Rauf Mirqədirov: Azərbaycanla Ermənistan dil tapmırlarsa, beynəlxalq təşkilatların gücündən istifadə olunmalıdır

Axı sülhün çərçivəsi də xalqları hazırlamağın amillərindən biridir.

Source:


“Sülhün çərçivəsi də xalqları buna hazırlamağın amillərindən biridir”

ATƏT Daimi Şurasının noyabrın 7-də keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin son vəziyyəti haqqında bəyanatlar səslənib.

ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor “münaqişənin hərbi yolla həlli ola bilməz və “status-kvo” qəbuledilməzdir” bəyanatı ilə çıxış edib. Səfir həmsədrlərin bir il əvvəl Daimi Şurada iştirakından sonra xeyli dəyişikliyin olduğunu da vurğulayıb və son aylar təmas xəttində baş verən itkilərdən narahatlığını ifadə edib:

“Bu itkilər davam edən münaqişənin insan həyatına başa gəldiyini göstərir, gərginliyi artırır, tərəflər arasında inamsızlığı, düşmənçiliyi dərinləşdirir və davamlı həll yolu üçün perspektivləri azaldır. Ancaq Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri arasında konstruktiv və yüksək səviyyəli təmaslar bizi ruhlandırır. Bu əlaqə səviyyəsi birbaşa və müsbət divident yaratmalıdır və yarada bilər”.

Diplomat tərəfləri, əhalini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün bu il ərzində müzakirə olunmuş konkret humanitar və təhlükəsizlik tədbirləri barədə razılığa gəlməyə çağırıb. Ceyms Gilmor iyunun 28-də məhkumların eyni vaxtda sərbəst buraxılmasını alqışlasa da, hələlik bu məsələlərdə razılaşmanı kifayət hesab etməyib:

695dc51508650db.jpg
Ceyms Gilmor

“Biz tərəfləri bu razılaşmaları konkret hərəkətlərə çevirməyə çağırırıq. Tərəflərin öz xalqlarını barışa hazırlamasının, qarşılıqlı ittiham və günahlandırmadan çəkinməsinin vaxtı çatıb”.

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, tərəflər səfirlərin, o cümlədən həmsədrlərin bu cür bəyanatlarına xüsusi fikir verməməlidirlər. Çünki bu bəyanatlar vaxtaşırı tədbirlərdə səslənir və həmsədr dövlətlər mövqelərini belə ifadə edir.

Rauf Mirqədirov Ceyms Gilmorun “münaqişənin hərbi yolla həlli ola bilməz və “status-kvo” qəbuledilməzdir” açıqlamasında təzad görmür:

“Mən bu iki tezisin bir-birinə ziddiyyət təşkil etdiyini düşünmürəm. Sadəcə, diplomat səmimi deyil. Əgər münaqişənin hərbi yolu yoxdursa, belə də bir neçə yol qalır. Bunun birincisi odur ki, tərəflər dil tapmalıdır. İkincisi, əgər 25 ildən çox davam edən danışıqlarda tərəflər dil tapmayıblarsa, beynəlxalq təşkilatların gücündən istifadə olunmalıdır. İlk növbədə BMT Təhlükəsizlik Şurasının səlahiyyətindən istifadə edib, tərəfləri sülhə dəvət etmək lazımdır. Yəni həmsədr dövlətlər hərbi yol olmadan tərəfləri BMT-nin bayrağı altında razılığa gətirə bilər. BMT TŞ-nin üzvü olan həmsədr dövlətlər Rusiya, ABŞ və Fransa razılaşarsa, Böyük Brityaniya və Çini də razı salmaq olardı”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirov səfirin xalqları sülhə hazırlamaq açıqlamasını sualla qarşılayıb:

“Hansı sülhə, bunu açıq desin. Son bir neçə ayda Baş nazir Nikol Paşinyan və prezident İlham Əliyevin bəyanatları oldu – "Daqlıq Qarabağ Ermənistanındır, nöqtə", "Dağlıq Qarabağ Azərbaycanındır, nida". Bax, bu iki dövlət başçısının xalqlarına verdiyi mesajlardır və hər ikisi də daban-dabana ziddir. Hansı çərçivədə xalqları sülhə hazırlamaq olar? Axı sülhün çərçivəsi də xalqları hazırlamağın amillərindən biridir. Bu halda xalqları sülhə hazırlamaq boş şeydir və söz xatirinə deyilmiş fikirdir”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətRauf Mirqədirov: Azərbaycanla Ermənistan dil tapmırlarsa, beynəlxalq təşkilatların gücündən istifadə olunmalıdır