Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin ölkədən çıxışına qadağa qoyulub.
Siyasətçi Meydan TV-yə bildirib ki, bundan sentyabrın 12-də Heydər Əliyev Beynəlxalq Aeroportunda xəbər tutub.
Onun sözlərinə görə, 2016-cı ildə aldığı “Azad Media” (“Free Media Awards”) mükafatını təsis edən Fritt Ord və ZEIT-Stiftung fondları onu 17-19 sentyabrda Vilnüsdə keçiriləcək məzunlar toplantısına dəvət ediblər. Səfərdən əvvəl isə bir neçə gün Gürcüstanda yaşayan qohumlarının yanına getməyi planlaşdırıb.
“Hava limanında prosedurları keçdim, Dövlət Sərhəd Xidmətinin nəzarət buraxılış məntəqəsində mənə bildirdilər ki, Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ölkədən çıxışıma məhdudiyyət qoyulub. Səbəbi isə aydın deyil”.
Seymur Həzi ona qoyulan məhdudiyyətin siyasi fəaliyyəti ilə bağlı olduğunu düşünür. Onun fikrincə, bu qərar ölkədəki ümumi ictimai-siyasi vəziyyətin, eləcə də media və siyasi partiyalara münasibətdə yürüdülən siyasətin bir hissəsidir.
Siyasətçi sonuncu dəfə ölkədən 2023-cü ilin dekabrında çıxdığını bildirib.
DİN-dən məsələyə şərh almaq mümkün olmayıb.
Son dövrlərdə Azərbaycanda bir sıra müxalif siyasətçilər və vətəndaş cəmiyyəti nümayəndələri ölkədən çıxışlarına məhdudiyyət qoyulduğunu bildiriblər. Onlar bu məhdudiyyətlərin siyasi motivli olduğunu desələr də, Azərbaycan rəsmiləri bu iddiaları qəbul etmirlər.