 20-də həbs olunan bloger Rəşad Ramazanovun işgəncəyə məruz qaldığı deyilir.

Bu barədə onun vəkili Elçin Sadıqov “Facebook” səhifəsində məlumat yayıb.

Elçin Sadıqov bildirib ki, Rəşad Ramazanovun hər iki ayağında və başında ağır işgəncə izləri var: “Ayaqlarındakı yaralar açıq (qanaxması olan) və qapalı (göymütül qançır) izlərdir”.
O, işgəncə halları ilə bağlı prokurorluğa müraciət edəcəyini deyib.

Vəkil Rəşad Ramazanovun həbsindən verdiyi apelyasiya şikayətinin təmin olunmadığını da əlavə edib.

Bloger Rəşad Ramazanova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.

Bu barədə Meydan TV-yə həyat yoldaşı Könül Ramazanova məlumat verib.

Bildirib ki, Rəşad Ramazanov haqqında həbs qərarı verilib.

O, mayın 21-də məhkəmənin qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə deyilənləri əsassız sayır:

“Həmin iddialarla bağlı səsləndirilən fikirlər gözləniləndir. Onun polis orqanında təzyiqə məruz qalması ilə bağlı aidiyyət üzrə müraciət etmək hüququ var”.

Rəşad Ramazanov 2013-cü ilin may ayında da həbs olunmuşdu.

O, narkotik ittihamıyla 9 il azadlıqdan məhrum edilmişdi.

Rəşad Ramazanov o zaman da ittihamı qəbul etmir, sosial şəbəkələrdə hökuməti, o cümlədən prezidenti tənqid edən paylaşımlarına görə cəzalandırıldığını bildirirdi.

O, 2019-cu ilin martın 16-da əfv sərəncamı ilə azadlığa buraxılandan sonra Gürcüstana köçüb, orada yaşamağa başlamışdı.

Lakin ölkədən kənarda olduğu dövrdə də “Facebook” hesabından Azərbaycan hökumətinin, prezidentin ünvanına sərt fikirlər səsləndirməkdə davam edirdi.

O, bir müddət öncə Azərbaycana qayıtmışdı.

Ana səhifəSiyasətRəşad Ramazanovun işgəncəyə məruz qaldığı bildirilir