Rasim Musabəyov: “ABŞ “İpək Yolu” layihəsi çərçivəsində Azərbaycana dəstək olmayıb”

“Təəssüf ki, onun maliyyə və siyasi yükünü də ABŞ təkbaşına Azərbaycanın çiyninə qoyub”

Source:


“Təəssüf ki, onun maliyyə və siyasi yükünü də ABŞ təkbaşına Azərbaycanın çiyninə qoyub”

“Yeni İpək Yolu”  əslində yeni  bir strategiya deyil, bu haqda 20 ildir ki, danışılır.  Bunu politoloq, parlamentin deputatı Rasim Musabəyov Turan-a  müsahibəsində ABŞ dövlət katibinin köməkçisi Hoqlandın bu mövzuda çıxışını şərh edərkən deyib.


– Amerika dövlət katibinin  köməkçisi  “Yeni İpək Yolu” layihəsi ilə bağlı Amerika hökumətinin strategiyasını açıqlayıb. Bu strategiya reallığı əks etdirirmi?




Bu, əslində yeni  bir strategiya deyil. Azı bu strategiyanın 15-  20 il ömrü var. Orada tanış olduğum mətndə göstərilir ki, Amerika daha çox  Mərkəzi Asiyada  olan infrastuktura, orada təhlükəsizliklə bağlı məsələlərə diqqəti artırır.


– Layihənin reallaşdırılması üçün ABŞ və Qərb dövlətlərinin siyasi və kommersiya dəstəyi hiss olunurmu?




Azərbaycan hissəsində hiss olunmur. Diqqəti azı ona cəlb edə bilərəm ki, Bakı-Tblisi-Qars  dəmiryolu  inşa olunmağa başlayanda  Azərbaycan kifayət qədər öz maliyyə imkanları olsa da var ABŞ-dan dəstək istəmişdi. Və o dəstək cüzi olsa belə siyasi əhəmiyyət daşıyırdı. Ancaq təəssüf ki, biz o dəstəyi görmədik.


– “Yeni İpək Yolu” layihəsinin reallaşdırılmasında Azərbaycanın rolu nə qədər önəmlidir?




Əslində Azərbaycansız  o layihə yoxdur. Ona görə ki, xətt  Bakıya gəlib çatır. Bildiyiniz  kimi, Azərbaycan Ələtdə yeni böyük bir layihəni  gerçəkləşməyə başlayıb. Onun birinci hissəsi  tamamlanıb. Azərbaycan öz hissəsin demək olar ki, təkbaşına  hazır vəziyyətə gətirir. Və bu təkcə  limana aid deyil, eyni zamanda, Azərbaycan boru xətlərini, dəmir yolunu da çəkməyə hazırdır və bunları həyata keçirir. Azərbaycansız bu layihə qeyri–mümkündür. Ancaq təkrar edirəm, təəssüf ki, onun maliyyə və siyasi yükünü də ABŞ təkbaşına Azərbaycanın çiyninə qoyub.


– Dövlət katibinin  köməkçisi  Rusiyanın bölgə ilə bağlı  təbliğatının  Amerika və Qərbin əleyhinə yönəldiyini bildirir. Fikrinizcə, ABŞ və Qərb ölkələri  Rusiya təbliğatını neytrallaşdırmaq üçün nə etməlidir?




Təbii ki, ikitərəfli dialoqlar aparılmalıdır. Hər halda Azərbaycan düşünür ki, nə qədər bu layihələr  siyasi konteksdən və böyük güclərin rəqabətindən kənarda qoymaq mümkün olsa o qədər faydalıdır. Əslində Mərkəzi Asiya ölkələrinin Avropaya çıxış əldə etməsi  tam zəruridir və tam məntiqlidir. Ancaq o layihələrin ABŞ və Rusiya və ya ABŞ və Çin arasında  mübarizə predmetinə çevrilməsi əlavə risklər yaradır.


– Azərbaycanın Şərqlə indiki əlaqələri bu layihənin reallaşdırılması prespektivləri baxımından Qərb və Mərkəzi Asiya ilə  mövqelərini möhkəmləndirə bilərmi?




Böyük mənada möhkəmləndirə bilər. Ancaq Azərbaycan daha çox öz strategiyasını formalaşdıranda ikitərəfli əlaqələrə üstünlük verir. Yəni Azərbaycan çalışır ki, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan,Türkiyə ilə layihələrini  ikitərəfli münasibətlərini möhkəmləndirməklə gerçəkləşdirsin.


– Dövlət katibinin köməkçisi Azərbaycan, Gürcüstan və  Türkiyəni gömrük standartlarını  uyğunlaşdırmağa çağırıb. Bu baxımdan parlament nə etməlidir?




Bildiyiniz kimi,  TRACEKA layihəsi var. O  layihənin qərargahı Bakıda yerləşir. Bu layihə çərçivəsində bu məsələləri uyğunlaşdırmağa,  tarif dərəcələrini  aşağı salmağa çalışırıq. Yəni, bunlar ikitərəfli  əlaqələr üçün vacibdir. Ancaq biz bunu beynəlxalq bir xətt kimi görmək istəyiriksə təbii ki, burada çoxtərəfli razılaşma əldə olunmaldır.

Ana səhifəXəbərlərRasim Musabəyov: “ABŞ “İpək Yolu” layihəsi çərçivəsində Azərbaycana dəstək olmayıb”